Koronavirus qurbanlarının dəfn prosesi – necə həyata keçirilir?

17:40 15.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ölkəmizdə hər gün onlarla vətəndaşımızın həyatına son qoymaqda davam edir. Ölüm hallarının artması yenidən koronavirus qurbanlarının dəfn prosesini gündəmə gətirib. Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. Kimi dəfn üçün əlavə pul ödənilməli olduğunu, kimisi də burada şəriət qanunlarına əməl olunmadığını söyləyir. Bəs görəsən proses nə cür həyata keçirilir? Bununla kimlər məşğul olur? Ölmüş şəxs dini qaydalara uyğun dəfn edilirmi?

Mövzu ilə bağlı olaraq hafta.az-ın əməkdaşı araşdırma aparıi.

İlk olaraq, elə bu yaxınlarda koronavirusdan qaynatası dünyasını dəyişən Nigar xanımla söhbətləşdik. Onun sözlərinə görə xəstə ilk əvvəl ev şəraitində müalicə alıb. Daha sonra vəziyyətində kəskin ağlrlaşma yaşandığından müalicəyə xəstəxanada davam edilib.

-Nigar xanım proses necə baş verdi, xəstə evdə yoxsa tibb müəssisində müalicə olunurdu?

-Qaynatamın ciyərlərində problem var idi. Buna görə mütəmadi olaraq müalicə də olunurdu. Virusa yoluxanda fəsadlarının belə ağır olacağını düşünməzdik. Düzdür, biz ayrı yaşayırıq. Fmma, tez-tez zəng vurub halı ilə maraqlanırdıq. Yoldaşım evin ehtiyaclarını alıb aparırdı. Bir həftəyə yaxın evdə müalicə olundu, vəziyyət ciddiləşəndə tibbi yardıma zəng etdik. Onlar da biz dəfələrlə müraciət edəndən sonra gəldilər. 2 gün də xəstəxanada qaldı, vəziyyəti elə evdən gedəndə də yaxşı deyildi. Nəfəs ala bilmirdi, sonra da vəfat etdi.

-Dəfn mərasimi necə aparıldı, ailədən kimlərinsə iştirakına icazə verildimi?

-Biz özümüz dəfndə iştirak etmək istəyirdik. Daha əvvəl də eşitmişdik ki, yaxın adamlara icazə var. Lakin tək oğullarına icazə verildi. Onlar da sadəcə kənardan izləyə bilib. Heç bizi meyiti yumağa da qoymadılar. Dedilər ki, özümüz həll etmişik.

-Göstərilən xidmətlərin qarşılığında pul ödəmisiz?

-Yox, bizdən pul istəyən olmadı. Xəstəxanadan da deyilmişdi ki, dəfn dövlət tərəfindən həyata keçirilir.

- Virusun zərərlərini ən ağır formada yaşamış bir ailənin üzvü olaraq  oxucularımıza nə deyə bilərsiz?

-İnşallah tezliklə bu bəladın qurtularıq. Heç kəsə belə ölüm arzu etmirəm. Hər mənada çox çətin vəziyyətdir. Xəstə çox əziyyət çəkir. Dəfn, yas mərasimi də dinimizin, şəriətimizin qaydalarına uyğun olaraq aparılmır. Heç biz də bilmirik bu virus necə tapdı bizi. Çalışdığımız qədər özümüzü qoruyurduq. İnsanlara bir onu deyə bilərəm ki, özlərini qorusunlar. Yaşlılar xəstəliyi daha ağır formada keçirir. Çalışın qaydalara əməl edəsiz.

Daha sonra mövzu ilə bağlı viruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlərimizin də fikirlərini öyrəndik.

Bölgələrin birində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan adının açıqlanmasını istəməyən həkim hafta.az-a bildirdi ki, vəfat edən xəstələrin dəfn işləri ilə xüsusi sanitar briqada məşğul olur.

Bu zaman meyitin xəstəxanadan çıxarılması, yuyulması və dəfni həyata keçirilir. Vəfat edən şəxsin nəşi xüsusi torbaya qoyulur.  Dəfni mərhumun yaxınlarından 2-3 nəfər bir qədər kənardan müşahidə edə bilər. Ancaq bütün proses xüsusi qrup tərəfindən sanitar qaydada həyata keçirilir. Bu da təbii ki, xəstəliyə yoluxmuş şəxsin yaxınlarını qorumaq üçündür.

"Yeni klinika"nın reanimasiya şöbəsinin müdiri Emil həkim də saytımıza danışıb,  yaranmış suallarımızı cavablandırdı.

O  deyir ki, bu işlərlə xəstəxananın inzibati bölməsi məşğul olur. Hazırda həyat ilə ölüm arasında olan xəstələrin müalicəsi ilə məşğuluq. Ona görə də vəfat edənlərin ailəsinə məlumat verməyə bizim demək olar ki vaxtımız qalmır. Bu işlərlə həmin o inzibati bölmənin əməkdaşları məşğul olur. Onlar həm xəstə yaxınlarını məlumatlandırır, həm də dəfn prosesini həyata keçirirlər.

Belə qənaətə gəlmək olar ki bütün bu proseslər sanitar-gigiyenik normalara uyğun həyata keçirilir. Bəs görəsən meyit dəfn edilərkən bütün bu qaydalarla yanaşı, şəriət qanunlarına da əməl edilirmi?

Bununla bağlı əməkdaşımız, Heydər məscidinin axundu Hacı Rüfət Qarayev ilə həmsöhbət olui. O, söyləyir ki, mövzu ilə özü də maraqlanıb. Deyiblər ki, meyitlər tam şəriət qanunları ilə yuyulub dəfn edilir:

"Hətta, bildirildi ki, qadını qadın, kişini də kişi yuyur. Bütün dəfn prosesi dini qaydalara uyğun aparılır. Bizdə hazırda xəstəlik kağızı olmadan, heç bir yuyucu yeri ölünü qəbul etmir. Bildiyim qədər hazırda koronaviruslu xəstələrin yuyulması üçün «Semaşko» xəstəxanasında yer yaradılıb. Rəsmi olaraq bu işlə ora məşğul olur".

Qeyd edək ki koronavirus ötən ilin dekabr ayında Çinin Vuhan əyalətində yayılmağa başlayıb. Daha sonra virus dünyanın yüzdən çox ölkəsində qeydə alınıb, elə bu səbəbdən də, bu ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunub.  Ölkəmizdə isə virusa ilk yoluxma halı, 28 fevral tarixində qeydə alınıb. Ötən bir il ərzində dünyada 1 milyondan çox insan Covid-19 virusunun qurbanı olub.