Naxçıvanda K.İ.Çukovskinin anadan olmasının 140 illiyi münasibətilə kitab nəşr olunub

18:54 03.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Korney İvanoviç Çukovski” kitabı nəfis tərtibatda işıq üzü görüb.

Hafta.az xəbər verir ki, bu il dünya uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, yəhudiəsilli rus yazıçısı, şairi Korney İvanoviç Çukovskinin anadan olmasının 140 illiyi qeyd olunur. Bu münasibətilə nəşr olunan kitabda K.İ.Çukovskinin həyat və yaradıcılığı, əsərlərinin dünyəvi əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Ədəbiyyatşünas-alim, tərcüməçi, memuarçı, tənqidçi, dilçi, ictimai xadim, filologiya elmləri doktoru, Oksford Universitetinin fəxri ədəbiyyat doktoru Çukovskinin bir sıra şeir, poema və nağılları rus uşaq ədəbiyyatının Qızıl Fonduna daxil edilib. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillər üçün faydalı ədəbiyyat xəzinəsi yaradan Çukovski irsi bütün dünyada sevilə-sevilə öyrənilməkdədir.

Dünya uşaq ədəbiyyatı balacaların qəlbində nəcib hisslər oyadan, zərif duyğularını mənzum və mənsur əsərlərlə işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Bu gün bu səmimi ədəbiyyat daha aktualdır. Necə deyərlər, “uşaqların üzü elə gülsün ki, mərmilər utanıb geri qayıtsın”.

Uşaq psixologiyasını öyrənmək və onların dili mənimsəmə prosesinin dərki Korney Çukovskinin həyatında mühüm nəticələri olan bir həvəs və maraq idi. Korney Çukovski uşaqları çox sevər və özünü bütün varlığı ilə onlara həsr edərdi.

Cəmiyyətdə saxtakarlığa, savadsızlığa, özündənrazı meşşan kütlüyünə qarşı Korney İvanoviç daim mübarizə aparıb, bu mövzuda kəskin məqalələri çap olunub. O, müasir ədəbiyyatdakı bütün yenilikləri, orijinal düşüncə tərzini, böyük ümidləri müdafiə və təqdir edib.

Qeyd etmək lazımdır ki, Korney Çukovskinin atası Emanuil Levenson vaxtı ilə Bakıda yaşayıb və burada işləyib. Məzarı Bakıda olan E.Levenson “Qurd qapısı”ndakı qəbiristanlıqda dəfn olunub. Burada üç yan-yana məzarda - solda Emanuil Solomonoviçin qızı Henrietta Levenson-Roxlina, ortada Çukovskinin atası, sağda isə onun zövcəsi Klara Levenson uyuyur.

Çukovskinin uşaqlar üçün yazılmış şeir və nağıllarını böyüklər də sevə-sevə mütaliə edirlər. O, uşaq şeirinin nəzəriyyəsini yaradıb, bu şeirin qrafik təsvir üsulunu, ritmikliyini, musiqiliyini və orijinallığını əsaslandıra bilib.

Uşaqlar üçün Korney Çukovski ilk dəfə 1915-ci ildə yazmağa başlayıb, “Timsah” poemasını ərsəyə gətirib. Ardınca uşaq nağılları – “Moydodır”, “Tarakancığaz”, “Milçək-vizilçək”, “Barmaley”, “Telefon” nağıllarını – uşaq ədəbiyyatının solmaz incilərini yaradıb. Çukovski xarici müəlliflərin əsərlərinin tərcüməsi ilə də məşğul olub. Yazdığı uşaq nağılları ilə demək olar eyni vaxtda onun tərcüməsi ilə Kiplinqin “Nağıllar”ı, “Tom Soyyerin macəraları”, “Heklberri Finnin macəraları” da işıq üzü görüb.

S.Obraztsovun sözləri ilə desək, “Əgər Çukovskinin uşaq qəlbinə doğru saldığı cığırları uc-uca calasaq, bu yol Aya qədər çatar”.

Oxunma sayı 82
Mədəniyyət rubrikasından digər xəbərlər