Məlum olduğu kimi, hazırda Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar məscid və ziyarətgahlarda dini ayinlərin icrasına icazə verilmir. Sabah isə Məhərrəm ayı başlayır və bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edəcək. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı müraciətdə qeyd edilir ki, aylardır, koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır:
“Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ölkə rəhbərliyinin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir”.
Müraciətdə vurğulanır ki, ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib: “Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar”.
Mövzu ilə bağlı hafta.az-a danışan “Qasımbəy” məscidinin baş axundu Hacı Seyyid Məhəmmədrza Hüseynzadə deyib ki,inanclı insanların məscidlərdə dini ayinləri keçirməyi arzulamaları təbiidir:
“Sabah Məhərrəm ayı başlayır. Hər il bu ayda dini inancı olan insanlar məscidlərə toplaşaraq müxtəlif ayinləri icra edirlər. Amma bu il vəziyyət tamamilə fərqlidir və hazırda pandemiya səbəbindən məscidlər bağlıdır. Bu o deməkdir ki, məscidlərdə dini ayinlərin keçirilməsinə hələlik icazə yoxdur. Təbii ki, bu müvəqqəti çətinlikdir. Lakin görürük ki, sosial şəbəkələrdə bəzi cahil insanlar cəmiyyəti çaşdırmaq üçün müxtəlif videolar yayırlar. Belə insanlara inanmaq olmaz. Koronavirus xəstəliyi mövduddur və bunun insan sağlamlığı üçün ağır fəsadları var. Düzdür, yaxınlarım arasında bu virusa yoluxanlar olana qədər mən də tam inanmırdır. Amma ehtiyatı da əldə vermirdim. İndi vacib məsələ insanların sağlamlığıdır. Hər birimiz dövlətin qoyduğu qayda-qanuna tabe olmalıyıq. İnsallah bu çətin günlər də geridə qalar”.
Baş axund onu da vurğulayıb ki, bu ayda sağlam insanlar tərəfindən qan vermək savab işlərdən sayılır: “İslam dinində xəstəyə kömək etmək, ona əl uzatmaq savab işlərdəndir. Belə savab işlərdən biri də xəstə, qana ehtiyacı olan insanlara qan verməkdir. Biz həm də müharibə şəraitində yaşayır və qan ehtiyatımız nə qədər çox olarsa, o qədər yaxşıdır. Kim sağlamdırsa və imkanı varsa xəstə insanlara qan verməlidir. Kimlər ki, Məhərrəmlik ayında İmam Hüseyn (ə) xatirinə bu addımı atırsa təbii ki, Allah yanında savabı vardır."