Həftənin TƏYİNATI - Həftə-reytinq

10:47 20.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə, Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”. Bu barədə Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə paylaşım edib. Səfir iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək üçün çalışacağını bildirib: “Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Həftənin İCRA BAŞÇISI

Prezident İlham Əliyev Natiq Nuşravan oğlu Ağayevi Göyçay rayonuna yeni icra başçısı təyin edib. N.Ağayev bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub. O, polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

 

Həftənin ƏN YAXŞISI

“Barselona”nın qadınlardan ibarət komandasının və İspaniya millisinin kapitanı Aleksiya Putellas “France Football” tərəfindən yenidən ilin ən yaxşı oyunçusu seçilib. Keçən mövsüm Kataloniya nəhənginin yarımmüdafiəçisi klubuna İspaniya çempionatındakı bütün matçlarda 15 məhsuldar ötürmə ilə 18 qol vuraraq qalib gəlməyə kömək edib, həmçinin Kataloniya forması ilə Qadınlar arasında Çempionlar Liqasının qalibi olub.

 

Həftənin İDMANÇISI

İranda qadın idmançı Seul Olimpiadasında hicabsız iştirak edib. Olimpiadanın seçmə mərhələsində İranı təmsil edən Elnaz Rekabi ölkəsinin qadın idmançılar üçün qoyduğu məhdudiyyətlərə məhəl qoymayıb. Belə ki, o, yarışın final təsnifat mərhələsində hicabsız iştirak edib. Rekabi hicab taxmamaqla İranda əxlaq polis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra vəfat edən Məhsa Əmininin ölümünə etirazını göstərib. Elnazın Seuldakı çıxışı İran telekanallarında nümayiş olunmayıb.

 

Həftənin SATQINI

Ermənistanın Milli Təhlükəsizlik Xidməti müqavilə əsasında xidmət edən hərbi qulluqçuların birini dövlətə xəyanətdə ittiham edib. “O, 6 ay ərzində vatsap üzərindən öz hərbi hissəsinin yerləşmə yeri, döyüş mövqeləri, hərbi hissənin balansında olan avtomobil texnikası barədə dövlət sirrini qarşı tərəfə ötürüb. Hərbçi bunun müqabilində 370 dollar əldə edib”, - deyə məlumatda qeyd olunub.

 

Həftənin ÜZRÜ

Böyük Britaniyanın Baş naziri Liz Trass bir neçə deputatın çağırışlarına baxmayaraq, istefa vermək niyyətində olmadığını bildirib. “Növbəti seçkilərdə Mühafizəkarlar Partiyasına rəhbərlik edəcəyəm. Ölkəyə xidmət etmək üçün bu vəzifəyə seçilməyim çox vacibdir. Mən həqiqətən də məsuliyyəti öz üzərimə götürmək istəyirəm və yol verilən səhvlərə görə üzr istəyirəm”, - deyə Trass qeyd edib.

Oxunma sayı 10870