Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər hansılardır? - Sualınız varmı

11:34 17.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısı" Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə təsdiq edilib. Sənədə görə, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;

b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;

c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

Bununla yanaşı, hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

***

- Hansı tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur?

- Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, bu tikinti layihələri ekspertizadan keçirilmir:

İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;

Sanitarmühafizə zonalarını ayrılmasını tələb etməyən və ya mövcüd sanitar-mühafizə zonalarında istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyeklərinin layihələri;

Mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;

Yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbənin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyriyaşayış obyektlərinin tikinti layihələri;

İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.

***

- Sosial işçi tərəfindən evdə hansı səyyar xidmətlər göstərilir?

 Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

- sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;

- qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, sağlamlıq imkanları məhdud uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;

- əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;

- sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;

- sağlamlıq imkanları məhdud uşaqların sosial uyğunlaşmasına dəstək vermək;

- sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;

- ailənin sosial inkluziyasına köməklik göstərmək;

- sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.

***

- Övladlığa götürüləcək uşağın adı və soyadının dəyişdirilməsi necə həyata keçirilir?

- Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.