Şəmkirdə kütləvi zəhərlənmənin səbəbi bəlli olub.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilib. Qeyd edilib ki, ötən gecədən xəstəxanaya yerləşdirilən 20 nəfər dönərdən zəhərlənib.
"Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar agentliyin "1003" Çağrı Mərkəzinə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Bəxtiyar Abbas oğlu Əhmədova məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq", - məlumatda deyilir.
İaşə müəssisəsinin fəaliyyətinin məhdudlaşdırıldığı bildirilib.
Faktla bağlı araşdırmalar davam edir.