Pakistan daim bizim yanımızdadır - Elman Nəsirov

13:58 27.02.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mövcud geosiyasi reallıqlar ortaq tarixi keçmişə və mədəniyyətə, maraqlara söykənən dövlətləri təbii olaraq bir araya gətirir. Dünyada baş verən gərgin proseslər ayrı-ayrı ölkələrin öz siyasi xəttini, istiqamətlərini birgə müəyyənləşdirməsinə yol açır ki, bunu Azərbaycan-Pakistan münasibətləri kontekstində bir nümunə olaraq görmək mümkündür. Pakistan-Azərbaycan tərəfdaşlığı dünyaya, regiona, bəşəriyyətə nə vəd edir? Müsahibimiz Milli Məclisin deputatı Elman Nəsirovdur.

- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bir daha bütün dünyaya məlum oldu ki, Azərbaycan-Pakistan dostluğu və qardaşlığı sarsılmazdır, siyasi münasibətlərimiz ən yüksək səviyyədədir. 2023–2024-cü illərdə, artıq iki dəfə Pakistanın Baş naziri Azərbaycanda səfərdə olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə Pakistana rəsmi səfər edib, indi də, yəni 2025-ci ilin fevral ayında cənab Məhəmməd Şahbaz Şərif Azərbaycana gəlib.

İkitərəfli münasibətlərimizin iqtisadi istiqamətləri elə də ürəkaçan deyil. Halbuki onu çox genişləndirmək potensialı var. Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymaq niyyətindədir. Bu istiqamətdə artıq işlər gedir və İslamabada keçənilki səfər zamanı belə bir razılaşma əldə etmişdik. Yəqin ki, aprel ayının əvvəllərində bu istiqamətdə konkret hüquqi sənədlər imzalanacaq. Doğrudan da bu rəqəm kifayət qədər böyükdür və iki dövlətin əlaqədar inkişafı üçün geniş imkanlar pəncərəsi açılır.

Eyni zamanda, Azərbaycan Prezidenti və Pakistanın Baş naziri vurğuladılar ki, iki dövlət arasında hərbi-texniki sahədə, eyni zamanda, müdafə sənayesi sahəsində əməkdaşlığın geniş imkan və perespektivi var. Nəzərə alaq ki, bu gün Pakistan müdafiə sənayesi sahəsində xeyli inkişaf etmiş dövlətdir, Azərbaycanın da bu sahədə yaxşı təcrübəsi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi təyinatlı məhsullarının satışını həyata keçirib. Bu baxımdan, birgə müəssisənin açılması və birgə hərbi sahədə istehsalın təşkil edilməsi olduqca vacib, əhəmiyyətli məsələlərdən biridir.

Azərbaycan Prezidenti onu da qeyd etdi ki, bizim daşınmalar, logistika sahəsində yaxşı əməkdaşlıq imkanları var. Nəzərə alsaq ki, Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsidir, bu, əlavə imkanlar yaradır ki, Azərbaycanla Pakistan arasında əlaqələri daha da inkişaf etdirək.

Bu səfər çərçivəsində 10-dan artıq sənəd imzalanlb ki, bu, özü bir göstəricidir. Xüsusilə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın özünü ehtiva edən sənədlərin imzalanması çox əhəmiyyətli hadisədir.

– Azərbaycan–Pakistan tərəfdaşlığı beynəlxalq geopolitik münasibətlər sistemində hansı rola, təsirə malik olacaq?

– Azərbaycan–Pakistan rəhbərlərinin görüşündə, danışıqlar prosesində beynəlxalq münasibətlərin geniş spektrına dair məsələlər də müzakirə edildi. Bugünkü dünyamızın yeni geosiyasi reallıqlarına toxunuldu. Əsas mövqe ondan ibarətdir ki, hər iki dövlət bir-birinin mövqeyini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəkləyir. İstənilən beynəlxalq təşkilat çərçivəsində biz eyni mövqedən çıxış edirik. Xüsusilə də fundamental məsələlərdə bizim mövqeyimiz tam üst-üstə düşür. Bu bir dostluq, qardaşlıq nümunəsidir.

– Daha çox hərbi sahəyə diqqət çəksək, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın münaqişəyə münasibəti necə idi və hazırda bu yöndə münasibətlər necə davam edir?

– Bəli, 2-ci Qarabağ müharibəsi zamanı Pakistan hər zaman Azərbaycanın yanında yer aldı, haqq işini müdafiə etdi. Bu barədə Azərbaycan Prezidenti Pakistan Baş nazirinin Azərbaycana rəsmi səfəri zamanı etdiyi çıxışında da vurğuladı. Pakistanın həm müharibə öncəsi, həm müharibə dövründə, həm də müharibədən sonrakı reallıqlarda hər zaman Azərbaycanın yanında olduğu bir daha yüksək kürsüdən səsləndi. Əldə edilmiş razılaşmalar, eyni zamanda bütün müzakirə edilən məsələlərin geniş spektrı üzrə mövqelərimiz tam üst-üstə düşür. Bu olduqca vacib məsələdir.

Həllini gözləyən məsələlərin tənzimlənməsi ilə bağlı siyasi iradə ortadadır. Dövlət başçılarının dostluğu, xalqlarımızın dostluğu və dövlətlərimizin dostluğu, qardaşlığı bütün bu məsələlərin öz müsbət həllini tapması üçün unikal imkanlar pəncərəsi açmış olacaq.

– Azərbaycanla Pakistanı hansı dəyərlər birləşdirir?

– Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır, beynəlxalq hüquqa əsasən bir-birinin daxili işinə qarışmamaq prinsipini rəhbər tutaraq qarşılıqlı əməkdaşlığa üstünlük verir. 

Dostluq, qardaşlıq bir-birinə dəstək, kömək kimi məsələlər hər zaman aktualdır və Azərbaycanla Pakistan bunu nümayiş etdirir. Biz bununla bütün dünyaya göstəririk ki, bu gün dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürməkdədir. “Dostluq, qardaşlıq necə olur” sualına cavab vermək üçün qalın-qalın kitablar oxumaq lazım deyil, Azərbaycan–Pakistan münasibətlərini araşdırıb bu suala cavab tapmaq mümkündür.

– Azərbaycan–Pakistan tərəfdaşlığı regionun təhlükəsizliyinə nə vəd edir, dost və düşmənlərə hansı mesajları verir?

– Azərbaycan–Pakistan əməkdaşlığı regionun təhlükəsziliyinə böyük dəstəkdir. Dostluğumuz müxtəlif istiqamətlər üzrə, o cümlədən hərbi-texniki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız heç bir halda üçüncü dövləti hədəfə almayıb. Əksinə, regionda təhlükəsizliyə töhfə vermək mahiyyəti kəsb edir. Hər iki dövlət rəhbəri razılaşıb ki, enerji, nəqliyyat, logistika təhlükəsiziyi sahələrində əməkdaşlığı daha da inkişaf etdirsinlər. İqtisadi əlaqələri daha da yüksək nöqtəyə qaldırmaq lazmdır. Bu, nəticə etibarilə regionun təhlükəsizliyinə və inkişafına xidmət edən amillərdir.

Təbii ki, dostlarımız buna sevinir, düşmənlərimiz isə narahat olur. Belə münasibətlər həm Azərbaycanı, həm də Pakistanı daha da gücləndirir. İki qardaş, dost dövlətin bir yerdə olması, bütün məsələlərdən ortaq mövqedən çıxış etmiş anti-Azərbaycan, anti-Pakistan dirələrin yuxusuna haram qatır. Bu bizi qorxutmur, çünki işimiz haqq işidir.