Son zamanlar Bakı və ətraf ərazilərdə suyun fasilələrlə verilməsi müşahidə olunur. Belə ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır.
Yeri gəlmişkən, son günlər Kür çayında da suyun həcmi kəskin şəkildə azalıb. Hətta çayın keçdiyi bəzi ərazilərdə bunu açıq-aşkar görmək mümkündür. Müşahidələrə görə, təkcə son 10 gündə çayda suyun səviyyəsi təxminən 50 santimetr aşağı düşüb.
Bəs, görəsən, hazırda ölkənin su ehtiyatlarında vəziyyət necədir? Doğrudanmı, bizi su qıtlığı gözləyir?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, ekoloq Ənvər Əliyev deyib ki, su qıtlığı ölkəmizə yağıntıların az düşməsindən qaynaqlanır:
“Çaylar yağıntıdan və yeraltı sulardan qidalanır. Çoxillik iqlim göstəricilərinə əsasən qış ayları yağıntıların az olduğu dövrdür. Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində olacaq. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb. Təbii ki, suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”.
Mütəxəssis onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb: “Hələ Samur çayından danışmıram. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.
Ekspert Kür çayının quruma səbəblərindən də danışaraq qeyd edib ki, buna əsas səbəblərdən biri su anbarlarıdır: “Ölkəmizdəki çayların böyük əksəriyyəti tranzit çaylardır. Kür çayı bizim əsas su mənbəyimizdir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Bu qidalanmada da bəzi hissələrdə su anbarları var. Bu çay ümumillikdə respublikamız daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də maksimum dərəcədə gələcək üçün bu çaydan istifadə etməyə çalışır. Bu problem ucbatından da Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır. Ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlar suyu gələcəkdə daha “səmərəli” istifadə üçün yığmağa çalışır. Nəticədə çaya bir hücum başlayır. Kürün quruması təhlükəsi həm də Araza aiddir. Çayın qurumasının qarşısının alınması üçün başlıca olaraq suvarma sisteminə diqqət edilməlidir. Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Kürün şəklinə baxanda utanırıq. Bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Kür daima bizi daşqınları ilə qorxudub. Amma indi Kür-Araz ovalığını çöküntülərlə təmin edən çay qurumaqdadır.
Suvarma sistemlərinin artırılması vacibdir. Suyun hər qramını diqqətlə istifadə etməliyik. Günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın. Bəlkə, bu qaydada Kürün qurumasının qarşısı alınar”.
Ekoloq Kür çayının qurumasının su qıtlığı yaratmaqla yanaşı, həm də torpaqları şoranlaşdırdığını qeyd edib: “Təəssüf ki, həmin ərazilərdə nəhəng şoranlıq yaranıb. Kürün qurumasının səbəbləri ciddi araşdırılmalıdır. Kompleks iş ortaya qoyulduqdan sonra həll tapmaq olar. Ermənistan Gürcüstandan fərqli olaraq ölkələrarası su müqavilələrini imzalamır, bu da problem yaradır. Ermənistan çayı çirkləndirir, su israfına yol verir. Azərbaycana 8 hava kütləsi daxil olur, onlar bir-birindən olduqca fərqlidir. Suyun azalmasında insan faktoru əsas rol oynayır. Müəyyən dövr quraqlıq keçəcək. 2050-ci ildən başlayaraq planetdə ənənəvi soyuqlaşma başlayacaq. Buzlaşma dövründən yarımbuzlaşma dövrünə keçid olacaq. Bəlkə də, bu hazırlıq ona doğru gedir. Çünki belə hallarda adətən quraqlıq gəlir, daha sonra ardınca qəfil soyuqlar baş verir”.