- Pakistanda seçki prosesi ilə əlaqədar müvəqqəti olaraq baş nazir kürsüsündə əyləşən Ənvərül-Hak Kakar Əfqanıstanda Amerika ordusunun tərk etdiyi silahların silahlı qrupların əlində olduğunu bildirib.
Hafta.az-ın "Arab News"a istinadən yazdığına görə, ABŞ-ın bölgədən çəkilərkən gecəgörmə durbinindən zirehli texnikaya qədər bir çox hərbi texnikanı geridə qoyduğuna diqqət çəkən Kakar, bu silahların bir hissəsinin Pakistan Talibanının (TTP - Tehrike Taliban Pakistan) əlinə keçdiyini iddia edib.
TTP Talibandan fərqli təşkilat olsa da, Kabil administrasiyasının müttəfiqlərindən biri kimi görünür.
Son aylar Pakistan təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını artıran TTP-nin hücum qabiliyyətinin yüksəldiyini bildirən Kakar, bu vəziyyətin ölkəsi üçün yeni problem yaratdığını bildirib.
Ənvərül-Hak Kakar, silahların TTP-nin əlində olduğuna dair iddialarında Əfqanıstan Talibanını günahlandırmasa da, iki təhlükəsizlik mənbəsi AP-yə silahların bir hissəsinin TTP-yə Taliban tərəfindən verildiyini, digərlərinin isə satıldığını bildirib.
Pakistan Talibanı son aylar paylaşdıqları görüntülərdə lazer silahları və istilik sistemlərinin olduğunu iddia edib. Təşkilat əvvəllər yalnız AK-47 avtomatları ilə döyüşürdü.
Taliban hakimiyyəti ələ keçirdikdən sonra TTP yaraqlıları Əfqanıstanı təhlükəsiz sığınacaqa çevirdilər ki, bu da son vaxtlar İslamabadla Kabil arasında münasibətləri gərginləşdirib. 20 il davam edən müharibədən sonra 2021-ci ilin avqustunda ABŞ və NATO qüvvələrinin xaotik proses nəticəsində Əfqanıstandan çıxarılması Talibanın ölkəni sürətlə ələ keçirməsi ilə nəticələndi.
Taliban Amerika ordusundan qalan çox sayda silah, sursat, helikopter və digər döyüş texnikasını ələ keçirmişdi. Əfqanıstanda qalan hərbi texnikanın dəqiq dəyəri bilinməsə də, ABŞ müdafiə rəsmiləri bunun yüksək olduğunu bildiriblər.