Misirli tələbə İsmayıl Şıxlının romanı əsasında elmi iş yazır

10:18 27.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qahirə Universiteti Ədəbiyyat fakültəsinin “Şərq dilləri” kafedrasında Azərbaycan dili üzrə mütəxəssis yetişdirilir.

Hafta.az yazır ki, elmi şuranın aldığı qərara əsasən maqistratura mərhələsində təhsil alan tələbə Zeynəb Əlinin elmi işi, Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının "Ayrılan yollar" romanı olacaq.

Qeyd edək ki, adıçəkilən fakültədə “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov 2017–ci ildən bəri Azərbaycn dilini tədris edir. Bu müddət ərzində 500-dən çox tələbəyə Azərbaycan dili ilə yanaşı ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və həqiqətləri ilə bağlı geniş məlumatlar verilir.

S.Nəsirov qeyd edib ki, dərs dediyi tələbələr arasında ilk dəfə ərəb dilində "Azərbaycan dilinin qrammatikası" kitabını yazan şəxs də var. O deyib ki, misirlilərin Azərbaycan dilinə marağı gündən–günə artır. Hədəf misirlilər arasında Azərbaycan dilini bilən və ölkəmizəçoxlu dostlar qazandırmaqdır.

Şərq dilləri kafedrasının qərarına əsasən dosent Samiya Cəlal və doktor Seymur Nəsirov elmi rəhbər təyin olunublar. Diaspor sədri bu önəmli qərara görə kafedranın türk dili şöbəsinin müəllimlərinə və rəhbəri, professor Cəlal əl-Hifnəviyə minnətdarlığını bildirib.

Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirirlər. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var.

Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə onlayn şəkildə ödənişsiz təhsil alır.

Sosial rubrikasından digər xəbərlər