“Ölkələrimizin mədəniyyətlərini humanitar əlaqələr vasitəsilə öyrənirik” - Diplomat

09:55 10.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynalı müdafiəçilərin uşaqlarının reabilitasiyası təşəbbüsü çərçivəsində həlak olan və ya itkin düşən ukraynalı döyüşçü ailələrindən olan 4 qrup uşaq Türkiyəyə gətirilərək reabilitasiya prosesinə cəlb edilib.

Hafta.az-ın yazdığına görə ,Ukraynanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Aleksey Çernışev ölkəsinin xarici işlər naziri Andriy Sıbihanın təşəbbüsü ilə həyata keçirilən layihə barədə “Ukrinform”a danışıb.

Layihənin təkcə uşaqların 7-10 gün ərzində bombardmansız və hava hücumları olmadan dinc həyat yaşamalarını təmin etmək, onların fiziki və ruhi sağlamlıqlarını yaxşılaşdırmaq üçün həyata keçirildiyini bildirən Çernışev, layihənin eyni zamanda ukraynalı uşaqların dünyaya daha geniş qavrayış və dünyagörüşü qazandırdığını, onların arzularını həyata keçirmək imkanı yaratdığını deyib. "Nazir Sıbihanın təşəbbüsü ilə həyata keçirilən layihədə hazırda valideynləri Ukraynanı müdafiə edərkən həlak olan və ya itkin düşən uşaqlar da var. Bu yolla biz qəhrəmanlarımızı yad edir, onların ailələrinə dəstək oluruq" deyən Çernışev bildirib ki, layihə çərçivəsində artıq üç qrupda uşaq Türkiyəyə səfər edib, İzmir, Antalya və Trabzon vilayətlərində olublar.

“Coğrafiya olduqca genişdir: Egey, Aralıq dənizi və Qara dəniz. Biz tərəfdaşlarımıza, diplomatlarımıza və Ukrayna ictimaiyyətinə minnətdarıq. Bu güclü sinerji bizə bu layihəni uğurla həyata keçirməyə imkan vermir, həm də daha səmərəli əməkdaşlığın əsasını qoyur, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır və ölkələrimizin mədəniyyətlərini nəzəri cəhətdən deyil, insan təmasları vasitəsilə öyrənməyə imkan verir. Bu, uşaqların gələcəyinə və Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlərin inkişafına böyük töhfədir” deyən Çernışev eyni zamanda, ukraynalı futbolçuların da yer aldığı “Trabzonspor” futbol komandası ilə uşaqların birgə məşq, ekskursiyalar, tarixi yerlərə, muzeylərə səfər və əyləncə kimi fəaliyyətlərini də xatırladıb. Digər tərəfdən, Çernışevin sözlərinə görə, Ukraynanın birinci xanımı Olena Zelenskanın himayəsi altında həyata keçirilən təşəbbüs nəticəsində hazırda Türkiyənin ən məşhur muzeylərinin əksəriyyətində Ukrayna audio bələdçilərinin olması da çox dəyərlidir. Müvəqqəti işlər vəkili bunun sayəsində uşaqların türk tarixini və mədəniyyətini ana dillərində öyrənə biləcəklərinə diqqət çəkib.

Layihə üçün dövlət tərəfindən heç bir maliyyə vəsaiti almadıqlarını qeyd edən müvəqqəti işlər vəkili uşaqlara keyfiyyət və fərdi yanaşma ilə maraqlandıqlarını bildirərək, "Hər qrup fərqli təcrübədir. Biz hələ də mexanizmlər yaradırıq, onun necə işləyə biləcəyinin modelini yaradırıq, öz təcrübəmizdən öyrənirik. Məsələn, ilk uşaq qruplarına psixoloqu daxil etməmişik. Amma indi anlaayırıq ki, uşaq qruplarımızda psixoloq olmalıdır” deyib.

Bu və digər layihələrdə Türkiyədəki Ukrayna diasporunun fəaliyyətinə diqqət çəkən Çernışev hazırda Türkiyədə rəsmi qeydiyyatdan keçmiş 21 Ukrayna diaspor təşkilatının olduğunu qeyd edib. Çernışev deyib: "Onların hamısı çox fəaldır və kömək etməyə hazırdır. Mesajımız ondan ibarətdir ki, biz dövlət və səfirlik nümayəndələri olaraq əməkdaşlığa açığığıq. İstər Ankaradakı diasporla, istərsə də digər diasporlarla çox səmərəli əməkdaşlığımız var".