Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

18:08 11.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və ümumilikdə 100-dən çox qəsəbə sakini iştirak edib.

Hafta.az yazır ki, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, Prezident İlham Əliyev tərəfindən, ölkə əhalisinin qaldırdıqları problemlər, sakinləri narahat edən sosial məsələlərin həlli daim diqqətdə saxlanılır, həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığı və sosial vəziyyətin yaxşılaşdırılması dayanır. Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran İcra Hakimiyyətinin başçısı, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.

Görüşdə iştirak edən ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Sakinlərdən 9 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə həll edilib, vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Görüşün yekununda İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Qaradağ rayonun əhalisi sürətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Daha sonra sakinlərə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib.