“Rublin kəskin ucuzlaşmasının səbəblərindən biri Rusiyanın Hindistandan çıxara bilmədiyi 30 milyard dollarlıq rupidir”.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, bu iddia VTB24 və “Otkritiye” banklarının keçmiş baş meneceri, Rusiyanın keçmiş maliyyə naziri Mixail Zadornova məxsusdur.
RBC-yə yazdığı məqalədə Zadornov “İlin birinci yarısında Rusiya Hindistana 30 milyard dollarlıq neft və neft məhsulları verib və bu pulu rupi ilə alıb. Bundan əlavə, Hindistandan idxalımızın ildə 6-7 milyard dollar civarında olduğu təxmin edilir. Hindistanda belə böyük məbləğdə almaq üçün heç nə yoxdur, lakin biz bu rupiləri gətirə bilmirik, çünki rupi konvertasiya olunmayan valyutadır. Altı ayda 30 milyard dollar, ölkəmizin son dövrdəki cari açığından çoxdur” deyib.
Rusiya banklarına qarşı sanksiyalar üzündən ölkəyə valyuta axınının uzun və çətin proses olduğuna diqqət çəkən bankir, Rusiya Mərkəzi Bankı və hökumətin bu problemi həll etməli olduğunu bildirib.
Zadornov Rusiyanın Hindistandan gətirə bilmədiyi ixrac gəlirlərinin birbaşa rublun ucuzlaşması ilə bağlı olduğunu vurğulayıb.
Xatırladaq ki, Hindistana neft və neft məhsulları ixracını 11 dəfə artıran Rusiya bu ölkə ilə milli valyuta ilə ticarətə başlayıb. Avqustun sonuna olan məlumata görə, Hindistan banklarında neft şirkətlərinin Rusiyaya gətirə bilmədiyi təxminən 39 milyard dollar yığılıb qalıb.