Nadir minerallar uğrunda yarış Tacikistanın dağ-mədən sektorunda bumu artırıb. Hərbi texnikadan tutmuş təmiz enerji, kosmetika və batareyalara qədər bir çox əsas sektorlarda istifadə edilən sürmə ehtiyatları nadir minerallar uğrunda yarışda mühüm rol oynayır.
Hafta.az-ın yazdığına görə, ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) məlumatında deyilir ki, Çin dünyada sürmənin təxminən yarısını istehsal edir. İkinci sırada Tacikistan gəlir. Mərkəzi Asiya ölkəsi 2023-cü ildə təxminən 21 min ton sürmə istehsal edib ki, bu da dünya istehsalının təxminən dörddə biri deməkdir.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) sürmə ehtiyacının 54 faizini Tacikistandan idxal hesabına ödəyir.
AFP-nin hesabatında deyilir ki, Tacikistan sənayeləşmə səylərini maliyyələşdirmək üçün sürmə ehtiyatlarından istifadə edir.
Ümumiyyətlə, Tacikistan son vaxtlar mədən bumunun iqtisadiyyatı canlandırdığı bildirilir. Tacikistan hökumətinin tərəfdaşı olduğu “Talco Gold” şirkəti ölkənin qərbindəki Sarıtağ rayonundan sürmə çıxarır. Hesabatda qeyd edilir ki, təxminən 1500 işçinin çalışdığı mədən Çin şirkətləri ilə birgə idarə olunur. Pekin hökuməti 2022-ci ildə şirkətə sərmayə qoyub.
Bildirilir ki, mədəndən çıxarılan xammaldan yerli müəssisədə 30 faiz təmizlikdə sürmə istehsal olunur.