Körfəz - Türkiyə Forumu 11-13 noyabrda İstanbulda keçiriləcək

10:15 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanında özəl sektor 11-13 noyabr tarixlərində İstanbulda keçirilməsi planlaşdırılan Körfəz - Türkiyə İqtisadi Forumunda iştirak etməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Ticarət Palataları Federasiyası Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə Türkiyə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və ticarəti artırmaq məqsədi daşıyan forum haqqında ölkənin bütün ticarət palatalarını məlumatlandırıb.

Körfəz Statistika Mərkəzinin məlumatına görə, 2021-ci ildə Körfəz ölkələri ilə Türkiyə arasında ticarətin həcmi 22 milyard dollara çatıb. O cümlədən, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında ticarətin həcmi 2021-ci ildə 3,7 milyard dollar olduğu halda, 2022-ci ildə 6,5 milyard dollara yüksəlib.

Ticarət naziri professor Ömər Bolat Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı xarici ticarət həcminin bu ilin ilk yarısında 3,4 milyard dollara çatdığını açıqlayıb.

Körfəz - Türkiyə iqtisadiyyatında müxtəlif sahələr önə çıxsa da, diqqət ticarət, investisiya, enerji, infrastruktur və sənaye, nəqliyyat, logistika xidmətləri, turizm, kənd təsərrüfatı və qidadır.

Görüşdə bir çox rəsmilərin, eləcə də Körfəz ölkələrindən biznes sahiblərinin və onların türkiyəli həmkarlarının iştirakı gözlənilir.

Körfəz-Türkiyə İqtisadi Forumu Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri, ticarət nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyi və Körfəz Əməkdaşlıq Şurası Palataları Federasiyası (FGCCC) tərəfindən dəstəklənir.

Forumda Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Casim əl-Budeyvinin çıxışı gözlənilir.

Türkiyə hökuməti son zamanlar Körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri gücləndirmək istiqamətində səylərini artırıb. Bunlardan ən sonuncusu prezident Rəcəb Tayyib Ərdoğanın iyul ayında Səudiyyə Ərəbistanına səfəri olub. Prezidentin səfərini 200-dən çox iş adamı və investorun müşayiət etməsi Səudiyyə bazarının əhəmiyyətini və iki ölkə arasında iqtisadi əlaqələrin düzgün yolda olduğunu göstərir.