Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə Donald Trampın artıq yüz günə yaxınlaşan hakimiyyəti müddətində ABŞ və dünya üçün müsbət bir iş görə bilib-bilməməsi, onun Rusiya-Ukrayna savaşında nə etmək istəməsi, Çinlə ticarət müharibəsində nəyəsə nail ola bilmək şansları, Cümhuriyyət Xalq Partiyasının fəallarından olan keçmiş İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə yaranmış daxili siyasi vəziyyət, Azərbaycan və Türkiyə kimi bütövlükdə Türk dünyası üçün də əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılmasının hansı dövlətlər tərəfindən əngəllənməsi və s. haqda danışdıq.
-Teymur bəy, ABŞ Prezidenti Donald Trampın hakimiyyətdə olmasının yüz günlüyünün tamam olmasına qısa bir vaxt qalıb. Onun bu 3 aya yaxın müddətdə Amerika və dünya üçün müsbət bir işi olubmu, sizcə?
-Birincisi, Trampın Ağ Evdəki tamamlanmaqda olan birinci yüzgünlüyü ilk növbədə elə onun özü üçün faciə olmaqdadır... Söz vermişdi Rusiya-Ukrayna müharibəsini dayandıracaq - dayandıra bilmədi... ABŞ daxilində qəbul etdiyi bir sıra qərarlar hələlik qüvvədə qalsa da, bir çoxları da məhkəmələrin qərarlarıyla ləğv edildi. Bundan əlavə, dünya ölkələrinə qarşı açdığı tarif savaşı respublikaçılar, hətta seçilməsində böyük rol oynamış milyarder dostu İlon Mask tərəfindən də tənqid olunur.
Dünya üçün də ciddi iş görə bilmədi. Bir müddət çalışdı guya müharibəni durdurmaq üçün Ukraynanı Putin Rusiyası qarşısında təslimçiliyə məcbur etsin - alınmadı.
Hakimiyyətdə olduğu üç aya yaxın müddətdə Tramp, əksinə, bəşəriyyət üçün problemlər yaratmaqla məşğuldur. Onun “tarif savaşı” dünya iqtisadiyyatına ciddi zərbə vurmaqdadır. Onun gömrük rüsumları tətbiq etdiyi ölkələrin xalqları, o cümlədən ABŞ xalqının özü bundan əziyyət çəkməyə başlayıb. Çinlə guya iqtisadi müharibə apardığını bəyan etsə də, öz ölkəsinin iqtisadiyyatını xaos qarşısında qoyub.
Odur ki, bu və digər səbəblərdən Donald Trampın ABŞ prezidenti kürsüsündə olmasının bundan sonra da nə Amerika xalqına, nə də bütövlükdə planetə hansısa uğur gətirəcəyinə inanmaq mümkün deyil. Düzdü, ümumən son 3 aya yaxın müddətdə seçkiöncəsi verdiyi sözləri yerinə yetirməyə çalışdı. Birləşmiş Ştatların xeyrinə olacaq miqrantlar barədə verdiyi sözün bir hissəsini yerinə yetirmək üzrədir. Ancaq onu da qeyd edim ki, ümumilikdə Trampın indiki hakimiyyət dövrü mahiyyətcə bir çox cəhətlərdən elə onun birinci prezidentlik dövrünə bənzəyir. Sadəcə, o zaman bugünkü genişmiqyaslı Rusiya-Ukrayna savaşı yox idi. Məsələn, o, birinci hakimiyyəti dövründə də Çinə qarşı rüsumlar tətbiq edib, indi də...
Xülasə, Trampın artıq yüzgünlüyünə yaxınlaşan ikinci prezidentliyi dövründə nə dünya, nə Ukrayna, nə də ABŞ-ın özü üçün hansısa tam müsbət işini qeydə almaq mümkün deyil.
-Konkret Rusiya-Ukrayna savaşı məsələsində Tramp nə etmək, nəyə nail olmaq istəyir?
-Tramp Rusiya-Ukrayna müharibəsində atəşkəs istəyir. Və nəticədə seçkiöncəsi bu haqda verdiyi sözü doğrultmağa çalışır. Yəni cəhd edir ki, bir sutkaya dayandırmağa söz verdiyi savaşı, heç olmasa, 100 günə dayandırsın. Təbii ki, Rusiya lideri Vladimir Putin ABŞ prezidentinin hansısa vədinə, sözünə məhəl qoymur, sadəcə diplomatik oyun oynayır.
Digər tərəfdən, Tramp bir biznesmen kimi davranaraq Ukraynaya verilmiş pullar əvəzində bu ölkənin nadir yeraltı sərvətlərinə bir zəmanət kimi şərik olmağa çalışır.
Amma hesab edirəm ki, bütövlükdə ABŞ dövlətinin Tramp vasitəsilə edilən son gedişləri mərhum Henri Kissincerin Çinin mühasirəyə alınmasına gətirib çıxaracaq bir planının reallaşdırılmasına xidmət edir. Rusiya ilə danışıqlar da əsasən bu məqsədlə aparılır. Lakin hələlik bu gedişlər hansısa uğurla nəticəyə gətirib çıxarmır. Belə çıxır ki, guya konkret olaraq Trampın hakimiyyətə gəldiyi ilk günlərdən Ukraynanı Rusiya qarşısında təmsilçiliyə vadar etməyə çalışması da həmin Kissincer planının tərkib hissəsi olub. Amma Ukrayna dövləti, ordusu və xalqının dirənişi, həmçinin Avropanın, xüsusilə Böyük Britaniyanın dəstəyi həmin gedişin baş tutmasına imkan vermədi. Lakin Trampın yenə də ilkin məqsədi Ukrayna savaşında atəşkəsə nail olmaqdır.
-Deyirlər, Trampın tarif savaşı əsasən Çinin zəiflədilməsinə qarşı yönəlib. O, bu istiqamətdə hansısa nəticəyə nail ola biləcəkmi?
-Öncə dediyim kimi, Tramp ilk prezidentliyi dövründə də Çinə qarşı indikindən bir qədər yumşaq iqtisadi müharibə aparırdı. İndi isə bunu daha açıq və sərt şəkildə edir. Bununla paralel iki dövlət öz aralarında “bazarlıq” edib bu məsələni yoluna qoymağa çalışır.
Onu mütləq nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatının qlobal səviyyədə inkişaf etməsində Birləşmiş Ştatların özünün rolu olub. Yəqin, ABŞ zənn edib ki, Çin də Yaponiya və Cənubi Koreya kimi davranacaq. Yəni yalnız iqtisadiyyatını inkişaf etdirəcək, siyasi və hərbi-siyasi müstəvidə qlobal məsələlərə müdaxilə etməyəcək və Amerikanın maraqlarına toxunmayacaq. Fəqət son iki onillikdəki hadisə və proseslər göstərdi ki, Çin artıq ABŞ-ın həm iqtisadi, həm də siyasi və hərbi maraqlarına toxunmağa başlayıb. Və bu gün də Tramp hakimiyyəti çıxış yolunu Çinə qarşı gömrük rüsumlarını qaldırmaq yoluyla mübarizə aparmaqda görür. Cavabında rəsmi Pekin də açıq şəkildə “Biz sizdən qorxmuruq” deyərək Amerikaya qarşı rüsumlar tətbiq etməyə başlayır. Görünür, sonda bu ticarət müharibəsi danışıqlar masasında öz həllini tapacaq və ABŞ ciddi nəticəyə nail olmayacaq. Hələlik Trampın Kissincer planına uyğun olaraq Çini mühasirəyə salmaq təşəbbüsləri baş tutmur. Bundan sonra nə baş verəcəyini isə zaman göstərəcək.
-Bəs Putin artıq 20-25 gündən sonra baş tutacaq Qələbənin 80 illiyi paradında hansı məqamlara toxunacaq?
-Mənə elə gəlir ki, Putin 80 illik paradında əvvəlkilərdə nə deyibsə, onu da deyəcək, artıq bir söz deməyəcək. Həmişəki kimi Ukraynaya, Qərbə, xüsusən Avropaya qarşı müəyyən fikirlər səsləndirəcək. Sadəcə əvvəlki paradlardan fərqli olaraq bu dəfə Trampla xeyli anlaşa bildiklərindən Amerika ilə bağlı müəyyən dərəcədə ilıq ifadələr işlədə bilər. Bir də bəlkə mayın 9-a qədər Ukrayna qüvvələrini Kursk vilayətinin qalan hissəsindən də çıxara bilsələr, Kurskun azad edilməsini hay-küylə bütün Rusiyaya car çəkəcək. Bir sözlə, daim olduğu kimi, sadəcə, özünün, öz hakimiyyətinin təbliğatı, piarılya məşğul olacaq...
-Sizin məlumatınız yoxdur ki, Ukrayna prezidenti Vladimir Zelenski Antalya Diplomatik forumuna dəvət olunmuşdumu?
-Əvvəla, onu deyim ki, Antalya Diplomatik Forumuna Ukraynadan nümayəndələr gəlmişdi. Ukrayna xarici işlər naziri Sibiqa, Krım tatarlarının lideri, Ali Radanın deputatı Mustafa Cəmiloğlu və Krım Tatar Məclisinin rəhbəri Rüfət Subarov bu tədbirdə iştirak edirdi. Hətta Rüfət Subarov Azərbaycan Prezidenti İlham Əliyevlə bir foto da çəkdirib paylaşıb və bildirib ki, söhbət etmək şansımız da olub. Həmçinin Ukrayna baş diplomatı Andrey Sibiqa Forum çərçivəsində Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb. Çox güman ki, Ukrayna Prezidenti Vladimir Zelenski də şəxsən Foruma dəvət olunub, ancaq müəyyən səbəblərdən, ola bilsin ki, daha çox Rusiya ilə cəbhədə ağır durum olmasından qatıla bilməyib. Amma Andrey Sibiqa Forumdakı çıxışında Türkiyənin Ukraynaya qarşı mövqeyini təqdir etmişdi.
-Türkiyədən söz düşmüşkən, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının fəallarından olan keçmiş İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə yaranmış hazırkı daxili siyasi vəziyyəti necə xarakterizə etmək olar?
- Xeyli müddət idi ki, Əkrəm İmamoğlu və ümumiyyətlə, İstanbul bələdiyyəsinə qarşı müəyyən addımlar hazırlanırdı. Odur ki, burada təəccüblü bir şey də yoxdur. Əslində bu proseslər Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylunun vaxtından başlayıb. Sadəcə siyasi iqtidar müəyyən məsələlərdə qərar verə bilmirdi. Amma, nəhayət, İmamoğlu CXP daxilindən ölkə prezidentliyinə namizədliyini verdikdən və mitinqlərə başladıqdan sonra onun həbsi barədə qərar verildi. Hazırda onun barəsində korrupsiya ittihamları da var. Bu haqda heç kəs heç nə deyə bilməz - son qərar Türkiyə Cümhuriyyətinin ədliyyə və məhkəmə qurumlarınındır.
Türkiyədəki mövcud daxili siyasi durum ilk növbədə onunla xarakterizə olunur ki, iqtidar və müxalifət tərəfləri və tərəfdarlarının kəskin qütbləşməsi, radikallaşması başlayıb. Özgür Özəllə yumşaldıcı münasibət qurulması fiaskoya uğradı. Hazırda hələlik sanki bir müvəqqəti sakitlik yaranıb; iqtidar da, müxalifət də öz oyunlarını oynayır. O da qeyd olunmalıdır ki, iqtidar İstanbul şəhər böyük bələdiyyəsinə qəyyum təyin edə bilmədi. Bu da o deməkdir ki, iqtidar qismən geri çəkildi. Görünür, rəhbərlik ölkənin daha sərt bölünməsindən və radikallaşmasından, hətta silahlı qarşıdurma olmasından da ehtiyatlandı...
İndi ilk günlərdəki kimi geniş kütləvi etiraz aksiyaları təşkil edilmir. Və hadisələrin sonrakı inkişafı, etirazların necə idarə olunacağı müxalifətdən asılıdır. Eyni zamanda iqtidarın da İmamoğlunun ittihamnaməsi və həbs edilənlərə qarşı cəzaların yüngülləşdirilməsi və ya onların ümumiyyətlə azadlığa buraxılmasıyla bağlı atacağı addımlar ölkədəki siyasi vəziyyətə daha ciddi təsir göstərəcək.
Belə görünür ki, Əkrəm İmamoğlunun həbsi məsələsi artıq Türkiyə gündəmindən tədricən çıxmaqdadır. Yalnız yenidən CXP sədri seçilmiş Özəl Öztürkün atacağı növbəti addımlar ölkənin siyasi durumunda nəyisə dəyişə bilər...
Qaldı xarici qüvvələrin, Türkiyənin düşmənlərinin ölkədəki son etirazları qızışdırmaqda əli olub-olmamasına, bu haqda dəqiq bir fikir söyləmək çətindir. Ancaq hesab edirəm ki, xarici qüvvələrin bu proseslərdə heç bir ciddi rolu yoxdur. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, bir neçə yumşaq bəyanatdan savayı, xarici güc mərkəzlərindən İmamoğlunun həbsi ilə bağlı Ərdoğan iqtidarına qarşı hansısa sanksiya-filan tətbiqi, yaxud digər ciddi addımlar gözlənilmir.
-2020-ci ildən bəri keçən 4 ildən çox bir müddətdə hansı nəticələrə gəlmisiniz: Azərbaycan və Türkiyə kimi bütövlükdə Türk dünyası üçün də əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılmasını hansı dövlətlər əngəlləyir bu gün? Bu yolun işləməsində Çinin hansısa marağı varmı?
- Zəngəzur dəhlizi məsələsi artıq beşinci ildir ki, müzakirə olunmaqdadır. Bu müddət ərzində bəzi ölkələr məsələ barədə mövqeyini dəyişib. Hesab edirəm ki, mövzunun meydana atıldığı ilk günlərdən İran da, Fransa da Zəngəzur dəhlizinin açılmasının əleyhinə olub. Çin isə əvvəllər bu son 30-40 il üçün yeni olacaq nəqliyyat-kommunikasıya yolun açılmasına müəyyən dərəcədə müsbət yanaşsa da, sonradan Orta dəhliz layihəsinin meydana çıxması səbəbindən geri çəkildi.
Bu gün Zəngəzur dəhlizinin açılmasının bir nömrəli əleyhdarı İrandır. Həmin dövlət ilk növbədə Azərbaycan və Türkiyənin maraqlarının, eyni zamanda Rusiyanın, eləcə də Çin və Avropa ölkələrinin geo-iqtisadi maraqlarının təmin olunmaması üçün həmin layihəyə qarşı çıxmaqdadır. Bir sözlə, bu mövzuda hər bir dövlət, hər bir qlobal güc öz maraqları çərçivəsində çıxış edir.
Onu da vurğulayım ki, əlbəttə, Çin də Zəngəzur dəhlizinin açılmasıyla meydana çıxa biləcək Böyük Turan yolunun işə düşəcəyindən ehtiyatlanır. Bu dövlət Türkiyənin Güney Qafqazda, ardınca da Mərkəzi Asiyada daha aktiv siyasət qurmasını istəmir və qəbul etmir. Ona görə də hesab edirəm ki, bu gün rəsmi Pekin üçün Zəngəzur dəhlizindən daha çox “Bir kəmər-bir yol”, yaxud Orta dəhliz layihəsi daha maraqlıdır.