Avqust ayının 21-dən Məhərrəmlik ayı başlayıb. Bu ayın 31-i isə qətl sınan gün olacaq. Hər il insanlar bu gün məscidlərə toplaşırdılar. Bu il isə pandemiya ilə əlaqədar belə kütləvi toplaşma mümkün olmayacaq. Bəs qətl günü qeyd edilməlidirmi, edilməsi vacibdirmi?
Hafta.az-a sualımızı şərh edən ilahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, əslində pandemiyadan öncə də hər zaman insanlara tövsiyyə olunur ki, bu ayda bir yerə toplaşıb ağlaşmaq qurmaq, qan çıxarmaq və s kimi şeylər etmək düzgün deyil:
“Amma cəmiyyətdə biz bunun əksini görürük. Düzdür, Məhəmməd Peyğəmbərin nəvələrinin şəhid olduğu gündür, amma bunu xüsusi tərzdə keçirilməsi ilə bağlı İslam dinində məlumat yoxdur. Məhərrəm ayında insanlar İslam qaydalarına zidd hərəkətlər edirlər. Yaxşı olardı ki, bu adət-ənənə pandemiyadan sonra da olmasın. Hazırda pandemiya dövrüdür, bir yerə toplaşmaq tibbi cəhətdən doğru deyil. İnsanların bir yerə yığılması - yas yerləri, toy məclisləri, məscid ibadətləri və s. xəstəliyin daha da artmasına səbəb ola bilər. Hətta evlərdə də toplaşıb dini ayinləri qeyd etmək olmaz. Çünki bir neçə nəfər bir yerə toplaşırsa ola bilər ki, yoluxmuş bir nəfər orada iştirak edən hər kəsi yoluxdursun".
İlahiyyatçı qeyd etdi ki, bu ayı xüsusi təmtəraqla qeyd edənlər elə bilirlər ki, qeyd etməsələr günah işləmiş olacaqlar:
“Məhərrəm ayında yığışmaq, ağlamaq, vay-şüvən etmək İslam dinində yoxdur. Sadəcə radikal dindarların özlərinin uydurmasıdır. İslam dinində belə mərasimlər haqqında məlumat yoxdur”.