“Kanada baş nazirinin ittihamı məni təəccübləndirmədi” – Pakistanın XİN başçısı

10:32 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın xarici işlər naziri Sirus Qazi bildirib ki, Kanadanın siqh liderinin öldürülməsi ilə bağlı Hindistan hökumətinə qarşı irəli sürdüyü iddialar onları təəccübləndirmir.

Hafta.az-ın dunyanews.tv-yə istinadən yazdığına görə, Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransı zamanı o, Hindistanın Kanadadakı terrorunun Pakistan üçün sürpriz olmadığını deyib.

Pakistanlı diplomatın bəyanatı Kanadanın baş naziri Castin Trüdonun Hindistan hökumətinin bu ilin iyununda Britaniya Kolumbiyasında siqh lideri Hardip Singh Niccarın öldürülməsində “əli ola biləcəyini” söyləməsindən sonraya təsadüf edir.

Qazi bildirib ki, Pakistan 2016-cı ilin martında Bəlucistandan Hindistanın Tədqiqat və Təhlil Qanadının (RAW) əməliyyatçısı olan Hindistan Hərbi Dəniz Qüvvələrinin zabiti Kulbhushan Yadavı həbs etdiyi üçün ölkəsinin Kanada baş nazirinin iddialarında qeyri-adi heç nə görmür.

Hindistanlı casus daha sonra Pakistanda sabitliyi pozmaq üçün casusluq və terror fəaliyyətlərində günahkar bilinib və edam olunub.

Bu ilin əvvəlində öldürülən siqh liderinin oğlu Balraj deyir ki, baş nazir Castin Trüdonun Hindistan hökumətini sui-qəsddə əli olmaqda ittihamlamasından sonra özünü rahat hiss edir.

21 yaşlı Balraj Sing Niccar, 45 yaşlı atası Hardipin 18 iyunda Britaniya Kolumbiyası, Surrey şəhərindəki Guru Nanak Sigh Gurdwarada axşam ayinindən çıxarkən güllələnməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında danışıb.

Hardipin iki oğlundan böyüyü olan Balraj, ailəsi və yaxın dostlarının da atasının amansızcasına öldürülməsinin arxasında həmişə Hindistan hökumətinin olduğundan şübhələndiyini söyləyib.