Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ay "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu təsdiqləyib. Qeyd edək ki, bu qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.
Qanunda elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.
Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.
Sənəddə qeyd edilib ki, ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
Bundan başqa, sənədə əsasən, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən edilir.
Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Yeni qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək.
Həmin təşkilatlar aşağıdakılardır:
- Azərbaycan Mərkəzi Bankı;
- banklar və xarici bankların yerli filialları;
- Bank olmayan kredit təşkilatları;
- Poçt rabitəsinin milli operatoru;
- Ödəniş təşkilatları;
- Elektron pul təşkilatları.
Bəs, görəsən, sözügedən qanunun hansı üstünlükləri var? Qanun nə vaxt qüvvəyə minəcək?
Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib ki, gələn ilin mayın 1-dək Azərbaycanda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır. Onun sözlərinə görə, "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanunun noyabr ayında qüvvəyə minməsindən sonra növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib: "Bu qanunun gətirdiyi ən böyük üstünlük ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla, onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin etməsidir”.
AMB rəsmisi qeyd edib ki, bu qanunun qəbulu ölkədə tamamilə yeni ekosistemin formalaşdırılmasına imkan yaradacaq: "Ödəniş xidmətləri üzrə səmərəliliyin artırılması, inkluzivliyin genişləndirilməsi və istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaranacaq. Qanun xarici ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün iki imkan yaradır. Onlar həm ölkəmizdə filial açmaqla, həm də filial açmadan banklarla müqavilə bağlamaqla fəaliyyət göstərə biləcəklər. Banklarla xarici ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığa dair tələblər də qanunda əks olunub”.
K. Qurbanova deyib ki, bu vaxta qədər həm MDB, həm də Avropa ölkələrindən Azərbaycanda filial açmaq üçün müraciətlər olur: "Bunun üçün qanunvericilikdə hansı tələblərin olduğu soruşulurdu. Artıq bu şərtlər qanunla müəyyən edilib".
Mövzu ilə bağlı millət vəkili Rüfət Quliyev qəzetimizə açıqlamasında bildirib ki, bu qanun bank və maliyyə sisteminə yeni innovativ dəyişikliklər gətirəcək: “Təbii ki, yeni qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək. Bu siyahıda Azərbaycan Mərkəzi Bankı ilk sırada dayanır. Bunun iki məqsədi var. Birinci məqsəd odur ki, bütün ödənişlər daha şəffaf olsun, nağdsız ödənişlər üstünlük təşkil etsin. İkinci məqsədə gəlincə, vətəndaşlar üçün əlçatanlığın və rahatçılığın təmin olunması hədəflənib. Yəni, bu sistemdə dərinləşmə mexanizmi getməli idi. Ona görə ki, biz artıq beynəlxalq maliyyə sisteminə, bank sisteminə inteqrasiya olunuruq. Əgər 15-20 il bundan qabaq kimsə desəydi ki, Azərbaycanda və yaxud Azərbaycandan xaricə kredit kartları, bank kartları ilə ödənişləri etmək olar, bu ağlabatan deyildi. Amma bu gün Azərbaycanda ola-ola bir çox bank və maliyyə məsələlərini həll etmək olur. Bu mənada “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun vətəndaşların işini daha da asanlaşdıracaq. Eyni zamanda, qanunda kiber təhlükəsizliklə bağlı məqamların nəzərə alınması vətəndaşların öz ödənişlərini təhlükəsiz şəkildə həyata keçirməsinə imkan yaradacaq”.