Qarabağ klanının hakimiyyətə qayıdışı mümkünsüzdür – Sahib Alıyev

13:02 19.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qlobal dünya müharibə və münaqişələr fonunda mürəkkəb, gərgin dövrünü yaşayır. Dörd il əvvəl Cənubi Qafqazda baş verən Ermənistan–Azərbaycan müharibəsindən sonra yaranan yeni reallıqları qəbul etməyən bəzi imperialist güclər bu dəfə İsrail–İran müharibəsindən istifadə edərək, özləri üçün dividendlər əldə etməyə çalışırlar. Ermənistandakı separatçı qüvvələr əvvəl Ukrayna–Rusiya, indi isə İsrail–İran müharibəsində Azərbaycanın da hədəfə alınması üçün manevrlər edir, sülh danışıqları ilə bağlı öhdəliklərini yerinə yetirməkdən yayınır. Müsahibimiz millət vəkili Sahib Alıyevdir.

- Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlar erməni kilsəsinə qarşı başlatdığı hücumları necə dəyərləndirirsiniz?

- Paşinyanın erməni qriqorian kilsəsinə qarşı atdığı addımlar, əslində, cavab xarakteri daşıyır. Hayların özləri, ekspertləri belə bir fikir irəli sürürlər ki, guya, Paşinyan özü bu təşəbbüslə çıxış edib ki, narazı elektoratın enerjisini yay, payız aylarına qədər tükəndirsin ki, 2026-cı il seçkilərində lazım gələn fəallığı göstərə bilməsinlər.

Mən isə bu fikirdəyəm ki, Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilərə ilk hazırlığı başlayan Rusiya oldu. Gümrüdəki mer seçkisinin ardından Erməni Sahibkarları Assosiasiyasının Moskvadakı toplantısı və Ermənistandakı müxalifət təmsilçilərinin, o cümlədən qriqorian kilsəsi təmsilçilərinin də Moskvaya dəvət edilməsi Paşinyanı belə bir addım atmağa vadar etdi.

 - Ermənistanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı. Keçmiş Qarabağ klanı, Sarkisyan-Koçaryan tandemi də hərəkətə keçib və Paşinyana qarşı siyasi fəaliyyətə başlayıblar. Qarabağ klanının Ermənistanda hakimiyyəti yenidən ələ almaq riski varmı? Bu, baş verərsə, bölgədəki proseslərlə bağlı proqnozunuz nədir?

- Qarabağ klanının 2026-cı ildə Ermənistanda hakimiyyətə gələ biləcəyini düşünmürəm. Bu, mümkünsüzdür. Üstəlik, Rusiyanın niyyətinin Paşinyanı başqası ilə əvəz etmək istədiyini də zənn etmirəm. Əgər Rusiya onun öz təmsilçisi kimi tanınan birini hakimiyyətə gətirəcəksə, onda erməni cəmiyyətinin gözləntisini doğrultmalıdır. Söhbət ondan gedir ki, Rusiyanın media resurslarının, siyasətçilərinin köməyi ilə Ermənistanda belə bir rəy formalaşdırılıb ki, Qarabağı Azərbaycana Paşinyan təhvil verib. Əlbəttə, bu, cəfəngiyatdır. Qarabağı heç kim Azərbaycana təhvil verməyib, Azərbaycan öz torpaqlarını beynəlxalq hüququn prinsiplərinə söykənərək, güc tətbiq etməklə geri qaytarıb. Azərbaycanın gücünə üstün gələn qüvvə olmadığından, biz torpaqlarımızı azad etmişik. İki faktı diqqətə çatdırım: Laçındakı üçüncü zirvəni xatırlatmaq istərdim. Sentyabrda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistan xüsusi təyinatlılarının ölkəmizdə birgə təlimləri keçiriləcək. Bu, elə-belə hadisə deyil. Söhbət bizim regionda, bütövlükdə Avrasiyada və Mərkəzi Asiyadakı ən güclü orduların birgə təlimlərindən gedir. Ona görə də 2026-cı ildə hakimiyyətdə Nikol Paşinyan deyil, Rusiyaya ən yaxın olan başqa biri olsa da, erməni cəmiyyəti onun gözləntilərini doğrultmayacaq. Rusiyada bunu yaxşı bilirlər. Sadəcə, Rusiyada bütün hazırlıqlar ona görədir ki, Paşinyanı təzyiq altında saxlayaraq, onu daha çox Moskvanın dediyi ilə durub-oturmağa vadar etmək istəyirlər. Paşinyanın nəzəriyyəsi budur; deyir ki, biz bir yox, bir neçə ölkədən asılı olarıqsa, onda daha çox müstəqil ola bilərik. Əlbəttə ki, bu, cəfəngiyatdır. Bu, sırf öz varlıqlarını böyük güclərə alət olmaqda görənlərin fəlsəfəsinə uyğun olan yanaşmadır. Rusiyanın istəyi isə “Sən bir neçə dövlətdən deyil, ancaq məndən asılı olmalısan” prinsipi üzərindədir. Ona görə də  çalışırlar ki, parlament seçkiləri nəticəsində elə bir konfiqurasiya formalaşsın ki, Paşinyana sərbəst hərəkət etməyə imkan verməsinlər.

- Nikol Paşinyanın Ankaraya səfər edəcəyi gözlənilir. Türkiyə–Ermənistan danışıqlarının mövcud durumunu və bu prosesləri necə dəyərləndirirsiniz?

- Azərbaycanın dayanıqlı və davamlı sülhlə bağlı Ermənistanın qarşısına qoyduğu tələb təkcə bizim yox, qardaş Türkiyənin də maraqlarına tam cavab verir.  Məhz bu tələb yerinə yetirildiyi halda yırtıcı güclər Ermənistandan geosiyasi alət olaraq Azərbaycana və Türkiyəyə qarşı faydalana bilməyəcəklər. Əgər faydalanmaq istəsələr, onda necə reallıqla üzləşəcəkləri Ermənistana bəllidir. Ermənistanda bəziləri fikirləşirlər ki, sülh danışıqları məsələsində Azərbaycanla Türkiyə arasında ziddiyyət yarada bilərlər. Onlar həddən artıq yanılırlar. Söhbət  Ermənistanla ikitərəfli əlaqələrdən gedirsə, Azərbaycanla Türkiyənin gündəlikləri müəyyən dərəcədə fərqlənə bilər. Bütövlükdə isə Ermənistanla sülh məsələsində hər iki qardaş dövlətin maraqları, mövqeləri tam üst-üstə düşür. Burada kimlərinsə ziddiyyət yaratmaq niyyətləri gözlərində qalacaq.

Səfərin indiki ərəfədə baş verdiyini nəzərə alsaq, orada Ermənistan Baş nazirinə çatdırılacaq ki, Türkiyə ilə sərhədlərini tezliklə açmaq istəyirsənsə, onda çox tezliklə Azərbaycanın tələblərini yerinə yetirməlisən.

- Ermənistan referendumda konstitusiya dəyişikliyinə nə zaman getməyi planlaşdırır? Sizcə, İrəvanın belə bir planı varmı?

- Doğrusu, Azərbaycanın tələblərinin yerinə yetiriləcəyinə nikbin yanaşmıram, çünki bunun əlamətlərini görmürəm. Əgər Ermənistan Baş naziri istəsəydi, bu öhdəliklərini çoxdan yerinə yetirərdi. Ona görə istəmir ki, Nikol Paşinyan milli maraqlara dayanan siyasət yürüdə bilmir. Paşinyan da özündən əvvəlkilərdən daha çox digər dövlətlərin bu məsələdə hansı mövqe tutmalarına diqqət yetirir. Paşinyanın asılı olduğu ölkələrdən heç biri – ilk növbədə, Fransa, yaxud İran, Rusiya  regionda davamlı sülhün yaranmasında qətiyyən maraqlı deyillər. Maraqlı olmadıqlarını da atdıqları addımlarla,  səsləndirdikləri fikirlərlə ortaya qoyurlar. Bu fikirdəyəm ki, Paşinyanlı-Paşinyansız Ermənistan rəhbərliyi gec-tez dərk edəcək ki, dalandan çıxmaq üçün yeganə çıxış yolu Azərbaycanın irəli sürdüyü tələblərə əməl etməkdir. 

- İran–İsrail müharibəsi fonunda Ermənistan daxilində Azərbaycanın yenidən Ermənistana hücum edərək Zəngəzur dəhlizini silah gücünə açacağına dair bəyanatlar verilir. Bu məlumatlar nəyə yönəlik yayılır? Nə dərəcədə realdır və ümumiyyətlə, Zəngəzur dəhlizinin bu ərəfədə  açılmaq ehtimalı varmı?

- Əgər Azərbaycan güc tətbiq etməklə, Zəngəzuru geri qaytarmaq istəsəydi, çoxdan bunu edərdi. Azərbaycanın məqsədi Zəngəzuru geri qaytarmaq deyil, Naxçıvanla maneəsiz əlaqəni təmin etməkdir. Sovet dövründə necə idisə, elə bir əlaqənin təminindən söz gedir. Bunu Ermənistanda da yaxşı bilirlər. Bunu Ermənistana Zəngəzur dəhlizinin açılmasını qadağan edənlər də gözəl anlayırlar. Sadəcə, indiki ərəfədə bu cür informasiya təbliğatı Azərbaycana qarşı aparılan hibrid savaşın bir elementidir. İsrail–İran müharibəsi başlayandan görürük ki, Rusiyanın bir sıra teleqram kanalları, eləcə də ermənilərin  media resursları Azərbaycana qarşı hibrid savaşına başlayıblar. İstəyirlər ki, İranı qızışdırıb Azərbaycanın üzərinə salsınlar. Elə bu Zəngəzur dəhlizi ilə bağlı fərziyyələri də məhz bu niyyətə xidmət edir. İranda, hətta SEPAH-dakılar belə dərk edirlər ki, Azərbaycana qarşı atılacaq hər hansı bir addım nə ilə nəticələnə bilər. Üstəlik, Azərbaycan buna heç bir əsas verməyib və vermək fikrində də deyil. Ona görə də belə informasiya təxribatları onu dövriyyəyə buraxanlara heç nə vəd etmir.