Qazaxıstanda keçiriləcək seçkilərdə 12451 nəfərin namizədliyi irəli sürülüb - Səfir Serjan Abdıkarimov

15:51 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti ilk dəfə olaraq ötən il sentyabrın 1-də xalqa müraciətində Məclisə və Maslixatlara növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Hafta.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il yanvarın 19-da aşağı palata seçkilərinin tarixini elan edərkən Məclisin və Maslixatların səlahiyyətlərinə xitam verib. Sonradan Mərkəzi Seçki Komissiyası Maslixatlara seçkilərin keçirilməsi vaxtını da martın 19-u olaraq müəyyən edib.

Cənab Abdıkarimov əlavə edib ki, ötən il Qazaxıstanda aparılan konstitusiya islahatları sayəsində siyasi partiyaların qeydiyyatı xeyli asanlaşıb: "Məsələn, qeydiyyat həddi 20 000 iştirakçıdan 5 000 nəfərə qədər - 4 dəfə azaldılıb. Partiyaların regional nümayəndəliklərinin sayına dair minimum tələb də 600 nəfərdən 200 nəfərə endirilib. İslahatların nəticəsi olaraq, ölkəmizdə bir sıra yeni və gənc partiyalar yaranıb. Ümumilikdə ölkədə 7 partiya qeydə alınıb".

Abdıkarimov vurğulayıb ki, ümumilikdə 12451 nəfərin namizədliyi irəli sürülüb ki, onlardan 716-sı Məclisə, 11735-i isə Maslixatlara seçkilərə namizəddir: "Məclisə seçkilərdə iştirak etmək üçün namizəd Qazaxıstan vətəndaşı olmalı, 25 yaşını tamamlamalı və son 10 il ərzində Qazaxıstanda yaşamalıdır. Maslixatlara seçkilər üçün namizəd də həmçinin Qazaxıstan vətəndaşı olmalı, təmsil olunduğu regionda yaşamalı və ən azı 20 yaşı olmalıdır".

Səfir deyib ki, Məclisə seçkilərdə ilk dəfə olaraq qarışıq proporsional-majoritar modeldən istifadə ediləcək, burada deputatların 70 faizi proporsional olaraq partiya siyahıları üzrə, 30 faizi isə birmandatlı dairələr üzrə majoritar prinsiplə seçiləcək.

O qeyd edib ki, bu təşəbbüs 2022-ci il iyunun 5-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Konstitusiyaya dəyişikliklərdən sonra irəli sürülüb.

"Rayon və respublika əhəmiyyətli şəhərlərin məclislərinə seçkilər də 50/50 nisbətində qarışıq seçki sistemi üzrə keçiriləcək. Bu seçkilər prezidentin təşəbbüsü ilə ötən il noyabrın 20-də keçirilən prezident seçkiləri ilə başlayan və bu il yanvarın 14-də Senata (parlamentin yuxarı palatası) keçirilən seçkilərlə davam edən siyasi yenilənmə tsiklinin yekun mərhələsini təşkil edir. Digər mühüm seçki qaydalarına bütün səsvermə bülletenlərində “hamıya qarşı” qrafasının qoyulması, partiyaların Məclisə daxil olma həddinin 7 faizdən 5 faizə endirilməsi, qanunvericilikdə qadınlar, gənclər və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün 30 faizlik kvota müəyyən edilməsi daxildir", - deyib Qazaxıstanın ölkəmizdəki səfiri.

Diplomat qeyd edib ki, Qazaxıstanda növbədənkənar parlament seçkilərinin müşahidəsində iştirak etmək üçün Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən 10 beynəlxalq təşkilatın müşahidəçiləri dəvət olunub. Bu təşkilatların sırasında ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, MDB İcraiyyə Komitəsi. MDB Parlamentlərarası Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətlərinin Parlament Assambleyası yer alır.

Bundan əlavə, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 34 xarici dövlətin mərkəzi seçki orqanlarının rəhbərlərinə dəvət göndərilib.

"Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri də seçkiləri müşahidə etmək üçün Qazaxıstana dəvət olunublar”, - səfir deyib.