Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Hafta.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Görüş zamanı “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yeni nəsil idarəçilərin formalaşmasına, onların peşəkar inkişafına və idarəçilik potensialının üzə çıxarılmasına verdiyi töhfələrdən bəhs olunub. Müsabiqə qaliblərinin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dövlət və özəl sektorda uğurlu karyera imkanlarının genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyəti vurğulanıb.
Nazir Rəşad Nəbiyev qaliblərlə söhbət zamanı rəqəmsal transformasiya, innovasiyalar və müasir idarəçilik yanaşmaları barədə fikirlərini bölüşüb. O, gələcəyin idarəçiləri üçün çevik düşüncə, strateji yanaşma, texnologiyalara açıq olmaq və davamlı inkişafın vacibliyini qeyd edib.
Nazir həmçinin “Yüksəliş” müsabiqəsi çərçivəsində həyata keçirilən Mentorluq Proqramının əhəmiyyətindən danışıb.
O, qaliblərlə yanaşı, proqramda mentilərlə işləməyin də mühüm təcrübə olduğunu qeyd edib. Bildirib ki, bu proqram perspektivli kadrların peşəkar baxışının formalaşmasına, idarəçilik təcrübəsi qazanmasına, real iş mühiti və qərarvermə prosesləri ilə daha yaxından tanış olmasına imkan yaradır. Mentorluq Proqramının qarşılıqlı inkişaf platforması olduğunu vurğulayan Rəşad Nəbiyev bu prosesin həm qaliblər, həm də mentorlar üçün faydalı bilik və təcrübə mübadiləsinə şərait yaratdığını diqqətə çatdırıb.
Sonda müsabiqə qalibləri onları maraqlandıran sualları ünvanlayıb və peşəkar inkişafla bağlı fikir mübadiləsi aparıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.