Rusiyadakı rəsmi məlumatlar ictimai rəyə ziddir. Rosstat-ın məlumatına görə, 2025-ci ilin birinci yarısında vətəndaşların real gəlirləri illik müqayisədə 7,8 faiz, banklardakı əmanətlər də 20 faiz artıb. Bununla belə, İctimai Rəy Fondunun (“Общественное мнение”) sorğusuna qatılan respondentlərin təxminən 90 faizi əvvəlki illə müqayisədə gəlirlərində artım hiss etmədiyini bildirib. Əksəriyyət hesab edir ki, qiymətlər maaşlardan qat-qat sürətlə artır.
Hafta.az-ın yazdığına görə, iş dünyasından gələn şərhlər də mənzərəni çətinləşdirir. BFM-ə danışan Mr.Doors-un həmtəsisçisi Maksim Valetskiy istehlak vərdişlərinin dəyişdiyini, idman və səhiyyə kimi yeni xərclərin artdığını və buna görə də vətəndaşların maaş artımını hiss etmədiyini bildirib. “Uralenergotel” şirkətinin baş direktoru Aleksey Belski mühəndislik və İT sektorlarında maaşların durmadan artdığını, bu sahələrdə çalışanların gəlirlərinin əslində artdığını vurğulayıb.
Ninja Goods-un sahibi Kirill Qorin isə qeyd edib ki, artan gündəlik xərclər və ərzaq qiymətləri maaş artımlarının təsirini kölgədə qoyur.
Gələcək gözləntiləri pessimistdir. Sorğuda iştirak edənlərin üçdə biri yaxın 12 ayda gəlirlərinin heç artmayacağını, üçdə biri isə artımın qiymət artımından geri qalacağını proqnozlaşdırır. Beləliklə, əhalinin iqtisadi dirçəlişə inamı zəifləməkdə davam edir və bu, rəsmi hesabatlarla ictimai rəy arasında uçurumu daha da gücləndirir.