Həftənin YUXUSU - Həftə-reytinq

15:13 14.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” - “Lex” matçından sonra təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında gecə gördüyü yuxudan danışıb. O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü bildirib: “Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda, sanki Şuşada idim”.

 

Həftənin İSTEFASI

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyanın paytaxtı Londonda direktoru olduğu şirkətdən istefa verib.  A.Mahmudov “Britannia Group Ip Holdings Limited” adlı şirkətə ötən ilin 13 dekabr tarixində direktor təyin olunub. Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara görə, o, 6 aydan sonra – bu ilin 21 iyun tarixində şirkətin direktoru vəzifəsindən istefa verib.

 

Həftənin İMTİNASI

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı biznesmen İlon Mask Tvitter sosial şəbəkəsini almaqdan imtina edib. Bu barədə “CNBC” telekanalı məlumat yayıb. Məlumata əsasən, İ.Maskın vəkilləri müvafiq bildirişi Tvitterin hüquq şöbəsinin rəhbərinə göndəriblər. Tvitter şirkəti isə öz növbəsində İlon Maskı məhkəməyə verəcək. Bunu şirkətin Direktorlar Şurasının sədri Bret Teylor deyib. Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə Tvitterin İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.

 

Həftənin MƏHKƏMƏSİ

Cənubi azərbaycanlı biznesmen Rza Zərrab keçmiş həyat yoldaşı türkiyəli müğənni Ebru Gündeşi məhkəməyə verib. Rza Zərrab 10 yaşlı qızı Alaranın qəyyumluğunun ona verilməsini istəyir. Məlumata görə, biznesmen sözügedən məsələ ilə bağlı məhkəmə proseslərinin gizli keçirilməsini tələb edib.

 

Həftənin DUETİ

Bir neçə gün əvvəl ARB telekanalında Zaur Kamalla gərgin anlar yaşayan cənubi azərbaycanlı müğənni Afşin Azəri tanınmış aparıcı Zaur Baxşəliyevlə duet oxuyub. “Eşq yəni” adlanan mahnı Afşin Azərinin yutub kanalında paylaşılıb. Sözügedən mahnının 16 saat əvvəl yayımlanmasına baxmayaraq, 158 minə yaxın baxış toplayıb. Qeyd edək ki, “Eşq yəni” dueti Zaurla Afşinin ikinci iş birliyidir.

 

Həftənin QƏLƏBƏSİ

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb. Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib.  Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. “Qarabağ” “Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.

Oxunma sayı 656