ABŞ və İran ikiaylıq müzakirələr masasında, artıq üçüncü dəfədir, təzyiq məqsədilə atəşkəsi pozaraq hərbi hücumlar həyata keçirir. Əvvəlki iki atəşkəs pozuntusunu ABŞ etsə də, üçüncünü İran başladı. Səbəb nədir? İki ölkə arasında güzəştə getmək istəməyən tərəflərin inadı nə zamanadək davam edəcək? Nəzərdən qaçırmayaq ki, bunun ağrılı bədəlini hakimiyyət kürsüsündə oturan inadkarlar deyil, milyonlarla sadə iranlı ödəyir.
İranlı ekspert Maşallah Rəmzi Hafta.az-a müsahibəsində günahı hər iki tərəfdə axtarmağı məsləhət gördü:
- Üçüncü dəfədir, danışıqlar pozulur. Əvvəl iki dəfə ABŞ və İsrail müzakirələr gedən bir vaxtda qəfil atəşkəsi pozaraq İrana hücum etmişdilər, bu dəfə isə İran qabağa düşdü, körfəzdəki ticarət gəmilərinə atəş açdı. Əlbəttə, səbəb kimi bəzi iddialar vardı; məsələn: 14 maddəlik memorandumda deyilir ki, müzakirələrin davam edəcəyi müddətdə Hörmüz boğazında idarəçilik altmış gün ərzində İranda olacaq. O tərəfdən də İran Livan və Hizbullah məsələsinin paralel həllini tələb kimi qoyub. Bu müddətdə İsrail Livanda əməliyyatları davam etdirib, ABŞ isə çalışıb ki, körfəzdəki tankerləri Oman suları vasitəsilə mühasirədən çıxarsın. İran da bunları bəhanə edərək gəmilərə atəş açıb. Qarşı tərəf də cavabsız qalmayıb - İranın yüzlərlə məntəqəsini bombardman edib. Xüsusilə də İranın cənub məntəqələrindəki nizami hərbi qüvvələrin obyektləri vurulub. Üstəlik, Amerika elan etdi ki, İrana dəniz yolu ilə bütün giriş-çıxışı bağlayıb və bu da ölkədə vəziyyəti daha da ağırlaşdırıb.
– İran Hörmüz boğazını, Amerika da İrana dəniz yolu ilə giriş-çıxışı yenidən bağladı və bəllidir ki, ziyanını müharibə ilə əlaqəsi olmayan ölkələr yaşayacaq. Necə bilisiniz, bu vəziyyət müharibəni dayandırmaq üçün İrana qalıcı və birmənalı üstünlük vəd edir?
– Qeyd edək ki, İranın müzakirələri dayandırmasının bir səbəbi yeni dini lider Müctəba Xameneinin atasının intiqamını alacağını bildirməsi ilə bağlıdır. Yəni dövlət siyasəti qisas strategiyasına çevrilib, hansı ki, tarixən heç bir dövlət bu cür siyasət yürütmür. Vəziyyəti təsəvvür edin: sanki İran və ABŞ iki fərddir və bir-birindən qisas alırlar. Təəssüf ki, İrandakı ifratçı qüvvələr qisas məsələsini çox irəli aparıblar, bütün hərbi-strateji mərkəzləri nəzarətə götürüblər və istədiklərini edirlər. Belə deyim: İran və Amerika məqsədsiz və mənasız müharibə aparırlar və bu da dünyaya çox ciddi ziyanlar vurmaqdadır.
– İran qarşılıq olaraq niyə ərəb ölkələrinə hücum edir? Bir halda ki, İran şəhərlərini İsrail bombalayır, niyə ərəb ölkələrinə atdığı dron və raketləri İsrailə yönləndirmir?
– Müharibə dövründə İran Körfəz ölkələrinə hava hücumu edərkən Amerika bazalarını hədəf aldığını bildirirdi. Həqiqətən də, hazırda İranın güney qonşuları olan ərəb ölkələrinin ərazilərində 20-dən artıq Amerika bazası mövcuddur. Üstəlik, İordaniyada, Türkiyədə, İraqda, İsraildə hərbi bazalar var. İndi İran BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və İordaniyaya hücum edir. Hamıya bəllidir ki, Amerikanın ən vacib və müasir təyyarələri İsrail ərazisində yerləşdirilib. İran isə oranı vurmaqda ehtiyatlanır. Bilir ki, İsraili vursa onlar da əllərindəki son texnologiyaya əsaslanan həmin təyyarə və raketlərlə İranı bombalayacaq. Bu halda isə İran heç bir təsirli tədbir görə bilməyəcək. Çünki iranın köhnə model təyyarələri Amerikanın supermodel hərbi aviasiyası qarşısında acizdir. Ona görədir ki, ABŞ–İsrail aviasiyası İran səmasında çox sərbəst manevrlər edir, istədikləri bölgəni asanlıqla vurub qayıdırlar.
İranın qonşu ölkələrə hücumundan söz düşərkən qeyd edək ki, həmin körfəz ölkələrində Amerika, İngiltərə və hətta Fransanın bazaları var, amma ötənilki 12 günlük savaşdan sonra həmin bazalar boşaldılıb, orda nə təyyarə var, nə də əsgər. Amma İran bunu bilə-bilə boş bazaları vurur, səbəb də aydındır: xalqa sübut etsin ki, Amerika bazalarını vurmaqla düşmənə çox böyük itkilər yaşadır.
– Dünyada elə bir dövlət eşitmədim ki, İranda olduğu kimi, prezident bir söz desin, ordu (SEPAH – red.) başqa söz. Naxçıvana dron hücumunu xatırlayaq: hökumət dedi onların xəbəri yoxdur hücumdan, generallar dedi, biz atmışıq. Kənardan baxanda İranda SEPAH ən ali, fövqəlsəlahiyyət orqan kimi görünür. Məncə, bu da İrana etimadı azaldır, çünki beynəlxalq diplomatik kanallar İranda kiminlə danışacağını bilinmirlər...
– Həqiqətən də elədir. İran Prezidenti Məsud Pezeşkian ərazilərinə hava hücumu edilmiş bütün qonşu ölkələrdən açıq şəkildə üzr istədi. Bildirdi ki, məqsəd onların ərazilərinə deyil, Amerika bazalarına hücum etməkdir. Bu zaman SEPAH-ın rəhbərləri prezidenti bu sülhsevər addımına görə ciddi tənqid etdilər və hətta yalanladılar. SEPAH indi İranda həqiqətən də fövqəlsəlahiyyət sahibidir. Xameneinin dövründə ölkənin bütün siyasi, iqtisadi, ticarət – hər bir sahəsini nəzarətə alan SEPAH faktiki dövləti idarə edir. İndi bilirsiniz, bir çox ölkə artıq 150 min sabit, ümumilikdə isə 300 min silahlı qüvvəsi olan SEPAH-ı terrorçu təşkilat olaraq tanıyır və ya tanımağa hazırlaşır.
– Amerika belə deyək, əlini tərpədən kimi, İran Küveyti, Bəhreyni, BƏƏ-ni, Qətəri vurur, Səudiyyəyə hücum edir. Məncə, burada daha fərqli səbəblər var...
– O ölkələr lap əvvəldən gözləyirdilər ki, Amerika–İsrail hücumu nəticəsində İranda İslam rejimi devriləcək. Körfəz ölkələri hər zaman İslam Respublikasını və onun Yaxın Şərqdə yaratdığı silahlı təşkilatları özlərinə ciddi təhdid biliblər. Müharibə başlayarkən baxdılar ki, nəinki rejim devrilmir, hətta zərbələr onların öz ərazilərinə dəyməyə başlayıb, çalışdılar, siyasi mövqelərində İranla yaxınlıq sərgiləməyə. İran da bu addımdan yararlanmağa çalışır, çünki həmin ölkələr öz ərazilərindəki bazalardan hücuma icazə versələr, nəticədə İranın vəziyyəti daha pis olacaq.
Bundan əlavə, ötənilki 12 günlük müharibə zamanı İran başa düşdü ki, Amerika–İsrail ikiliyinin hücumlarının qarşısını almağa qadir deyil. Ona görə də mərhum Əli Xamenei bildirdi ki, İrana hücumlar davam edərsə, onlar da bölgə ölkələrini vuracaqlar. Bununla da regionda ara qarışacaq, İran vaxt qazanacaq və hərbi müstəvidə mövqeyini gücləndirəcək. Əslində bu, beynəlxalq diplomatik normaya uyğun olmasa da, müharibə vəziyyətində ölkələr özünümüdafiə məqsədilə hər nə desən edirlər.
– Yəqin, İranda yaşayan insanlarla əlaqəniz var, onsuz da ağır olan ölkədaxili sosial vəziyyət indi necədir? Adamların dolanışığı necədir, dava-dərman, elektrik- filan problemi varmı...
– Hələ müharibədən əvvəl İranda əhalinin 90 faizdən artığı sosial-iqtisadi vəziyyətdən narazı idi və istəyirdilər ki, hökumət dəyişsin, bəzi islahatlar keçirilsin və sair. ABŞ-İsrail ikiliyi hücuma başlayandan sonra xalq xarici müdaxiələyə qarşı səfərbər oldu. Hücumlar İran şəhərlərinə çox ciddi ziyan vurub. Paytaxt Tehranda zavod-fabriklərdən, hərbi məkanlardan əlavə 40 mindən artıq bina bombardman nəticəsində dağılıb. Təbriz kimi böyük şəhərdə çox geniş dağıntılar mövcuddur. Bu səbəbdən də vətəndaşlar hökumətlə müxalifətçiliyi dayandırıblar.
İqtidar da müharibə vəziyyətindən istifadə edərək əhalini özünə bağlamağa çalışır. Son sorguya əsasən, 60 faizi artıq sosial çətnliklərə dözməyən əhalini “Ölsək, şəhid olacağıq” kimi dini-mənəvi vədlərlə sakitləşdirməyə çalışırlar; xüsusilə Tehran, Məşhəd kimi böyük şəhərlərdən İslam Respublikası tərəfdarlarını meydanlara çıxarıb dəstək aksiyası keçirməyə məcbur edirlər.
Onu da nəzərə alaq ki, onsuz da yaxşı olmayan sosial şərait bombardmanlar nəticəsində daha da ağırlaşıb, zavodlar dağıdıldığı üçün 2 milyondan artıq işçi işini itirib və bu da işsizlərin sayını artırıb. Statistikaya görə, İranda 24 milyon işləyən vətəndaş var və onun 25 faizi – 6 milyon nəfəri hazırda işsizdir. Müharibə başlayandan sonra işlərini itirən çox sayda insan ailələrini də götürüb vaxtilə yaşadıqları kəndlərə qayıdıb, az-çox əkin-biçinlə dolanırlar. Bildiyimə görə, iki gün əvvəllə müqayisədə çörəyin qiyməti 10 faiz bahalaşıb.
– İranla ABŞ arasında birdəfəlik və möhkəm sülh yaranması üçün tərəflər nələri güzəştə getməlidirlər və bu, ən azı, bu il ərzində mümkün olacaqmı?
– Məncə, tərəflərin nədəsə güzəştə getməsi o qədər ağlabatan görünmür. İndi bəzi vasitəçilər, o cümlədən, Pakistan, Türkiyə, Qətər, Misir və sair çalışırlar ki, bu ölkələri danışıqlar masasında hansısa tələblərindən imtina etməyə inandırsınlar və nəticədə regionda daimi sülh bərqərar olsun. Yenə deyirəm, indiki şəraitdə bu, mümkün görünmür. ABŞ-də həm Respublikaçılar, həm də Demokratlar yekdilliklə istəyirlər ki, İslam Respublikası süqut etsin. İsrail də İranda islam rejminin qalmasına qarşıdır. Amma İslam Respublikasının rəhbərləri öz postunda israrlıdırlar, hətta şəhərlər bombardmanla xarabazara çevrilsə, torpaqlar işğal edilsə də, İslam iqtidarı idarəetməni dəyişmək haqda fikirləşməyəcək.
Bir məsələ var ki, Amerika İrana genişmiqyaslı müharibəyə başlamaq istəmir; yəni əvvəldən Xark adasını işğal etmək və Hörmüz boğazında nəzarəti tam ələ almaq barədə düşüncə vardı, amma realda bunları etməyə həvəsli görünmür. Bilir ki, Xarkı işğal etmək üçün adada piyada qüvvələr və ya Hörmüzü tam nəzarətdə saxlamaq üçün orada gəmilər yerləşdirməlidir. Bu da öz növbəsində, ciddi təhlükə yaradır, Amerika istəmir ki, bu addımı atmaqla İraq və ya Əfqanıstanda olduğu kimi bataqlığa düşsün. Xark adasında piyada qüvvələr çıxararsa və Hörmüz sularında döyüş gəmiləri yerləşdirərsə onlar SEPAH-ın hədəfinə çevriləcək və canlı qüvvə itkisi artacaq. Bütün bunları nəzərə alaraq sonda deyim ki, məncə, vəziyyət məhz güzəştə getmədikləri üçün irəlidə daha daha da ağırlaşacaq...