Azərbaycanda qadınların pensiya yaşının azaldılması yenidən gündəmdədir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) qadınların pensiya yaşının azaldılaraq 63 yaş həddində müəyyənləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd edib ki, Azərbaycan cəmiyyətində və ailəsində qadının rolu, onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqbul deyil. Bu məsələyə millət vəkilləri, ekspertlər də loyal yanaşırlar.
Vüqar Bayramov, millət vəkili:
Pensiya yaşının dəyişdirilməsi pensiya islahatlarında müzakirə edilən məsələlərdəndir. Biz də Milli Məclisin komitə iclasında xanımlar üçün pensiya yaşının 65-dən 63-ə endirilməsini təklif etmişdik. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi mümkün ola bilər.
Qadınların pensiya yaşının azaldılması təklifi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət ünvanlanıb. Biz bu təklifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də təqdim etmişik ki, belə olan halda maliyyə yükünün hesablanması həyata keçirilsin. Maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Düşünürəm ki, bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür.
Fuad İbrahimov, iqtisadçı ekspert:
Hər bir cəmiyyətdə pensiya yaşına daha tez zamanda çatmağı gözləyən insanlar var. Həmin adamlar ömürlərinin müəyyən bir hissəsini pensiyalarından istifadə edərək, yaşamaq istəyirlər. Bu, aksiomdur. Mövcud təklif əlbəttə, reallaşa bilər. İrəli sürülən fikrin həyata keçirilməsi hökumətin baxışları və imkanlarından asılıdır. Ölkəmizin iqtisadi potensialı bu təklifin reallaşmasına imkan verir: Buna ölkəmizin iqtisadi gücü də kifayət qədər çatır. Son dövrlərdə Azərbaycanın xarici borcu azalıb. Xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsində kifayət qədər risksiz şəkildə aşağı düşüb. Bütün bunlar hökumətin apardığı siyasət və maliyyə dayanıqlığı nəticəsində baş verib. Yəni iqtisadi cəhətdən heç bir problem yoxdur. Sadəcə baxışlar, həmçinin elmi-tədqiqat institutları, Milli Məclis və dövlət nəzarətini həyata keçirən qurumların bir araya gələrək, layihə ilə çıxış etməsi lazımdır.
Məlumat üçün xatırladaq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Hazırda bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.