Siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə hazırda Ukraynadakı savaşla paralel olaraq Suriya və Gürcüstanda baş verənlər arasında qlobal siyasət baxımından ümumi əlaqənin olub-olmaması, Suriyada Bəşər Əsəd rejiminin birdəfəlik çökmə ehtimalı, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Suriya və Gürcüstan problemlərinə indiki və rəsmən hakimiyyət başında olacağı vaxt göstərəcəyi münasibət və s. mövzularda müzakirə aparmağa çalışdıq.
– Qlobal siyasət baxımından Ukraynadakı savaşla paralel olaraq Suriya və Gürcüstanda baş verənlər arasında hansı ümumi əlaqə var?
– Hər üç hadisə, əlbəttə, geosiyasi baxımdan əlaqələndirilə bilər. Nəzərə almalıyıq ki, burada bir bucaqdan baxış yanlışdır. Biz buna həm də ölkələrin daxili durumu baxımından yanaşmalıyıq. Bu mənada Ukraynada məsələ aydındır. Rusiya Ukraynaya qarşı hərbi təcavüz həyata keçirib və bu ölkə öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün müharibə aparır. Ukrayna Qərb tərəfindən dəstəkləndiyindən Rusiya ciddi uğurlar əldə edə bilmir. Bu da Moskvanın mövqelərini zəiflədir, Ukraynada isə böyük dağıntılar, insan fəlakətləri yaşanır, ölkə faktiki olaraq böhran içindədir. Eyni zamanda, dediyim kimi, Rusiyanın da mövqeləri zəifləyir...
Gürcüstana gəldikdə, orada bir siyasi böhran yaşandığını görürük. Suriyada isə... aydın məsələdir. Orada, artıq vətəndaş müharibəsi xeyli vaxtdır ki, davam edir, ölkə fakitiki olaraq müxtəlif hissələrə parçalanıb, sonra atəşkəs əldə olunub. İndi həmin atəşkəs də pozulub. Deməzdim ki, bu 3 olayın üst-üstə düşməsi məhz zaman baxımından əlaqəlidir. Ukraynada proses faktiki olaraq həm Gürcüstandakı, həm də Suriyadakı proseslərə bir yol açıb. Həmin yolun açılması nədən ibarət olub? Moskvanın mövqelərinin zəifləməsindən... Biz gördük ki, Suriyada üsyançılar hücuma keçəndə Bəşər Əsəd təcili özünü Moskvaya çatdırdı. Belə görünür ki, Kremldə ona qənaətbəxş bir cavab verilmədi. Düzdür, Rusiya aviasiyası Hələbi və üsyançıların nəzarətində olan digər məntəqələri bombalayır. Bunun heç bir effekti yoxdur. Ona görə effekti yoxdur ki, Suriyadakı üsyançılar mobil qruplar şəklində irəliləyirlər. Onların, deyək ki, hansısa mərkəzi idarətmə məntəqəsi-filanı yoxdur deyə, bu bombardmanlar effektiv deyil. Deməli, Rusiya artıq Suriyada zəif görünür...
– Yəni sırf geosiyasi baxımdan da bu üç hadisə, proses arasında bağlılıq var, elə deyilmi?
– Bəli, hər 3 nöqtəyə geosiyasi bucaqdan baxdıqda da, sözsüz ki, əlaqə görünür. Aydın olur ki, Rusiyanı Yaxın Şərqdən sıxışdırıb-çıxarmaq planı mövcuddur. Ən azı, buna cəhd olunur. Digər tərəfdən, Moskvanı Yaxın Şərqdən çıxarmaq üçün onun həm də o regiona yolunu bağlamaq lazımdır. Həmin yol isə Qafqaz üzərindən keçir. Məntiqlə başa düşürük ki, bütün loqistika, daşınmalar iki yolla həyata keçirilə bilər. Birincisi, Şimal-Cənub dəhlizinin bir qanadı sayılan Azərbaycan-Rusiya dəmir yolu vasitəsilə İran üzərindən, digər tərəfdən, Gürcüstan üzərindən... Gürcüstan üzərindən keçməli olan dəmiryolunun bir hissəsi Abxaziyadan keçir. Təsadüfi deyil ki, İvanişvili parlament seçkiləri ərəfəsində Abxaziyaya müəyyən reveranslar edirdi. Həmin plan pozuldu, Abxaziyada hakimiyyət dəyişdirildi və indi o proses Gürcüstanda baş verir. Bundan sonra, əlbəttə ki, Rusiyanın Yaxın Şərqdəki mövqeləri ciddi şəkildə zəifləyib. Bunun əlamətləri görünməkdədir. Rusiya Kartusdakı hərbi dəniz bazasından öz gəmilərini çıxarır. Bu gedişlə müəyyən müddətdən sonra aviasiya da çıxarılacaq. Aviasiya elə bir sahədir ki, ona daimi xidmət lazımdır və bunun üçün lazımi infrastruktur olmalıdır. Əgər həmin infrastruktur, logistika, xidmət imkanları itirilirsə və ya məhdudlaşırsa, artıq aviasiya da effektivliyini itirir. Sözügedən mənada bu, planlı bir əməliyyata oxşayır. Azərbaycan üçün üzərindən yol məsələsi aktuallaşır və Putinin ölkəmiz üzərindən daşımalar həyata keçirmək üçün xüsusi nümayəndə təyin etməsi də buna bir işarə idi.
– Hərbi əməliyyatların səngimədiyi Suriyada Bəşər Əsəd rejiminin birdəfəlik çökmə ehtimalı nə qədərdir, sizcə?
– Bəşər Əsəd rejiminin çökmə ehtimalı kifayət qədər yüksəkdir. Məsələn, bu saatlarda (4 dekabr, səhər saat 5 radələri– S.L.) gələn məlumatlara görə, artıq Hama şəhəri də üsyançılar tərəfindən nəzarətə götürülüb. Bundan sonra Homs şəhəri də ələ keçirilərsə, bu, faktiki olaraq Əsədin nəzarətində yalnız Dəməşqin qalması deməkdir. Əlbəttə ki, bu durumda Əsəd rejimi nəzarəti itirmiş olacaq. Düzdür, İran xarici işlər naziri Seyid Abbas Əraqçinin dilindən Əsəd hökumətinin rəsmən müraciət edəcəyi halda bu dövlətin Suriyaya qoşun yeridəcəyi haqda bəyanatı səsləndi. Mən İranın bunu edəcəyini düşünmürəm – bu sadəcə olaraq bir diplomatik jestdir. İran Suriyaya qoşun yeridəcəyi halda konfliktə qoşulan bir tərəf də olacaq ki, bu da İsraildir. İsrail heç vaxt onun sərhədləri yaxınlığında – Suriya ərazisində İran qoşunlarının yerləşməsi ilə razılaşmayacaq. Bu isə bölgədə savaşın daha da alovlanması, onun miqyasının genişlənməsi ilə nəticələnəcək. Bu mənada, Bəşər Əsədin hakimiyyəti əldə saxlamaq şansları getdikcə kəskin şəkildə azalmaqdadır. Nəzərə alsaq ki, Əsəd ordusu tam olaraq mənəvi deqradasiyaya uğrayıb, kriminallaşıb, onun Rusiyadan ciddi dəstəyi yoxdur, İrandan da ciddi dəstək görünmür – belə olduğu halda, əlbəttə, Əsəd rejiminin çökmə ehtimalı çox yüksəkdir. Çökəcəkmi? Bunu zaman göstərəcək. Hazırda hər şey Əsəd rejiminə qarşı mübarizə aparan qruplaşmaların öz arasındakı münasibətdən asılı olacaq. Həmin qruplaşmalar da, bildiyimiz kimi, müxtəlif yerlərə bağlıdırlar. Yəni bir koalision qərar varsa, yüksək ehtimalla, Əsəd rejimi çökəcəkdir. Görürük ki, dünənədək Əsədə qarşı loyallıq göstərən “YPG” kürd yaraqlıları da bu rejimə qarşı hücuma keçiblər. Yayılan son məlumatlara görə, həmin qruplaşmalara ABŞ aviasiyası da dəstək verməkdədir. Bax, bu rakursdan yanaşdıqda, əlbəttə ki, Bəşər Əsəd rejiminin çökəcəyi istisna edilmir...
– Bəşər Əsədin, guya, dolayı kanallarla İsraildən dəstək istəməsi haqda bəzi ərəb kanallarının yaydığı informasiyaları nə dərəcədə reallığa uyğun hesab edirsiniz?
– Yox, bu, inandırıcı deyil. Bəşər Əsəd özü də yaxşı bilir ki, İsrail ona heç bir dəstək verə bilməz. Hesab edirəm, bu daha çox dezinformasiyadır və o məlumatı Əsədi bir az da nüfuzdan salmaq üçün yayıblar. Əsədin nə İsraildən dəstək istəməsi inandırcı görünür, nə də İsrailin ona dəstək verə bilməsi...
– Əgər Suriyada Əsəd rejimi çökərsə bu Rusiya lideri Vladimir Putini Ukraynaya qarşı savaşda daha da aqressivləşdirəcək, yoxsa?..
– Yaxın Şərqdə və Cənubi Qafqazda mövqelərini itirən Rusiya üçün Qara dəniz hövzəsi yeganə ümid yeri olacaq. Nəzərə alsaq ki, Moskva faktiki olaraq Abxaziyada da mövqelərini itirmək üzrədir. Belə olduğu halda, əlbəttə ki, Rusiya bütün gücünü toplayaraq Ukraynada uğur qazanmağa çalışacaq. Bu isə o deməkdir ki, Putin bir qədər də aqressivləşəcək, ola bilsin, indiyədək istifadə etmədiyi silahlardan da istifadə edəcək. Rusiyanın öz ordusu da elə bir vəziyyətdə deyil ki, o, ciddi uğurlar əldə etsin. Təbii, dağıdıcı əməliyyatlar aparacaqlar, yenə şəhərləri dron, raket atəşi və aviasiya bombardmanına məruz qoyacaq. Məncə, bütün bunlar Kremlə həmişəki kimi sırf hərbi mənada uğur gətirməyəcək...
– Maraqlıdır, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Suriya və Gürcüstan problemlərinə münasibəti necədir? Əgər o rəsmən vəzifə başına keçincə hər iki ölkədəki məsələlər həllini tapmazsa, onlara qarşı necə mövqe nümayiş etdirəcək?
– Açığı, mən son günlər Trampın bu mövzularda açıqlamalarına rast gəlməmişəm. Nə Gürcüstan, nə də Suriya ilə bağlı. Belə görünür, Tramp yaxşı anlayır ki, onun Ağ evdə real hakimiyyətə gəlişinə qədər, yəni yanvarın sonlarınadək bu məsələlərin həlli nəzərdə tutulub. Bu da onun üçün əlverişli variantdır. Ən azı, həmin problemlərlə məşğul olmağa ehtiyac qalmayacaq. Əgər deyilən müddətdə bu proses baş tutmazsa, tamamlanmazsa, hər şey Trampın Moskva ilə münasibətlərindən asılı olacaq. Əgər Kremllə, indiki halda Putinlə Tramp arasında ortaq bir mövqe tapılacaqsa, Tramp o məsələlərdə güzəştə gedə bilər. Suriya məsələsində olmasa da, Gürcüstanda güzəştə gedə bilər. Suriya məsələsi İsrail üçün də, eləcə də Yaxın Şərqdəki ABŞ müttəfiqləri üçün də önəmlidir. Ona görə də, heç bir halda bu məsələdə güzəştə getməyəcək. Trampın Ağ evə gəlişinə qədər ay yarım qalsa da, proseslər çox sürətlə gedir. Hər halda yaxın 20 gündə, vəziyyət yekunlaşacaq.