Özbəkistanla enerji əməkdaşlığının Yol Xəritəsi müzakirə edilib

13:00 28.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini - nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.

Energetika Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanmış Yol Xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulmuş vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı ilə bağlı fəaliyyətimizin əsasını təşkil edir. Qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətlərimiz ölkələrimiz arasında strateji tərəfdaşlığımızın dərinləşməsinə töhfə verəcək.

Oxunma sayı 1638