Payız bahalaşma vəd edir - AKTUAL

12:52 07.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Statistik məlumatlara görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri, təxminən, 19 faiz bahalaşıb. Ən çox bahalaşma tərəvəz məhsullarında (60 faiz), çörək və un məmulatlarında (18 faiz) qeydə alınıb. Əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda qidadan təşkil olunmuş səbətin dəyəri isə təqribən, 68 faiz artıb. Qarşıdan payız və qış mövsümünün gəldiyini nəzərə alsaq, bahalaşmanın davam edəcəyini proqnozlaşdırmaq olar. Bu dövrlərdə bahalaşmanın səbəbləri kimi həm mövsümə görə tələbatın dəyişməsi, həm də inflyasiya göstərilir. Avqust ayından ət və ət məhsullarında artım müşahidə olunur?

Bəs, görəsən qaşıdan gələn payız mövsümündə daha çox hansı məhsullar bahalaşacaq? Problemdən çıxış yolları nədən ibarətdir?

Məsələyə münasibət açıqlayan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əsas artım şokları oktyabrın sonlarından başlayacaq: "Sentyabr ayında elə də ciddi artım şokları gözlənilmir. Məsələn, şimal bölgələrində açıq sahədə pomidor gec çıxır. Buna görə məhsulun bol vaxtı sentyabr ayına düşəcək. Beləliklə, onun da qiymətində ucuzlaşma olacaq. Ətin qiymətində 1 manat, bəzi yerlərdə isə 2 manat bahalaşma var. Biz bu qiymət artımını daha tez gözləyirdik, ertələndi. Eyni təsirə malik olan kərə yağının bahalaşmasını da gözləyirik. Sentyabr ayında ciddi bahalaşmadan söhbət getməyəcək. Ətin qiyməti məxsusi olaraq, daxili istehsalın kəskin azalması ilə bağlıdır. Çünki dünya bazarında da bir sıra təlatümlər var. Məsələn, taxıl sazişinin pozulması var. Bu dünya bazarında ərzaq buğdasının, un məhsullarının qiymətinə təsir edir. Amma  məsələ orasındadır ki, bolluq var. Bolluq bu vəziyyəti kompensasiya edir. Bu il bütün dünyada taxıl məhsulu boldur. Rusiya  hər il 35-40 milyon ton ərzaq buğdası istehsal edirdi. Bu il isə 48 milyon ton ərzaq buğdası istehsal edir. Digər istehsalçılar da 8,10,15, Hindistan isə ümumiyyətlə 20 faiz artıq buğda istehsal edib. Ümumilikdə, əsas artım şokları oktyabrın sonlarından başlayacaq. Bu dövrdə dünya bazarında da qiymətlərin bahalaşması gözlənilir. Meyvə, əsasən də tərəvəz mövsümü başa çatacaq. Tərəvəz məhsulu sona çatandan sonra  yenidən  biz ətin, yağın, süd və süd məhsullarının qiymətində artım müşahidə edəcəyik".

Ekspert problemdən çıxış yolunu aqrar sektorun inkişaf etdirilməsində görür: “Məsələn, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Amma biz bu gün pambıqçılığa daha çox diqqət ayırırıq. Biz pambıq ixracından il ərzində 150-200 milyon dollar vəsait qazanırıq, amma kənd təsərrüfatı məhsullarının, o cümlədən ətin idxalı üçün ümumilikdə il ərzində 2,5 milyard dollar vəsait xərcləyirik. Pambıqçılıqdan əl çəkib, aqrar məhsulların istehsalını genişləndirsək, ildə 2 milyard dollar qənaət edə bilərik".

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, Azərbaycanda əsasən noyabr ayından başlayaraq Yeni il bayramına qədər və həmin ərəfədə qiymət artımı olur: “Yay aylarında daim qiymətlərdə sabitlik müşahidə olunub. Bu, mövsümi xarakterli dəyişikliklərlə bağlıdır. Yerli məhsulların bazara çıxması ilə qiymətlərdə sabitlik yaranır. Bu il də inflyasiyanın sürətinin zəifləməsinin şahidi olduq. Yəni, yay aylarında qiymət artımında bir səngimə qeydə alındı. Həmçinin, son səkkiz ayda beynəlxalq bazarlarda ərzaq qiymətlərində ucuzlaşma görürük. Dünya bazarlarında bahalaşma dalğası xeyli səngiyib. Bizim də idxaldan çox asılı olduğumuzu nəzərə alsaq, bu hal ciddi təsir göstərib. Belə ki, idxal mallarında müəyyən qiymət sabitliyi baş verib. Azərbaycanda əsasən noyabr ayından başlayaraq Yeni il bayramına qədər və həmin ərəfədə qiymət artımı olur. Yerli məhsulların bazardan azalması, idxal məhsullarının artımı da buna təsir edir. Amma bayramlar öncəsi tələbin artmasının da rolu var. Ərzaq məhsullarının son illərdəki qiymətini analiz etsək görərik ki, noyabr-dekabr aylarında inflyasiya sürətlənir. Belə ki, ərzaq məhsullarının qiymətində artım baş verir. İndi də buna bənzər hadisələrin şahidi ola bilərik. Biz idxaldan asılı ölkəyik. 70-75 faiz ərzaq məhsullarını xaricdən alırıq. Xaricdəki qiymət artımı tendensiyasının tam zəifləmədiyini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, payız aylarında qiymət artımının növbəti dalğasını yaşaya bilərik".

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli isə vurğulayıb ki, qarşıdakı dövrdə əsasən un məmulatlarının qiyməti bahalaşacaq: "Son 12 ayda dünya ərzaq bazarında davamlı ucuzlaşma var. Taxılın qiymətində 30 faiz, ümumilikdə ərzaq məhsullarında 26 faizlik, ət, şəkər çuğunduru, duru yağların qiymətində isə ciddi şəkildə ucuzlaşma müşahidə olunur. Ötən ay Rusiya Taxıl Sazişini dayandırmasaydı, un və çörək bir qədər də ucuzlaşacaqdı. İndiki məqamda isə Rusiyanın qərarı ucuzlaşmanı dayandırdı, müəyyən qədər bahalaşma gözlənilir. Bu bahalaşma Azərbaycana da təsir edəcək".