Qazaxıstanda ruslara satmaq üçün lüks avtomobillər alırlar

09:50 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşları dəbdəbəli xarici avtomobillər almaq üçün Qazaxıstana getməyə başlayıblar.

Hafta.az-ın yazdığına görə, bu vəziyyəti fürsətə çevirmək istəyən qazaxıstanlılar ruslara satmaq üçün xarici maşınlar alırlar.

Sənaye və Tikinti Nazirliyinin Sənayenin İnkişafı Komitəsinin sədri Azamat Panbayevin verdiyi açıqlamaya görə, Qazaxıstanda yeni xarici avtomobillərin Rusiyaya yenidən satılması ilə bağlı bəzi problemlər yaranıb. O bildirib ki, bazarda ruslara yenidən satılan yeni avtomobillərə tələbatın birdən-birə artması ilə Qazaxıstan bazarında bəzi model nəqliyyat vasitələrinin qıtlığı yaranıb. Bu problem 6 ay davam edib, lakin indi vəziyyət tədricən yaxşılaşır, bütün avtomobillər artıq bazarda mövcuddur.

Onun sözlərinə görə, bu vəziyyətdə “rubl və təngə arasındakı məzənnə fərqi” əsas rol oynayıb.

Rusiya avtomobil sənayesi sanksiyaların təzyiqinin artdığı son ilarımda ən çox zərər çəkən sektorlardan biri olub.

Ruslar avtomobil qıtlığını aradan qaldırmaq üçün Ermənistan və Qazaxıstan kimi qonşu ölkələrdən, eləcə də Dubaydan lüks avtomobillər alıb ölkəyə gətirirlər. Paralel idxal yolu ilə gətirilən avtomobillər və ehtiyat hissələri Rusiya daxilindəki dilerlər vasitəsilə satılır. Eyni zamanda, Qərb avtomobil şirkətləri ikinci dərəcəli sanksiyaların təsirinə düşməmək üçün məhsullarının Rusiyaya təkrar satış yolu ilə satıldığını inkar edirlər.