Reallıq molla rejiminin küncə sıxışdığını göstərir - Politoloq

17:32 05.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İranda etiraz aksiyaları kifayət qədər geniş vüsət alıb. Əgər rejim öz inadkarlığında davam edərsə, bu il İranda daha ciddi hadisələrə şahid olacağıq. İran rejiminin addımları inqilab hərəkatını gücləndirməklə rejimin devrilməsinə gətirib çıxardacaqdır”.

Bunu hafta.az-a politoloq Turan Rzayev 2022-ci ilin sentyabr ayından İranda başlanan etiraz aksiyalarının yeni ilin ilk həftələrinə doğru hansı istiqamətdə yön aldığı və güneyli soydaşlarımızın nə dərəcədə aktiv olması ilə bağlı açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, İranda baş qaldıran etiraz aksiyalarına 22 yaşlı kürd əsilli Məhsa Əmininin ölümü səbəb olub. Məhsa Əmininin ölümündən bir neçə gün sonra etirazlar İranda Tehran, Təbriz, İsfahanı bürüyüb.

İranlı qadınların hicab aksiyası ilə başlayan etirazlar qısa zamanda bütün regionlara yayılmaqla bu gün də davam etməkdədir.

Politoloq bildirib ki, 2023-cü ilin ilk günlərində də aksiyalar intensivliyini davam etdirir. Artıq Cənubi Azərbaycanda aksiyalar rejimin dini basqılarına qarşı deyil, bir növ müstəqillik hərəkatı kontekstinə keçib.  Politoloq hesab edir ki, Cənubi Azərbaycanda keçirilən aksiyalarda bir liderin olduğunu da qeyd etmək olar. Onun fikrincə, sadəcə molla rejiminin yarada biləcəyi təhlükəni nəzərə alaraq adı açıqlanmır.

“Bütün bunlar deməyə əsas verir ki, aksiyalar təşkilatlanmağa doğru gedir və 2023-cü il ərzində daha da şiddətlənəcək”. 

T. Rzayev bu mənada İranda cənublu soydaşlarımızın aksiyalardakı aktivliyini müsbət qiymətləndirib. O, xüsusilə Urmiya, Marağa, Ərdəbil və Təbrizdə keçirilən aksiyaların daha geniş şəkildə davam etdiyini qeyd edib. 

“Səslənən nifrət şüarları, rejimə etiraz, eyni zamanda müstəqillik şüarları onu deməyə əsas verir ki, aksiyalarda iştirak edən azərbaycanlıların fəallığı yüksəkdir. Bu il ərzində ciddi nəticələrin olacağını görə bilərik”.

Politoloq 2022-ci ildə keçirilən aksiyaların rejimin bəzi məsələlərdə geriyə addım atmasına gətirib çıxardığını qeyd edib.

“Əxlaq Polisi ləğv edildi. Düzdür, tam ləğv olmasa da, bu bir nəticədir. Əgər mövcud rejim geri addım atıb aksiya iştirakçılarının tələblərini yerinə yetirməsə daha da şiddətlənəcək. Aksiyalarda daha çox gənclərin iştirak etməsi bu prosesin daha da ciddi olduğunu göstərir. Ona görə də Cənubi Azərbaycanlıların haqlarının bərpası yaxındadır. Artıq rəsmi Bakıdan, hətta ölkə başçısı cənab İlham Əliev tərəfindən açıqlamalar verilir  və soydaşlarımızın düşdüyü vəziyyətə biganə qalınmayacağı, Azərbaycanın öz soydaşlarının yanında olduğu deyilir. Məlumdur ki, hələ aksiyanın ilk aylarından Azərbaycanda bir çox insan haqları təşkiilatları aksiyalarda həlak olan soydaşlarımıza və onlara qarşı həyata keçirilən represiyalara, zorakılıq hallarına dair BMT və Avropanın müxtəlif İnsan hüquqlarının müdafiəsi təşkilatlarına müxtəlif müraciətlər ünvanlamışdı. İstər QHT, istərsə də dövlətin ali şəxsləri müstəvisində faktiki olaraq Güney Azərbaycana dəstək nümayiş olunur və ehtimal etmək olar ki, bu il bu istiqamətdə səylər daha da artırılacaq”.

Bu yaxınlarda SEPAH-ın Azərbaycanı hədələyən növbəti bir vidoçarxının yayıldığını deyən T.Rzayev əslində bunu özlüyündə molla rejiminin küncə sıxışmasının göstəricisi kimi dəyərləndirib.

“Rejim həm  aksiyalardan, həm İsraildə səfirliyimizin açılmasından narahatdır. Yeri gəlmişkən yanvar ayının 16-18-də Bakıda İsrailin Avrasiya səfirlərinin və bir çox xarici işlər üzrə məmurlarının görüşü olacaq. Hətta bu görüş özü belə İranı ciddi təşvişə salıb. Bütün hallarda İran daxildə islahatlara getməsə, daha ağır duruma düşəcəyi qaçılmazdır.

Siyasət rubrikasından digər xəbərlər