Müasir Azərbaycan Cümhuriyyətin varisidir - Firdovsiyyə Əhmədova

13:27 28.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün 28 may -Azərbaycanın Müstəqillik Günüdür. Azərbaycan dövləti, xalqı bu günün sevincini, qürurunu artıq dörd ildir ki qalib xalq olaraq yaşayır. Müsahibimiz tarixçi alim Firdovsiyyə Əhmədovadır:

-Azərbaycan Cumhuriyyətinin elan olunması hansı siyasi, geosiyasi şəraitə uyğun olaraq gerçəkləşdi? Hansı tarixi yolu keçdi?

-1918-ci il mayın 28-də Azərbaycan Cumhuryyətinin elan olunması beynəlxalq aləmdə, həm Rusiya, eyni zamanda Cənubi Qafqaz regionunda gedən proseslərlə sıx bağlı idi. Cümhuriyyəti quran insanlar artıq bir neçə 10 illiklər öz xalqının tərəqqisi yönündə maarifləndirici işlər aparır, milli teatr, mətbuat, məktəb vasitəsi ilə milli məfkurənin formalaşmasına xidmət edirdilər. Təsadüfi deyil ki, cümhuriyyət qurucuları eyni zamanda dövrün azsaylı qəzetlərinin əsas yazarları olmuşdular. Məhz teatr, mətbuat vasitəsi ilə xalqı oyandırmağa çalışırdılar. Onlar millətin dərdlərini, problemlərini müzakirə predmetinə çevirmişdilər. Eyni zamanda ictimai təşkilatlanma və siyasi partiyaların yaranması bir təkamül nəticəsində dinamik yolla davam edən proses idi. Belə bir şərait 1917-ci ilin fevral ayında yarandı. Amma fevrala qədər Azərbaycan milli düşüncə sahibi olan insanlarımız "Açıq söz" qəzeti səviyyəsində bir tribuna yaratmışdılar. Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu bu qəzet Azərbaycan milli hərəkatının siyasi tribunası idi. Bu baxımdan 1917-ci ilin fevralında müstəbit rejim, çar mütləqiyyəti devriləndə, Azərbaycan ziyalıları, öndə gedə insanları bu prosesə nəinki biganə qalmadılar, yaranmış vəziyyətdə imkanlardan istifadə edərək bir araya toplaşıb xalqın müqəddəratı naminə çıxış yolu axtarırdılar. Həmin dönəmdə 1917-ci ilin aprel ayında Bakıda Qafqaz Müsəlmanlarının Qurultayı keçirildi. Bakı, Cənubi Qafqaz müsəlmanlarının həm də fikir mərkəzinə çevrilmişdi. Həmin qurultayda Rusiyanın xalqlarına öz müqəddəratlarını təyin etmək və status verilməsi haqqıda məsələlər müzakirə edildi. O zaman Azərbaycan xalqına da demokratik, federativ Rusiya respublikası tərkibində ərazi müxtariyyətı istənilirdi. Elə 1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya müsəlmanları qurultayında da bu məsələ əsas müzakirə predmeti olmuşdu. Bir qisim mədəni muxtariyyət, bir qisim isə ərazi muxtariyyətı tərəfdarı idi. Azərbaycanlıların da fikri məhəlli muxtariyyət almaq idi. O baxımdan Rəsulzadənin Rusiya müsəlmanları Qurultayında çxışı, gətiridiyi dəlillər səs çoxluğu ilə məhz məhəlli muxtariyyatla bağlı qətnaməyə səs verilməsinə gətirib çıxardı. Artıq 1917-ci ildən Azərbaycan muxtariyyatı hərəkatı var idi, onun sosial böyük bazası yaranırdı. Azərbaycanın milli hərəkatının öndə gedən partiyası Müsavat Partiyası idi, getdikcə genişlənirdi. Təbii ki, vahid Rusiya tərəfdarı olan və böyük Ermənistan yaratmaq istəyən qüvvələr Azərbaycan Mustariyyatının genişlənməsin yol vermək istəmirdilər. Bolşeviklər mərkəzi hakimiyyəti ələ keçirəndən sonra Qafqazda sovet hakimiyyəti qurulması Şaumyana həvalə olunmuşdu. 1918-ci ilin yazında boleviklərlər və daşnaqlar bir araya gəldilər. Hər iki qrup Azərbaycan muxtariyyatının gerçəkləşməsini istəmir, kütləvi qırğınlar törətdilər. Həmin dönəmdə Osmanlı dövətinin regionda hərbi, siyasi gücü artmışdı. Bu da ondan qaynaqlanırdı ki, bolşeviklər dünya müharibəsindən çıxdı və əks düşərgədə olan Almaniya və onun müttəfiqləri ilə danışıqlara getdi. Nəticə etibarilə Brest-Litovskdə imzalanmış sülh müqaviləsinə görə Osmanlı dövləti vaxtilə müharibə zamanı itirdiyi Qars, Ərdahan, Batumu geri alırdı, Cənubi Qafqazda isə Ümumrusiya Müəssisələr Məclisinə seçilmiş deputatlar dan ibarət bir seym-yerli təşkilat fəaliyyət göstərirdi. Amma onlar da bolşevik hakimiytin bu qərarını tanımırdılar. Nəticə etibarilə Osmanlı qoşunları irəlilədi, yeni ərazilər götürdülər, şərtlər də artıq getdikcə ağırlaşdı. Artıq Qafqaz regionu, Xəzər hövzəsi beynəlxalq mübarizə meydanına çevrilmişdi. Çünki Böyük Britaniya Frasa ilə bağladığı müqaviləyə görə Rusiyanın ərazilərini öz aralarında nüfuz dairəsinə bölmüşdü. Cənubi Qafqaz İngiltərənin dairəsinə idi. Bakı quberniyası sovet Rusiyasının nəzarəti altında idi, digər tərəfdən ermənilər, daşnak partiyası erməni milli şurası da böyük Ermənistan xülyası ilə yaşayırdılar. Eser və menşeviklər də vahid bölünməz Rusiya tərəfdarları idilər. Belə bir gərgin vəziyyətdə aprel ayında Tiflis şəhərində Zaqafqaziya seyminin müsəlman fraksiyası Azərbaycan xalqının müqəddaratı ilə bağlı ciddi işlər aparırdı. Məhz 1918-ci il mayın 28-i Milli Şura Azəraycanı müstəqil respublika elan elədi.

-Azərbaycan Cümhuriyyəti dövlətçiliyin qurulmasında hansı təməl addımları atdı?

- İlk növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Azərbaycan ərazilərinin üzərində Azərbaycan hakimiyyətini bərqərar etmək lazım idi. Qarşıda duran ən mühüm məsələ təbii ki, Bakının azad olunması idi. Bunun üçün isə ordu lazım idi. Amma qeyd etdiyim kimi, dövlətin ordusu yox idi. 04 iyun 1918-ci il Batumi müqaviləsinə əsasən Osmanlı dövlətindən hərbi yardım istənildi. Nuru Paşa yerli ordu yaratmağın mümkünsüz olduğunu görüb, Osmanlı dövlətindən peşəkar ordu göndərilməsini istədi. Eyni zamanda Azərbaycan əlahiddə korpusu yaradıldı. Yəni Azərbaycan hərbçiləri də Qafqaz İslam Ordusu tərkibində, komandanlığı altında vuruşurdular. Çox mühüm bir hadisədir ki, 1 əsrdən artıq müddətdə Azərbaycanda hərbi mükəlləfiyyət yerinə yetirilmirdi. Ona görə Bakı uğrunda savaş gedə-gedə Azərbaycan əsgərləri vuruşur, eyni zamanda ordu formalaşdırırdılar. O çətin, mürəkkəb şəraitdə döyüşlərin getdiyi bir vaxtda bütün sahələrdə ciddi tədbirlər həyta keçirilirdi. Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul olunması, Azərbaycanın tarixi adlarının bərpası, Azərbaycan türkcəsinin dövlət dili elan olunması, maliyyə - yəni Osmanlı dövlətindən kredit alınması məsələsi, Azərbaycan məktəblərinin milliləşdirilməsi – həm müəllimlərin dəvət olunması, eyni zamanda dərsliklərin yazılması – bütün bunlarla bağlı paralel olaraq bütün sferalarda ciddi addımlar atılırdı. Ən mühüm tədbirlərdən biri də Fövqəladə Təhqiqat Komisiyasının yaradılması haqqında Qərar oldu. Əsasən bu tərkib qeyri-azərbaycanlı hüquqşünaslardan ibarət idi. O istintaq materialları günümüzə qədər gəlib çatıbdır. Çox çətin bir şəraitdə Fövqəladə Təhqiqat Komisiyasının üzvləri iş aparırdılar, yerlərdə şahidlərlə danşırdılar, itkilərin hamısı dəqiqliyi ilə hesablanırdı. Önəmli də odur ki, Fövqəladə Təhqiqat Komisiyasının yaradılması barədə sənəddə yazılırdı ki, 1-ci dünya müharibəsi başlayandan Cənubi Qafqazda həmin dövrə qədər baş verən bütün o qətliamları, vəhşilikləri araşdırmaq üçün bir təhqiqat komissiyası yaradılırdı. 1918-ci ilin iyulun 15-də yaradılmış təhqiqat komisiyası qısa zamanda çox böyük işlər gördü və həmin təhqiqat komisiyasının materialları əsasında bölgələr üzrə istintaq işi aparıldı, nəticəsi məhkəməyə təqdim edildi. Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə defakto tanınması və bundan sonra ölkə rəhbərliyi tərəfindən müvafiq olaraq addımlar atılmasını görürük. Yəni Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından sonra milli zəmində ədavət olmasın deyə, Fövqəladə Təhqiqat Komisiyası tərəfindən təqsirli bilinən şəxslərin cinayət işlərinə xitam verilmişdir. Çox mühüm məsələlər inzibati idarəçiliklə bağlı həyata keçirilən islahatlar olmuşdur.

-Azərbaycan Parlamentinin yaradılması hansı tarixi mühüm hadisə kimi vurğulana bilər?

-Azərbaycan Parlamentinin yaradılması sıradan bir hadisə deyil. Azərbaycan parlamenti müsəlman şərqində, türk dünyasında ilk Avropa tipli parlamentdir. Baş verən siyasi-ictimai beynəlxalq hadisələr müstəvisində məclisin çağrılmasına imkan olmasa da, dövlətçilik baxımından legitimliyi təmin etmək üçün Azərbaycan Milli Şurası öz işini bərpa eləmiş və bütün tərkibiylə nəzərdə tutulan parlamentin tərkibinə daxil olmaqla, yerlərdə müsəlman milli komitələrinin həyata keçirdiyi seçkilərlə Azərbaycan parlamenti formalaşdı. Azərbaycan parlamentini istəməyən qüvvələr Azərbaycan milli maraqlarına qarşı olan qüvvələr idi. Onlar koalisiyon hökumətin yaranmasını, sonra isə parlamentin açılmasını, ingilislərin burda baş komandanı Bakı hərbi qubernatoru olan generalı Tomsona təqdim eləmişdilər. Lakin hökumət başçısı Fətəli Xan Xoyskinin apardığı danışıqlarla bildirildi ki, heç bir Avropa dövlətində əvvəl hökumət formalaşıb sonra parlament açılmaz, hökumət parlamentdə formalaşmışdır. Nəhayət dekabrın 7-si 1918-ci ildə Azərbaycan parlamenti açıldı. Parlament çoxpartiyalı sistem əsasında fəaliyyət göstərirdi. Bütün siyasi palitra parlamentdə təmsil olunmuşdu. 11 fraksiya var idi parlamentdə, 11 komisiya fəaliyyət göstərirdi. Hər bir komisiya siyasi fraksiyaların təmsilçiliyi əsasında müəyyənləşmişdi. Azərbaycan hakimiyyətini tanımaq istəməyən, Azərbaycanın dövlət bayrağının endirilməsini əmr edən general Tomson Bakıya gələndən ay yarım sonra – dekabrın 28-də belə bir bəyanatla çıxış etmişdi ki, Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökuməti yeganə qanuni yerli hakimiyyət kimi tanıyır. Yəni hətta Azərbaycanın beynəlxalq aləmdə defakto tanınmasına nail olmaq üçün general Tomson tərəfindən də dəstək verilmişdi. Mühüm işlərdən biri təbii ki, Əlimərdan bəy Topçubaşovun başçılıq elədiyi nümayəndə heyətinin Paris sülh konfransına yola düşməsi, onların həyata keçirdiyi tədbirlər Azərbaycanın tanınması yönündə görülən işlər, nəşrlər idi. 1920-ci ilin fevralın 10-da Azərbaycanın müstəqilliyinin defakto tanınması Antanta Ali Şurası tərəfindən həyata keçirildi.

-Azərbaycan Parlamenti hansı mühüm layihılərə imza atdı?

-Azərbaycan parlamenti 23 ay ərzində çoxsaylı qanun layihələrini müzakirə etmiş, qanunlar qəbul olunmuşdu. Bunların içərisində təhsillə bağlı olan qanunlar, Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı qanun, 100 tələbənin Azərbaycan dövləti üçün mühüm istiqamətlər üzrə ali təhsil almaq üçün xaricə dövlət hesabına təhsil almağa göndərilməsi barəsində qanun, ümumiyyətlə, Azərbaycan Cümhuriyyətində Azərbaycan vətəndaşlığı haqqında qanun verilməsi, mətbuat üzərində senzuranın ləğv edilməsi – bütün sferalar üzrə ən demokratik məzmuna malik layihələrin məhz 3-cü oxunuşdan sonra qəbul olunması bir demokratik parlament ənənəsi idi. Etik baxımdan da çox kəskin müzakirələr olmasına baxmayaraq, siyasi davranış etikası mövcud idi. Bir sıra məsələlər isə ciddi işlər aparılsa da, tam həllini tapa bilmədi.

Qeyd edim ki, Azərbaycanın dövlət təhlükəsizlik sistemini təhdid edən məsələlər də var idi. Ordu quruculuğu məsələsində də çox ciddi addımlar atıldı. Səməd bəy Mehmandarovun başçılıq elədiyi hərbi nazirlik müxtəlif istiqamətli hərbi məktəblərin açılması, əsgərin milli yeməklər yemək, milli komandanlıq sözləri eşitmək, milli elementləri olan geyimlər geyinmək dərsinə sahib olmaq və milli hərb tarixindən xəbərdar olmaq məzmunlu çox tədbirlər həyata keçirildi. Mehmandarov çalışırdı ki, siyasi məsələlər, xüsusilə bolşeviklərin apardıqları o ideoloji təbliğatlar ordu içərisinə sirayət eləməsin, anarxiya yaranmasın.

-Düşmənin istilaçı zərbələrindən qorunmaq üçün hansı addımlar atılırdı?

- Qarabağda ermənilərin torpaqlarımızla bağlı iddialarının, təcavüzkar siyasətinin qarşısının alınması üçün Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur Qəzalarından ibarət Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ General Qubernatorluğu yaradılmışdı. Qısa müddətdə Qarabağda Azərbaycan hakimiyyətinin orda yaşayan erməni azlıqları tərəfindən tanınmasına nail olundu. Yaxud ermənilər məkrli şəkildə 1920-ci ilin martında Qarabağda qiyam qaldırmışdılar. Böyük bir planın tərkib hissəsi olan bu proseslə elə Azərbaycan Cümhuriyyətini devirmək nəzərdə tutulmuşdu. Amma mükəmməl Azərbaycan ordusu artıq 20-ci ilin yazında heç bir xarici dəstək olmadan, təkbaşına həmin o qiyamı yatıra bildi. Beləliklə, Azərbaycanın Qarabağ üzərində hakimiyyəti bərqərar oldu. Amma 1920-ci ilin aprelində Rusiyanın 11-ci ordusunun birbaşa hərbi müdaxiləsi nəticəsində Azərbaycan Cümhuriyyəti devrildi, süqut etdi. Bütün milli təməl üzərində yaradılmış o təsisatlar ləğv olundu. Azərbaycan xalqına divan tutulurdu, milli düşüncəli insanlar güllələnirdi, həbs edilirdi. Ona görə də bu yeni hakimiyyətə qarşı xalqımızın etirazları baş vermiş regional üsyanların dalğası ilə nəticələnmişdi.

-Azərbaycan Cumhuriyyəti öz varisinə, tarixə hansı mühüm faktları, sübutları təqdim etmək imkanı qazandı?

-Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdu və orda Azərbaycan Respublikası 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Cümhuriyyətinin varisi kimi göstərilirdi. Bu çox önəmli bir sənəddir ki, Konstitusiya səviyyəsində dövlət varisliyi öz əksini tapır. Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti ərazi baxımından Azərbaycan Sovet Respublikasından çox geniş idi. Söhbət Azərbaycan tərəfindən mübahisəsiz bilinən 114 min kvadrat kilometrdən gedir. Yəni birbaşa olaraq bu Konstitusiya Aktı hüquqi baxımdan ən azından bu gün həmin torpaqlara Azərbaycan hakimiyyətinin dövlətinin və xalqının varisliyi bir hüquqi əsasdır. Digər tərəfdən də nəzərə alınmalıdır ki, həmin dövrdə Ermənistan üçün yaradılmış o dövlətin ərazisi 10 min kvadrat kilometrə qədər idi. Deməli qalan ərazilər sovet dövründə Kommunist partiyasının, mərkəzi hakimiyyətin iradəsi ilə Azərbaycan xalqının milli maraqlarına, iradəsinə zidd olaraq Ermənistana verilib. Bu özü də bu gün istər Ermənistanla sülh müqaviləsinin imzalanması, istərsə də ərazi məsələləri ilə bağlı müzakirələrdə Azərbaycan tərəfinin əlində olan son dərəcə tutarlı bir silahdır.

-28 may Müstəqillik gününü ümumən necə dəyərləndirərdiz?

-Hər il may ayının 28-i Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. Bu, Azərbaycan Cümhuriyyətinin irsinə olan ehtiram və o irsin mahiyyəti etibarı ilə aktuallığını saxlaması ilə bağlıdır. Bu elə bir modern dövlətçilik modelidir ki, günümüzdə də Avropa dövlətləri, demokratik təsisatlara sahib cəmiyyətlər məhz bu tarixlə tanış olduqda Azərbaycan xalqının bir nailiyyəti kimi bunu ancaq təqdir edirlər. Azərbaycan Cümhuriyyəti tarixi tək Azərbaycanın deyil, elə türk dünyasının da müasir, demokratik toplumlara bir giriş vəsiqəsidir.