Növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib - FOTO

15:10 23.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hafta.az xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 1000-dən artıq sakinin yaşadığı A.Məhərrəmov küçəsi 33, 33b və 35 saylı binaların əhatə etdiyi ərazidə abadlıq-quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 33 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Binanın həyətində pilləkən və panduslar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 1800 kvadratmetr asfalt örtüyü, 800 kvadratmetr tamet daşı vurulub, 500 kvadratmetrdən artıq qazon salınıb, 400 paqon metrdən artıq yeni bardürlər qoyulub, 250 paqonmetr istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub. Yağış sularının axıdılması üçün xətt çəkilib. Həyətdə sahibsiz itlər üçün damlar və quş yuvaları quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə 50 ağac və 450 ədəd mövsümi çiçəklər əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 300 paqonmetr su xətti çəkilib, 100 kubmetrə yaxın torpaq işləri görülüb. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.