“Fars şovinizmi elə təsəvvür yaradıb ki, fars dövlətçiliyinin mövcudluğunun təhlükəsi Azərbaycan xalqı, türk etnosudur. Nə qədər acı olsa da qeyd edilməlidir ki, farslar açıq silahlı və hərbi müdaxilə istisna olmaqla Azərbaycana qarşı faktiki "soyqırım"ın bütün digər vasitələrini həyata keçirir”.
Bunu hafta.az-a siyasi şərhçi, hüquqşünas Vüqar Dadaşov İran rejiminin Azərbaycana qarşı yürütdüyü siyasət və onun nə zaman dəyişəcəyi ilə bağlı açıqlamasında bildirib.
V.Dadaşov bildirib ki, Iran dövlətinin, fars molla rejiminin Azərbaycan xalqına, türk etnosuna qarşı dəyişməz və barışmaz qanlı düşmənçiliyinin genetik forması əlavə sübuta ehtiyacı olmayan faktdır. Onun sözlərinə görə, son iki əsrdə farsların türk etnosuna qarşı nifrəti siyasi dövlət quruluş formasından asılı olmayaraq son dərəcə amansız olub və faktiki olaraq 1813-cü ildən bu yana Azərbaycan xalqının, türk etnosunun və dövlətçiliyinin məhv edilməsi milli strateji hədəf kimi həyata keçirilib.
Ekspert təkcə ötən 2022-ci ildə İran rejiminin Azərbaycan Respublikasına qarşı sərgilədiyi mövqeyə diqqət çəkib.
“Tehran fars molla rejimi indiki Ermənistan ərazisində -Qafanda Konsulluq açmaqla indiyə qədər riyakarcasına maskalamağa çalışdığı genetik düşmənçiliyini açıq müstəviyə keçirdi. Bu vaxta kimi səbirli, konstruktiv və mehriban qonşuluq prinsipi ilə siyasət yeridən Azərbaycan Respublikası da Tehran rejiminə adekvat siyasi kursa keçdiyini rəsmən bəyan etdi. İran dövlətinin bütün aqressiv siyasətinə Azərbaycan dövləti daha təsirli simmetrik qarşılıq verir. Qarşıdurmada ən vacib, əhəmiyyətli gediş isə İranın elan etdiyi düşməni İsraildə Azərbaycanın səfirlik açması oldu. Hərçənd ki, səfirlik belə olmadan da İsrail dövləti Azərbaycan ərazilərinin Ermənistan və onun havadarları tərəfindən işğalı zamanı özünü Azərbaycana etibarlı müttəfiq olduğunu sübut etmişdi”.
V.Dadaşov bildirib ki, 2023-cü ilin ilk günləri yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli şəxslərinin iştirakı ilə görüşü keçiriləcəyi haqqında məlumat yayıldıqdan sonra Tehran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən öz xislətinə uyğun Azərbaycana qarşı təhdidedici videolar yaymağa başlayıb. Həmin videolardan birində SEPAH-ın Bəsic Müqavimət Qüvvəsi Şimali Azərbaycan Respublikasının dövlət sərhəddi pozaraq guya Xudafərin körpüsündən Azərbaycana hücüm edir, sonra İsrailə Qüdsə tərəf hərəkət edir.
“Sözsüz ki, Tehranın, fars molla rejiminin bacara biləcəyi ancaq öz yararsız ordusu ilə gülünc tamaşa səhnəsidir. Ancaq bu tamaşa özlüyündə bir neçə mətləblərə müəyyən aydınlıq gətirməsi ilə diqqət çəkir. Əvvəla Tehran faktiki olaraq Azərbaycan İsrail dövlətlərini konkret müttəfiq olduğunu qəbul edir və hər bir halda Azərbaycanla bağlı planlarında Türkiyə başda olmaqla, İsrail və Pakistanı da özünə düşmən və səngər görür.
Bəli, əslində SEPAH-ın təqdim etdiyi sözügedən hədə-qorxu tamaşa videosu bir etirafdır ki, heç bir halda Tehran Azərbaycana qarşı heç bir hərbi müdaxilə etməyə cürət etməz. Baxmayaraq ki, Azərbaycan heç bir müttəfiqinin köməyi olmadan Tehran dövlətinin bütün oyuncaq ordusunu məhv etmək imkanına malikdir. Ümumiyyətlə isə Tehran dövləti öz düşmənçiliyini açıq müstəviyə keçirməklə rəsmi Bakının doplomatik və hərbi imkanlarını artırmaqla həmçinin siyasi manevir imkanlarını da genişləndirmiş oldu. Ən əsası isə odur ki, Azərbaycan düşmənin kim olduğunu və onu öz adı ilə tanımağı ilə hədəflərimizi də aydın müəyyən edib. Bu isə dövlət siyasəti ən vacib şərtdir”.