Məhkəmə-hüquq sistemində aparılan islahatlar ictimai etimadı yüksəldir

12:35 14.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra ciddi islahatlar kursuna start verildi. Bu islahatlar sosial, iqtisadiyyat, qanunvericilik, icraedici hakimiyyət, o cümlədən məhkəmə-hüquq sistemi də daxil olmaqla  bütün sahələri əhatə edir. 

İslahatların başlıca məqsədi vətəndaşlara xidmət sahəsində şəffaf və innovativ metodların geniş və səmərəli tətbiqinə nail olmaq, müasir dövrün tələblərinə uyğun çağırışlara operativ reaksiya verə bilən idarəetmə strukturu formalaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək, korrupsiyaya qarşı mübarizənin daha kəsərli hal alması və rüşvətxorluğa yol açan bürokratik əngəlləri ortadan qaldırmaq, insan hüquq və azadlıqlarının təminini daha da yaxşılaşdırmaqdır.

Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün məhkəmə-hüquq sistemində aparılan köklü dəyişikliklər və islahatların müstəsna əhəmiyyəti vardır. Ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı həm ictimaiyyət, həm də beynəlxalq təşkilatlar tərəfindən çox müsbət qarşılandı.

Əslində, dövlət başçısının imzaladığı fərmanı məhkəmə-hüquq sistemi üçün «Yol xəritəsi» adlandırsaq yanılmarıq. İnsan hüquq və azadlıqlarının təmini sahəsində daha böyük nailiyyətlər əldə etmək üçün aparılan islahatları iki istiqamətdə dəyərləndirə bilərik – qanunvericilik bazasının təkmilləşdirilməsi və məhkəmə-hüquq sistemində müasir innovativ yanaşmalarla strukturun və vətəndaşlarla iş mexanizminin yenidən formalaşdırılması. 

Fərmandan irəli gələrək qanunvericilik sahəsində dəyişikliklərlə bağlı ilk addım 2019-cu ilin iyul ayında atıldı. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul edildi. Dövlətin iqtisadi inkişafının əsasını təşkil edən sahibkarlıq fəaliyyəti və bu sahədə ortaya çıxan hüquqi məsələlərin həlli ilə bağlı ixtisaslaşmış yeni regional kommersiya məhkəmələri yaradıldı. Bununla da inzibati məhkəmələr sisteminə yenilik gətirildi. Bu ilin yanvar ayından həmin məhkəmələr fəaliyyətə başlayıb. Aparılan müşahidələr bir daha göstərdi ki, fərmanın icrası xaotik yox, planlı və düşünülmüş şəkildə həyata keçirilir.  Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı qərarlar dərhal strukturun formalaşdırılması tədbirlərinin həyata keçirilməsi ilə müşahidə olunur. İxtisaslaşmış yeni regional kommersiya məhkəmələrinin fəaliyyətə başlaması barədə qanunun qəbulundan dərhal sonra həmin məhkəmələrin ərazi yurisdiksiyası, aparılmış təhlillərə uyğun olaraq hakim və aparat işçilərinin ştat sayı müəyyən edildi, infrastruktur, maddi-texniki təminatla bağlı zəruri tədbirlər görüldü.

İslahatlar çərçivəsində qanunvericiliyə edilən ikinci dəyişikliklər paketi 2019-cu ilin dekabr ayında qəbul olundu, 2020-ci il martın 1-dən isə qüvvəyə mindi. Budəfəki dəyişikliklərdə əsas məqsəd Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması idi. Vahid məhkəmə təcrübəsi hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edir. Ekspertlərin fikrincə, əgər hüquq sistemi hər hansı oxşar məsələlərlə bağlı fərqli qərarlar qəbul edirsə, vətəndaşda təbii olaraq sual meydana çıxır: nə üçün belə olub? Belə olan zamanda isə hüquq sistemi qeyri-prosessual münasibətlərdə ittiham olunur. Yəni vahid təcrübə bütün qaranlıq sualların cavabı deməkdir. Həmin dəyişikliklərlə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin edir.

Qanunvericilik sahəsində aparılan islahatların ən mühüm tərkib hissələrindən biri cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə edilən dəyişikliklərdir. Dövlət başçısının təşəbbüsü ilə bu ilin may ayında Milli Məclisdə müzakirəyə çıxarılan və təsdiqlənən dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub, azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilib, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilib. Bu dəyişikliklər əslində insan hüquq və azadlıqlarının müdafiəsi işinə məhkəmə-hüquq sisteminin daha liberal dəyərlər fonunda yanaşmasına gətirib çıxarır.

İyulun 15-dən Cinayət-Prosessual Məcəlləyə edilən son dəyişikliklər də qüvvəyə minir. Bu dəyişikliklərin başlıca məqsədi isə, cinayət mühakimə icraatında müasir informasiya- kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsini, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin etməkdir. Qanunda nəzərdə tutulan yeniliklərə əsasən cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydası müəyyən olunur. Cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən videokonfrans əlaqə sistemindən istifadə etməklə prosesdə iştirakı prosedurları tənzimlənir. Cinayət mühakimə icraatının məhkəmə protokollarında tam və hərtərəfli əks etdirilməsi məqsədilə məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması tələbi əks etdirilir. Məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilir. Kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılır, habelə onların verilməsi və baxılması qaydası təkmilləşdirilir.

Qanunvericiliyə edilən dəyişikliklər əsasında həyata keçirilən struktur islahatları fonunda məhkəmələrə olan etimadın yüksəldilməsini zəruri edən digər mühüm məqam məhkəmə ekspertizasının təşkili istiqamətində də mühüm addımlar atılıb. Qeyd edək ki, məhkəmə ekspertizası keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsi və ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkə başçısının imzaladığı fərman çərçivəsində məhkəmə ekspertizasını həyata keçirmək, habelə ekspertizanın keçirilməsini təyin (sifariş) etmək hüququ olan subyektlərin dairəsi genişləndirilib. Təcrübədə bir sıra hallarda haqlı şikayətlərə səbəb olan ekspertizanın keçirilməsi və ekspert rəyinin verilməsi müddətləri dəqiqləşdirilir.

Dəyişikliklər nəticəsində ölkəmizdə ilk dəfə tətbiq edilən özəl ekspertiza institutu bütün fiziki və ya hüquqi şəxslərə, həmin şəxslərin vəkilləri və nümayəndələrinə imkan verir ki, onlar özəl məhkəmə ekspertləri ilə bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş etsinlər. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verdikləri təqdirdə, Ədliyyə Nazirliyi tərəfindən onlara şəhadətnamə veriləcək və reyestrləri aparılacaq. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəkdir.

Məhkəmələrdə işlərə daha dərindən və obyektiv baxışın təşkilində hakim korpusunun  sayı məsələsi də vacib məqamlardandır. Ədalətli qərarın verilməsi və məhkəmə hüquq siteminə etimadın daha da artırılması məqsədi ilə fərmana uyğun olaraq hakimlərin sayı mövcud korpusun üçdə biri qədər - 200 vahid artırıldı. Müqayisə üçün qeyd edək ki, bəzi Avropa dövlətlərində hər 100 min nəfərə 20-dən artıq hakim düşdüyü halda Azərbaycanda bu göstərici cəmi 6 təşkil edirdi. Şübhəsiz ki, hakim ştatlarının komplektləşdirilməsi məhkəmələrdə iş yükünün azalmasına, işlərə keyfiyyətlə baxılmasına xidmət edir. Bundan əlavə, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin və digər neqativ halların aradan qaldırılması və s. məsələlər üzrə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirildi, o cümlədən Fərmanla qarşıya qoyulmuş məsələlərin icrası məqsədilə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt" və monitorinq sektorları yaradılıb.

Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır. Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması yolunda növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı hədiyyə olan "Mobil məhkəmə" 2019-cu ilin 24 dekabr tarixindən istifadəyə verilib. Artıq bu tarixdən etibarən vətəndaşlar "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada faydalana bilirlər.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar ölkəmizdə vətəndaş məmnunluğu müşahidə olunmaqla bəradər  beynəlxalq aləmdə təqdir olunur. Ölkəmiz Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində "Məhkəmənin nəbzi: idarəetmədə inqilab" adlı layihə ilə iştirak edərək məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin kristal tərəzisi" mükafatına layiq bilinib. Bundan əlavə, Dünya Bankının "Doing Business 2020" hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub.

Ümumilikdə isə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, islahatlar davamlı mahiyyət daşımalı, konkret məqsədə xidmət etməli, ən əsası isə bu ishatların mərkəzində vətəndaş məmnunluğu dayanmalıdır.  Mövcud siyasi iradə və ortaya qoyulan mövqe bu islahatların qısa zamanda daha uğurlu nəticələr verəcəyini düşünməyə ciddi əsaslar yaradır.

Azad Əliyev

Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür