Rumıniya Fövqəladə Hallar üzrə Milli Komitəsi Rusiya tərəfindən atəşə tutulan Ukrayna şəhərləri yaxınlığındakı ərazilərdə əhalinin mühafizəsi tədbirlərini gücləndirmək qərarına gəlib.
Hafta.az xəbər verir ki, bu haqda yerli “Digi24” portalı məlumat yayıb.
Komitənin qərarı Milli Müdafiə Nazirliyinə Dunayın Rumıniya sahilində, Ukraynanın Reni və İzmail limanları ilə üzbəüz, ruslar tərəfindən bombardman edilən əraziləri müəyyən etmək səlahiyyəti verir. Bu ərazilərdə əhalinin mühafizəsi tədbirləri həyata keçirilməlidir.
Qərara əsasən, Plauru və Katalkioy qəsəbələrində, eləcə də digər yaşayış məntəqələrində sığınacaqlar tikiləcək.
Həmin tədbirlər arasında “münaqişədə istifadə olunan döyüş vasitələri ilə bağlı elementlər”in düşmə riski olan ərazilərdə "Ro-Alert"(həyəcan) mesajlarının yayılması da var.
“Ro-Alert” mesajları ilə ictimaiyyəti xəbərdar etməkdən əlavə, region fövqəladə hallar şöbələri yerli sakinlərə təhlükə yaradan vəziyyətlərdə necə hərəkət etmələri barədə təlimat da verəcəklər.
Bildiyiniz kimi, sentyabrın 4-də Ukrayna Rusiyanın İran istehsalı olan "Şahed" dronları Ukraynanın İzmail və Reni şəhərlərinə hücumu zamanı Rumıniya ərazisinə iki pilotsuz təyyarənin düşdüyünü bildirmişdi.
Rumıniya tərəfi əvvəlcə hadisəni qəti şəkildə təkzib edib. Lakin sentyabrın 6-da müdafiə naziri Rumıniya tərəfdə Dunay sahillərində pilotsuz təyyarənin qalıqlarına oxşar fraqmentlərin tapıldığını və ekspertizaya təqdim edildiyini təsdiqləyib.