Onunla hafta.az üçün növbəti söhbətimizdə Moskvadakı 9 May paradı ərəfəsində və sonra Azərbaycan-Rusiya münasibətləri, Kremldə kimlərinsə 220 il öncə imzalanmış və faktiki, Qarabağ Xanlığını Çar Rusiyasına təslim etmiş Kürəkçay müqaviləsini xatırlayaraq, Ermənistandakı revanşistləri fəallaşdırmaqla Qarabağ kartını yenidən meydana atmaq cəhdləri, İmişlidə SSRİ bayrağı qaldırılması və sinələrdə Rusiya şovinizminin rəmzi olan Georgi lentinin peyda olması və digər məsələlər haqqında danışdıq. Müsahibimiz Azad Vətən Partiyasının sədri Akif Nağıdır.
- Sizcə, Azərbaycan-Rusiya münasibətlərindəki bu kəskin soyuma nə vaxta qədər davam edəcək?
- Məlumdur ki, Rusiya regionda diktat mövqeyi seçib. Təzyiq, güc tətbiq etməklə region dövlətlərini özündən asılı vəziyyətdə saxlamağa çalışır. Əvvəlki durumu bərpa etməyə cəhd göstərir. Müəyyən zaman kəsimində Rusiya xeyli dərəcədə güclü idi və xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsindən yararlanaraq Cənubi Qafqazı da təsir dairəsində saxlayırdı. İkinci Qarabağ savaşındakı qələbələrdən sonra Azərbaycan tam şəkildə müstəqil, sərbəst siyasət yeritməyə başladı. Bu da təbii ki, Rusiyanın xoşuna gəlmir. Azərbaycanın sərnişin təyyarəsinin vurulması, ölkəmizin rəsmi internet resurslarına kiber-hücumların təşkili və son olaraq Azərbaycan deputatının Rusiyadan deport olunması - bunlar hamısı təzyiq formalarıdır. Azərbaycan da cavab olaraq öz mövqeyini qəti şəkildə ortaya qoydu və açıq şəkildə bildirdi ki, heç bir diktatdan, təzyiqdən söhbət gedə bilməz. Azərbaycan digər ölkələrlə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq etməyə hazırdır. Hətta Ermənistanla da müəyyən münasibətləri qaydaya salmağa hazır görünür. Onunla diktat, təzyiq dilində danışmağa çalışanlara dövlətimiz sərt şəkildə cavab verir. Rusiya ilə də münasibətlər eyni prinsiplər əsasında qurulur. Yəni Azərbaycanın dövlət maraqları tələb edəndə Rusiya ilə müəyyən iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıq edilir. Amma əksinə, hansısa problem, hadisə ilə bağlı sərt reaksiya tələb olunursa, Azərbaycan bu şəkildə davranır. Dövlət başçısının 9 May paradına getməməsi də bir növ, Rusiyanın ölkəmizə qarşı bir sıra yanlış addımlarına cavab olaraq bir siyasi demarş oldu. Xüsusilə də İlham Əliyevin mayın 9-da Moskva əvəzinə işğaldan azad edilmiş torpaqlara – Şuşaya, Xankəndinə, Ağdama yollanmasının özü də xüsusi mesaj idi.
Bütün bunlarla belə, hesab etmək olar ki, Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdəki maraqların kəsişmə nöqtələri olduğundan, hər iki tərəf normal münasibətlərdə maraqlıdır. Odur ki, bu cür hadisələrlə bağlı müəyyən dövrdə münasibətlər səngisə də, sonradan qarşılıqlı maraqlar münasibətləri yenə də normal məcraya qaytarmağa sövq edir. Hazırda da Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə müəyyən problemlər olmasına rəğmən iqtisadi və digər sahələrdə bir sıra layihələrin icrası davam etdirilir. Odur ki, gec-tez siyasi münasibətlərin də normallaşmağa gedəcəyi gözləniləndir...
- ABŞ Prezidenti Donald Trampın, ardınca Rusiya rəhbəri Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçilik missiyasını öz üzərinə götürməsini və bunun üçün məkan ayırmasını xahiş etmələrini necə dəyərləndirirsiniz?
- Putinin də Ərdoğana Ukrayna ilə danışıqlarda vasitəçilik üçün müraciət etməsi hesab edirəm, ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Yəni 3 il bundan öncə münaqişənin ilk qanlı mərhələsi başlayan vaxt Türkiyə təklifini vermişdi, şərtləri ortaya qoymuşdu. Rusiya və Ukrayna tərəfləri bu qədər qan töküləndən sonra Türkiyənin irəli sürdüyü təxminən eyni təkliflərin üzərinə gəldilər, İstanbul prosesinə qayıtdılar. Putin də başa düşür ki, bu müharibənin sonu yoxdur. Rusiya nə qədər özünü öysə də, nə qədər özünə arxayın olsa da, istədikləri nəticəyə nail olmadı. Ukrayna xalqı da geri çəkilmədi, mübarizəsini davam etdirdi. Söhbət yalnız Ukrayna rəhbərindən getmir. Xalq məğlubuyyətlə barışmadı, işğalla barışmadı. Rusiya bunu bütün Ukrayna boyunca hiss edir.
Hələlik bu gün üçün işğalçı ölkənin hərbi gücü var, silahı var, ordusu canlı qüvvə və texnika sayına görə üstündür. Ona görə də müəyyən nəticələrə nail olub. Rusiya bunları həddindən artıq böyük itkilər, əziyyətlər hesabına əldə edib.
Rusiyanın bu qələbəsi Pir qələbəsidir və artıq qələbə hesab olunmur. Bunu Putin başa düşür və öz mövqeyindən geri çəkilmək istəmir. Türkiyənin də Krımla bağlı mövqeyini bilir. Krımdan da geri çəkilmək istəmir. Həmçinin ukraynalılar da, dediyim kimi, mübarizədən geri çəkilmək istəmirlər. Ukraynada xalqın tələbi ortadadır. Görünür, bütün bu səbəblərdən Putin gecə saatlarında belə gözlənilməz bəyanatla çıxış edərək Ukrayna tərəfi ilə atəşkəs və digər məsələlərlə bağlı birbaşa görüşə, danışıqlara hazır olduqlarını bəyan etdi. Hər iki tərəf real vasitəçi axtarır. Görürlər ki, belə bir vasitəçi yalnız Türkiyə ola bilər. Bilirlər ki, başqa bir ölkənin və ya beynəlxalq qurumun vasitəçiliyi heç bir real nəticə verməyəcək. Hər iki ölkədə Türkiyəyə bir inam var. Türkiyə regionda sabitlik əldə olunmasında maraqlıdır. Xatırlayırsınızsa, taxıl sövdələşməsiylə bağlı ciddi bir böhran yaranmışdı. O dövrdə də hər iki tərəf Türkiyənin mövqeyini qəbul etdi. Hər iki tərəfə bu sərf edirdi. Türkiyə yalnız öz maraqlarını yox, hər iki tərəfin maraqlarını düşünürdü. Yəni Ukrayna və Rusiya bu situasiyanı görüblər. Hər iki tərəfdə müsbət bir fikir, ümid yaranıb ki, real şəkildə Türkiyənin vasitəçiliyinə arxalansalar, hökmən atəşkəs də əldə olunacaq, ardınca isə nə qədər çətin olsa da, sülh müqaviləsi də əldə ediləcək.
- İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsinə necə yanaşırsınız?
- İmişlidəki olay Azərbaycan cəmiyyətini çalxaladı, narahat etdi. Bəli, hamıda sual yaranır: bu, təsadüfdürmü, yoxsa kiminsə öz təşəbbüsüdür? Sifariş, əlbəttə, var. Sözsüz ki, “Georgi lenti”nin paylanması Rusiya şovinizminin bir simvoludur, əlamətidir. 7-8 il bundan öncə də, xatırlayıram, Bakıda da həmin simvol bir ara geniş şəkildə paylanmağa başlandı. Tezliklə Azərbaycan cəmiyyəti duyuq düşdü və buna ciddi etirazlar oldu, nəticədə rəsmi səviyyədə addımlar atıldı, hətta həbs edilənlər də oldu. Yəni onda da, indi də təbii ki, bu kampaniyanın arxasında Rusiya dayanıb. Ola bilər ki, Bakıda da, bəzi rayonlarda da kəşfiyyat aparıblar, ancaq heç kəs onların sifarişini yerinə yetirmək istəməyib, nəhayət, İmişlidəki bu şəxs qarmağa keçib. Həmin adamın açıqlamalarından da bəlli oldu ki, o özünü SSRİ-yə bağlı hesab edir, yəqin ki, yaxınlarından II Dünya savaşında da iştirak edib. SSRİ-nin o müharibədə iştirakına və ümumiyyətlə, Rusiya bolşevizminə xüsusi bir rəğbəti var. Bunlarla da özünə bəraət qazandırmağa çalışır. Halbuki yaxasına “Georgi lenti”ni vurması və keçmiş SSRİ bayrağını qaldırması çox böyük bir qəbahət idi. Səhvini düzəltmək əvəzinə, sual etdi ki, bəs niyə Türkiyə bayrağı Azərbaycanın hər yerində var. Həmin şəxs anlamır ki, Türkiyə bayrağıyla hər hansı digər bir ölkənin bayrağını, xüsusilə Azərbaycanı 70 il işğal altında saxlamış sovet-rus imperiyasının bayrağını eyniləşdirmək çox böyük nadanlıq və cahillikdir. Ona görə də hesab edirəm, məsələ ilə bağlı ciddi araşdırma aparılmalı, bunun köklərinin haradan gəlməsi, başqa bölgə və ya şəhərlərimizdə də belə cəhdlərin mümkün olub-olmaması müəyyən edilməlidir.
14 may - 220 il öncə -1805-ci ildə Qarabağ xanlığının qurucusu Pənahəli xanın varisi İbrahimxəlil xanın Rusiya imperiyasına təslim olduğu tarixdir. Deyəsən, Rusiyanın bugünkü ideoloqlarının həmin tarix yadlarına düşüb və 2023-cü ildə ermənilərin Qarabağdan köçməsi və “sülhməramlı”ların oradan çıxmasıyla əraziyə de-yure nəzarəti əldən buraxdıqlarını düşünərək yenidən 1988-ci ildə başlanmış son Qarabağ münaqişəsinin “valı”nı geri fırlatmağa çalışırlar. Ermənistanda Köçəryan və Sərkisyan başda olmaqla revanşist ermənilər, eləcə də Qarabağdan qaça bilmiş Vitali Balasanyan, Samvel Babayan kimi separatçı liderlər fəallaşdırılır. Balasanyan Putinə Qarabağa dönüşü tərənnüm edən məktub yazır...
- Düşünmürəm, Rusiyada kimlərsə 1805-ci ildə Qarabağ xanlığının Rusiyanın tabeliyinə verilməsi barədəki Kürəkçay müqaviləsi ərəfəsindəki situasiyaya uyğun bir durumun təkrarlanmasını xəyal etsin və bunu həyata keçirməyin mümkünlüyü barədə ciddi şəkildə düşünsün...
Bilirsiniz ki, Çar Rusiyası ilə Kürəkçay müqaviləsini Qarabağ xanlığı imzaladıqdan bir həftə sonra Şəki xanlığı da imzaladı. 1805-ci ilin sonunda dekabr ayında təxminən eyni məzmunlu müqaviləni Şirvan xanı da imzaladı. Bütün bunlar Rusiya işğalının bir göstəricisi idi. Xanlıqlar ciddi şəkildə müqavimət göstərirdilər. Həmin dövrdə Rusiya imperiyası hərbi cəhətdən çox güclü olduğundan ona müqavimət göstərmək də çox çətin idi. Ona görə də xanlıqlar artıq qan tökülməsin deyə, bu yolu tutdular və imperiya ilə müqavilə imzaladılar. Bunlar təslim aktı deyildi, tərəflərə bərabər hüquq verən bir sənəd idi. Yəni müqavilələrə əsasən Azərbaycan xanları Rusiya çarlığının hakimiyyətini qəbul edir, çar da onların yerlərdəki hakimiyyətini qəbul edirdi və söz verirdi ki, onların hakimiyyəti əbədi olacaqdır, hakimiyyətlərinə toxunulmayacaqdır. Fəqət, Rusiya öz sözünün üstündə dayanmadı və sazişləri pozaraq 1819-cu ildən başlayaraq bütün Azərbaycan xanlıqlarının müstəqilliklərini ləğv etməyə başladı. Ona görə də həmin sazişlər, o cümlədən Qarabağ xanlığıyla bağlanmış saziş öz mənasını itirib və heç bir tarixi-hüquqi əsasa malik deyil. Bununla belə, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu, təxminən, 30 illik dövrdə Rusiyadan qeyri-rəsmi, bəzən hətta rəsmi səviyyədə Qarabağın guya tarixən nə Azərbaycana, nə də Ermənistana yox, Rusiyaya məxsus olması haqqında eyhamlar səslənirdi. 1989-cu ilin yanvarında Moskvadan birbaşa yönləndirilən xüsusi idarə komitəsinin yaradılması da eyni imperialist əhval-ruhiyyənin göstəricisi idi. Orada da istədikləri alınmadı və qısa bir müddətdə - 1989-cu ilin sonuna doğru hələ SSRİ adlanan Rusiya imperiyası öz mövqeyindən geri çəkilməli oldu və həmin xüsusi komitə ləğv edilərək əvəzində Azərbaycanın özünün təşkilat komitəsi yaradıldı...
Təbii ki, bu gün də Rusiya istəyər ki, ona lazım olan məqamda erməniləri Qarabağa qaytarsın. Ermənilərin Qarabağda qalması Moskvanın Azərbaycanda və bütövlükdə Güney Qafqazda təsir imkanlarının qalması deməkdir. Ermənilər qayıdıb yenidən Qarabağda yerləşsə, nə vaxtsa Rusiya onlardan Azərbaycana qarşı istifadə edəcək. Bunlar Moskvanın arzularıdır. Hazırda Rusiyanın bu planları həyata keçirmək üçün yetərincə resursları, hərbi, maliyyə imkanları yoxdur. Hətta bunun üçün Kremlin imkanı, gücü olsa belə, bu gün Azərbaycan o qədər güclüdür ki, ona qarşı hər hansı bir effektiv addım ata bilməyəcəkdir. Digər tərəfdən, Azərbaycanın mövqeyi də sərt şəkildə ortadadır ki, Qarabağa qayıdıb orada yaşamaq arzusunda olan ermənilər tam şəkildə Azərbaycanın Konstitusiya və qanunlarını qəbul etməli və Azərbaycan vətəndaşlığını seçməlidirlər. Eləcə də geri qayıdanlar arasında xalqımıza qarşı hərbi cinayətlərdə iştirak edənlərin hamısı cəzalandırılmalıdır. Ermənilərin isə demək olar ki, 90 faizi Azərbaycana qarşı cinayətlərdə iştirak edib. Həmçinin onlara heç bir status-filan verilməyəcək. Ermənilər də bu məsələlərdən çəkinərək geri dönmək istəmirlər. Ümumiyyətlə, hesab edirəm, Azərbaycanın bu məsələdə mövqeyi aydın və qəti olduğundan Rusiya və ya Qərb, Avropa, ABŞ ermənilərin arxasında dayanıb onları geri qaytara bilən deyil...
Belə çıxır ki, Rusiyanın Ermənistanda Paşinyanı devirərək yenidən Köçəryan-Sərkisyan tipli revanşistləri hakimiyyətə gətirmək imkanı da yoxdur?
- Bəli, Ermənistandakı revanşistlər nə qədər fəallaşsa da, onların sosial bazası olmadığından hakimiyyətə gəlmək şansları da yoxdur. Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında, gücündə deyil. Onlardan, sadəcə, Paşinyana qarşı bir təzyiq vasitəsi kimi istifadə oluna bilər, ona qarşı hansısa təxribatlar törədə bilərlər. Odur ki, Rusiya Paşinyandan istifadə etməyə çalışır. Bir sözlə, Ermənistanda hansısa revanşistlərin hakimiyyətə gəlmək variantı yoxdur. Eyni zamanda, Balasanyan, Şahramanyan, Babayan kimilər İrəvanda müəyyən gedişlər etməklə, Putinə müraciət yollamaqla bir növ öz varlıqlarını göstərməyə çalışır, həm də öz aləmlərində Moskvanı fəallaşdırmağa çalışırlar ki, Kreml yenidən Ermənistanı nəzarətə götürsün. Azərbaycan-Türkiyə tandemi o dərəcədə qüvvətlidir ki, regionda bu birlıyə qalib gələ biləcək heç bir qüvvə yoxdur...