“Məqsədimiz Türk Dövlətləri Təşkilatına tam üzv olmaqdır” – KKTC-nin baş naziri

09:05 20.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Respublikasının (KKTC) baş naziri Ünal Üstel müşahidəçi üzvlükdən Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzvlüyə keçməyi hədəflədiklərini bildirib.

Hafta.az-ın AA-ya istinadən yazdığına görə, Üstel Kıbrıs türklərinin 1950-ci ildən 1970-ci illərə qədər varlıq uğrunda mübarizə apardığını, bu mübarizədə vətən Türkiyənin hər zaman yanında olduğunu, Kipr Sülh Hərəkatından sonra Kıbrıs türklərinin öz dövlətlərini qurduğunu və bu dövlətin qurumlarının dünyaya uyğunlaşması üçün böyük səylər göstərdiklərini bildirib.

Üstel xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin ardıcıl üç toplantısında bütün dünyanı KKTC-ni tanımağa çağırıb. O, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin də KKTC-nin tanınmalı olduğunu açıq şəkildə bəyan etməsindən məmnun olduqlarını bildirib.

KKTC-nin Ərdoğan və Əliyevin dəstəyi ilə TDT-nin müşahidəçi üzvü olduğunu xatırladan Üstel, "Məqsədimiz TDT daxilində müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçmək və xalqlarımız arasındakı əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır" deyib. Üstel, həmçinin TDT ölkələri ilə ticarət və turizm əlaqələrinin inkişaf etdirilməsi lazım olduğunu söyləyərək, "Biz xalqımızın sözdə deyil, mahiyyət etibarilə birləşməsini istəyirik. Təkcə Azərbaycanla deyil, digər TDT üzv ölkələri ilə də əlaqələrimizi gücləndirmək istəyirik. Tarixdən gələn sıx əlaqələrimizi daha güclü sinerjiyə çevirə bilərik" deyib. Üstel, İsrailin Qəzza və İrana hücumları, Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, "Bunlar xoşagəlməz hadisələrdir. Biz dünyadan ədalət, sülh və əmin-amanlıq istəyirik. İstəyirik ki, xalqlar problemlərini müharibələrlə deyil, danışıqlar masasında bir araya gələrək həll etsinlər" deyə bildirib.

KKTC ilə bağlı türk dövlətlərinə ciddi təzyiqlər olduğunu bildirən Üstel, qardaş dövlətlərin bu təzyiqlərə boyun əyməyəcəyinə əmin olduqlarını vurğulayıb. KKTC Baş naziri Üstel türk dünyasını KKTC-yə dəstək olmağa çağıraraq, "Birlikdə olsaq, heç kim bizi əyməyə məcbur edə bilməz. Sizdən KKTC-ni dəstəkləyib tanımağınızı istəyirik. KKTC-ni tanımaq sadəcə diplomatik bir məsələ deyil. Bu, tarixi ədalətin bərqərar olması, Türk millətinin öz müqəddəratını təyinetmə haqqını mənimsəməsidir. Bu, Türk dünyasının tarixi məsuliyyətidir" deyib.