Heç kimə sirr deyil ki, Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra bu ölkənin ərazisindən Pakistana qarşı terror hücumlarının sayı artıb. Hər bir hücum zamanı da onlarla Pakistan əsgəri və polisi, mülki şəxslər həlak olur. Rəsmi İslamabad dəfələrlə Taliban-a terror hücumlarının qarşısını almaq üçün sərhədlərini qorumağa çağırsa da, təəssüf ki, müsbət cavab ala bilməyib.
Nəhayət, terrorçuların son qanlı nəticələrə səbəb olan hücumu Pakistanı hərbi qarşılıq verməyə məcbur etdi – Pakistan aviasiyası Əfqanıstanın paytaxtı Kabil şəhərində terrorçuların istifadə etdiyi bəzi yerlərə zərbə endirdi. Yalnız bundan sonra Taliban admnistirasiyası “ağ bayraq” qaldırdı və sonradan uzadılmaqla, atəşkas imzalandı...
Bütün bu məsələlərlə bağlı Hafta.az-a müsahibə verən Pakistanın Azərbaycandakı keçmiş səfiri Xalid Usman Qayser bütün problemlərin əslində Taliban-dan və onu himayə edən üçüncü qüvvələrdən qaynaqlandığını dedi.
- Hindistanın sponsorluq etdiyi terrorçular Pakistanda uzun müddətdir ki, mülki şəxsləri, təhlükəsizlik qüvvələrinin şəxsi heyətini və əsgərlərini öldürürlər. Pakistan dəfələrlə Taliban rejimindən onlara nəzarət etməyi və torpaqlarından “Fitnə ül Hindustan” (Hindistanın himayədarı olan terrorçular) tərəfindən Pakistana qarşı istifadə etməsinə icazə verməməyi xahiş edib. Əfqanıstan rəsmiləri isə Pakistan tərəfinin dəfələrlə etdiyi müraciətlərə heç vaxt məhəl qoymayıb. İki həftə əvvəl terrorçular yenidən hücuma keçdilər ki. Bu da səbr kasasını daşdırdı. Pakistan ordusu bu terror həmləsinə tam gücü ilə cavab verdi. Nəticədə bir neçə terrorçu öldürüldü, onların istifadə etdiyi düşərgələri məhv etdi. Amma belə kəskin cavabı gözləməyən Taliban rejiminin xahişi ilə Pakistan hərbi əməliyyatları dayandırdı.
- Axı həm Pakistan, həm də Əfqanıstan islam ölkəsidir, yəni problemi hərbi müstəviyə yüksəlmədən danışıqlar yolu ilə həll etmək olardı...
- Məsələnin dinc yolla həlli üçün Pakistan həm diplomatik, həm də digər mülki və hərbi qurumlar vasitəsilə çox səy göstərdi, lakin Taliban rejimi buna əhəmiyyət vermədi. Daha doğrusu, onlar Pakistana qarşı Yeni Dehli ilə daha sıx əməkdaşlıq edərək cavab verdilər.
- Yeni Dehlidən söz düşmüşkən, Əfqanıstanla Pakistan arasında müharibənin alovlanmasında Hindistanın barmağı ola bilər? Son illər Hindistan diplomatiyası və Hind iş dünyası Əfqanıstanda çox aktivdir...
- Əlbəttə. Şübhəsiz ki, Hindistan Pakistanın Bəlucistan əyalətlərinə hücum edən əfqanlardan və digər terrorçulardan maksimum istifadə edir. KPK orada həm pakistanlıları, həm də çinliləri öldürür.
- Hindistan İranla birlikdə, İran limanlarından başlayaraq şimalda Rusiyaya, oradan da Avropaya Böyük İpək Yoluna alternativ ticarət marşrutu yaratmaq istəyir. Amma Qazaxıstan və Mərkəzi Asiya ölkələri Əfqanıstandan keçməklə Pakistana - Kəraçi limanına daha qısa ticarət marşrutu yaratmaqdadır. Əlavə olaraq, Çin də yükləri Pakistanın cənubundakı limanlara çıxarır. Bütün hallarda Hindistan oyundankənar vəziyyətdə qalır. Hindistan, İran və onlara dəstək verən Rusiyanın, hətta son zamanlar açıq tənqid edilən İsrailin də bu işdə əli ola biləcəyinə inanmaq olar?
- Pakistan heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmayıb. Əslində Pakistan bölgə ölkələrini ikitərəfli və regional münasibətləri inkişaf etdirmək üçün böyük səylə dəstəkləyir və təşviq edir. Pakistan hökumətinin Kabil - Yeni Dehli münasibətlərinin inkişaf etdirilməsinə də etirazı yoxdur. Amma bir şərtlə ki, bu yaxınlıqdan Pakistana qarşı istifadə edilməsin.
Hindistanın böyük güc olması mifi “Sindoor vs Bunyan un Marsoos” əməliyyatları zamanı puç oldu və bunu hamımız gördük. Ona görə də Yeni Dehli indi, terrorçuların vəkilləri vasitəsilə Pakistana zərər vurmağa və ondan qisas almağa çalışır. Əslində bu heç kimə sirr deyil, çünki onların siyasi rəhbərliyi və şəxsi mediası hər şeyi açıq-aşkar deyir.
- Pakistan aviasiyası paytaxt Kabili bombalayandan sonra iki ölkə arasında müvəqqəti atəşkəs sazişi imzalandı və daha sonra müddəti uzadıldı. Sizcə atəşkəsin imzalanmasında üçüncü ölkələrin, xüsusilə də Donald Trampın təsiri olub?
- Düşünürəm ki, Kabil rejimi səhv etdiklərini tez anladı və atəşkəs istədi. Təbii ki, Pakistan onlara şans verməyə razı oldu.
- Sizcə iki qonşu müsəlman ölkəsi olaraq, Pakistan və Əfqanıstan nə etməlidir ki, hər zaman sülh şəraitində yaşasınlar? Məncə bunun üçün həm Pakistanda, həm də Əfqanıstanda böyük potensial var...
- Bəli, sizinlə razıyam. Əslində bütün qonşu ölkələr sülh şəraitində yaşamalı, diqqəti inkişafa, tərəqqiyə yönəltməlidir. Pakistan bütün ölkələrlə qazan-qazan prinsipi ilə əməkdaşlığa inanır.
- Pakistanı özünə qardaş ölkə bilən Azərbaycanın Əfqanıstanla da çox yaxşı münasibətləri var. Azərbaycan, eyni zamanda Türkiyə Əfqanıstanla Pakistan arasında problemlərin həlli üçün vasitəçilik edə bilərmi? Ümumiyyətlə, son hərbi toqquşmalar zamanı Azərbaycan və Türkiyənin mövqeyi necə oldu, davamlı sülhün təmini üçün bu iki ölkədən gözləntiləriniz nədir?
- Bəli, Azərbaycan və Türkiyə Pakistan üçün qardaş ölkələrdir. Bu üç ölkə bütün çətinliklərdə hər zaman bir-birini dəstəkləyir. Bu əməkdaşlıq gündən-günə güclənir və artıq əbədi və dəyişməz olub.
- Son olaraq, Pakistanla Əfqanıstan, eləcə də digər müsəlman ölkələri arasında zaman-zaman yaranan problemləri sürətli danışıqlar yolu ilə həll etmək üçün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hər hansı mexanizmin yaradılması yaxşı olmazdımı?
- Haqlısınız. İslam Əməkdaşlıq Təşkilatının daha canlı təşkilata çevrilməsinin vaxtıdır. Onların həm iqtisadi, həm də yetərli hərbi gücü var. Fikrimcə, onlara lazım olan yeganə şey, müsəlman ölkələri daxilində problemləri həll edəcək fəal qurum olma iradəsidir. Eyni zamanda, bu təşkilat müsəlmanların haqqını qorumaq üçün beynəlxalq arenada vahid səsə çevrilməlidir.