Həftənin VİDASI - Həftə-reytinq

10:12 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İrandakı Azərbaycan Səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilib. Yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub. Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mərhum II Şəhidlər xiyabanında dəfn olunub.

 

Həftənin TƏYİNATI

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib. Azərbaycan Respublikası Prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

 

Həftənin XƏSTƏSİ

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili reanimasiyaya yerləşdirilib. Bu barədə məlumatı “Vahid Milli Hərəkat” partiyasının üzvü Georgi Çiladze açıqlayıb. Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti narahatlıq doğurur: “Onun vəziyyəti kritikdir. Həyati vacib göstəriciləri qorumaq üçün onun reanimasiya bölməsində olması vacibdir”,  - deyə Çiladze qeyd edib.

 

Həftənin PAYLAŞIMI

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu ilə bağlı “Traktor” klubu paylaşım edib. Hafta.az xəbər verir ki, paylaşımda terror aktı qınanılıb: “Qardaş acısını qardaş çəkər. Tehrandakı Azərbaycan səfirliyinə olan hücumu qınayırıq. Terrora son!”. Qeyd edək ki, hücum nəticəsində səfirliyimizin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb.

 

Həftənin HƏDƏSİ

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamazdan öncə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun tərəfindən raket hücumu ilə hədələndiyini açıqlayıb. Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinin yerləşdirilməsinə səbəb olacaq. B.Consonun sözlərinə görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib: “O məni hədələyərək və şən bir şəkildə dedi: “Boris, səni incitmək istəmirəm, ancaq bu, bir raketlə bir dəqiqə çəkəcək””.

 

Həftənin YARDIMI

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaitin bir hissəsini Ukraynaya göndərəcək. Bu haqda “The Telegraph” nəşri yazıb. Nəşr bu məbləğin 2,3 milyard funt sterlinq olduğunu açıqlayıb. Abramoviç hələ İngiltərənin sanksiyalar siyahısına daxil edilməmişdən əvvəl “Çelsi”ni satdığını açıqlamışdı. 2022-ci ildə Abramoviç bu vəsaiti “zərərçəkənlərə kömək etmək üçün” Ukraynaya köçürəcəyini vəd etmişdi.

Oxunma sayı 234