Rusiya artıq bizim üçün təhlükə deyil - Zərdüşt Əlizadə

10:11 07.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi şərhçi Zərdüşt Əlizadə ilə hafta.az üçün budəfəki söhbətimizdə mayın 9-da hazırda Ukraynanın ədalətsiz və amansız işğalını davam etdirən Rusiyanın paytaxtında faşizm üzərində qələbənin 80 illiyinə həsr edilmiş parad, bəzi ölkələrin həmin parada gəlməkdən imtina etməsi, yekun nəticədə “Böyük Vətən müharibəsi”nin əsil qalibinin bu gün parçalanmış SSRİ-dən sonra çökməkdə olan Rusiya, yoxsa inkişaf etməkdə olan vahid Almaniya olması, son günlər Kremlin yenə də Azərbaycana qarşı qəribə siyasi gedişləri və onların səbəbləri, Pakistanla Hindistan arasında artıq lokal hərbi toqquşmalara çevrilmiş və insan itkiləri, dağıntılarla nəticələnmiş gərginliyin sonu və s. mövzulardan bəhs etdik.

-Zərdüşt bəy, mayın -9-da hazırda Ukraynanın ədalətsiz və amansız işğalını davam etdirən Rusiyanın paytaxtında faşizm üzərində qələbənin 80 illiyi qeyd edilməlidir. Sizcə, Moskvada Putinin paradı baş tutacaqmı?

- Hesab edirəm ki, Putin yenə də 9 may paradını keçirə biləcək. Tribunalar qurulacaq, hərbçilər, texnikalar keçəcək, alqışlar səslənəcək və s.

-1945-ci ildə Rusiya imperiyasının cildini dəyişmiş SSRİ forması əsasən digər xalqların, o cümlədən Azərbaycan xalqının və onun neftinin hesabına Hitler faşizminin hərb maşınını məhv edərək faşist Almaniyasına hərbi baxımdan qalib gəldi. Fəqət, bundan sonra cəmi 46 il ömür sürən SSRİ-nin iqtisadiyyatı çökdü və o dağıldı. Hazırda onun xələfi Rusiyanın durumu isə ümumi göstəricilərə görə 1950-ci illər səviyyəsindən də aşağıdır. Müharibədə uduzmuş, parçalanmış Almaniyanın isə qərb hissəsi sürətlə inkişaf etdi, yüksək iqtisadi, texnoloji göstəricilər əldə etdi. Nəhayət, SSRİ dağılandan sonra parçalanmış Almaniya birləşdi. Belə çıxmırmı ki, yekunda qalib SSRİ - Rusiya yox, Almaniya oldu?

-Xeyr. Tarix bir növ hadisələrin silsiləsidir. 1945-ci ildə İkinci Dünya müharibəsi qurtardı. Qaliblər - SSRİ, Böyük Britaniya, ABŞ, sonra Fransanı da saldılar o qaliblər sırasına. Eyni zamanda sadalananların müttəfiqlərini. Qələbə nəticəsində SSRİ-nin siyasi nüfuz dairəsi genişləndi və bütün Şərqi Avropanı əhatə elədi. Ondan sonra SSRİ güclü inkişaf etdi və artıq dünya sosialist sistemi formalaşdı. Qalib SSRİ idi. Bunun ardınca bu dövlət güclü inkişaf etməyə başladı. Təhsili, elmi, sənayesi... Artıq SSRİ atom silahına yiyələndi, raket sənayesini inkişaf etdirdi. Kosmosa ilk peyki SSRİ buraxdı, ilk kosmonavtı SSRİ yolladı. Xalq nikbin bir ruhda idi... Amma eyni zamanda hakim zümrəyə kommunizm ideyasına yox, öz xeyrinə, cibinə sadiq adamlar daxil olmağa başladı və tədricən sovet bürokratiyası öz mahiyyətini dəyişdi. Nəticə isə o oldu ki, SSRİ Xruşov, Brejnev dövründə və sonrakı dövrdə həm ideoloji, həm siyasi, həm də iqtisadi cəhətdən tənəzzülə uğramağa başladı. Düzdü, SSRİ dağılarkən Almaniyanın iki hissəsi birləşdi və inkişaf etdi. Buna rəğmən hazırda Almaniyanın özü də dərin böhran içərisindədir: siyasi, iqtisadi, demoqrafik böhran və s. Məsələ o həddə çatıb ki, ifrat sağçı “Almaniya üçün Alternativ Partiyası” ölkədə ən populyar partiyadır, artıq sosial-demokratları da ötüblər. Bir aydan sonra seçki keçirilsə, ifrat sağçı partiya hakimiyyətə gələcək... Bundan əlavə, ölkə iqtisadiyyatı da ABŞ-dan və Fransadan asılıdır... Odur ki, bu gün Almaniya da bəxtəvər yaşamır... Amma bəli, SSRİ dağıldıqdan sonra Rusiyanın özü də xüsusən Putinin 25 illik hakimiyyəti dövründə hərtərəfli dərin böhran içərisindədir... Artıq rus xalqı düşünə, öz mövqeyini ifadə edə bilmir.

-Son günlər Rusiya yenə də Azərbaycana qarşı qəribə siyasi gedişlər etməyə başlayıb. Bir yandan Vladimir Putin Prezident İlham Əliyevi Moskvaya - 9 may paradına dəvət edir, bir yandan Rusiya patriarxı Kirill Bakıya gəlir, Azərbaycanı müqəddəs məkan adlandırır, digər yandan isə Rusiyaya Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlərə yollanan Milli Məclis deputatını deport edərək geri göndərir... Hələ Azərbaycan sərnişin təyyarəsinin üzərindən artıq 5 aydan çox vaxt keçən 25 dekabr faciəsi müqabilində Kremlin rəsmi Bakının, demək olar ki, heç bir tələbini yerinə yetirməməsindən danışmırıq... Rusiyanın bu gedişlərini necə dəyərləndirirsiz?

-Bilirsiz, bütün iri, kolonialist dövlətlər özlərindən asılı saydığı dövlətlərlə bağlı siyasətlərində iki üsula üstünlük verirlər: kökə və qamçı... Kremlin bu siyasətə keçməsi onu göstərir ki, Rusiyanın keçmişdəki kimi Azərbaycana qarşı amiranə siyasəti məhdudlaşıb. Ona görə Moskva hərdən çalışır ki, Bakıya xoş söz desin, hərdən də hansısa təzyiq vasitələrinə əl atmağa cəhd göstərir. Amma dərindən təhlil edəndə Rusiyanın Azərbaycanı birbaşa təzyiq altında saxlaması üçün yeganə təsirli silahı Qarabağ münaqişəsi idi. Yəni “Qarabağdakı separatçı qurumu tanıyaram”, “Ermənistana hərbi yardımı artıraram”, “Özüm Azərbaycana qarşı müharibəyə qoşularam” və s. kimi təhdidlər vaxtilə rəsmi Bakının siyasətinə çox təsir göstərirdi. Amma 2020-2023-cü illər ərzində aparılmış döyüşlərdən və Qarabağdakı ermənilər oradan Ermənistana köçdükdən sonra bütün bu kimi vasitələr, təzyiq üsulları Kremlin əlindən çıxdı. Odur ki, hazırda Rusiyanın birbaşa Azərbaycana hücum etməsi üçün nə siyasi, nə hərbi gücü var. Hətta deyərdim ki, heç maliyyə imkanı da yoxdur. Düzdü, Ukraynadakı hərbi qüvvəsinin bir hissəsini Cənubi Qafqaza gətirə bilsə, bu, böyük fəsadlara səbəb ola bilər. Amma axı Kreml hələ Ukraynada qarşısına qoyduğu heç bir işğalçı vəzifəni yerinə yetirməyib. Yəni indiki durumda Rusiyanın Ukraynadan bir hərbçi, bir texnikanı da uzaqlaşdırmaq imkanı yoxdur...

- Kreml rəsmi səviyyədə qonşu Estoniyanı hədələyir, ondan əvvəl dolayısıyla digər qonşusu Qazaxıstana söz atıb. “Avrasiyaçı-filosof” Aleksandr Duqin isə hesab edir ki, Rusiya “koreyalılar tükənənə qədər” tam səfərbərlik elan etməlidir. Bəzi şərhçilər belə qənaətə gəlir ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, digər postsovet respublikalarını da birbaşa özünə tabe etdirməyə, əks halda hərbi yolla işğal etməyə çalışacaq...

- Əvvəla, Ukraynada qalib gələ bilməyəcəklər. İkincisi də, digər respublikalara qarşı da heç nə edə bilməyəcəklər. Çünki Rusiyanın özü ağır iqtisadi durumdadır və dünya güclərində asılıdır, deyərdim ki, artıq hətta regional dövlət statusunu da tədricən itirməkdədir. Elmləri yox, texnologiyaları yox, yalnız xammal hesabına, təbii neft, qaz hesabına yaşayan bir dövlətdir.
Artıq Rusiyadan bizə heç bir təhlükə yoxdur. Tarixin öz inkişaf qayda-qanunları var və onları dəyişmək mümkün deyil...

- Zərdüşt bəy, Pakistanla Hindistan arasında artıq lokal hərbi toqquşmalara çevrilmiş və insan itkiləri, dağıntılarla nəticələnmiş gərginliyin sonunu necə görürsüz?

- Hindistanın baş naziri Narendra Modi induist faşistidir. O, qeyri-dinlərə, qeyri-xalqlara nifrət edir. Modi katoliklərə də, müsəlmanlara da nifrət edir. Hindistanda 250 milyon müsəlman yaşamasına rəğmən onlara qarşı mütəmadi olaraq ayrı-seçkilik siyasəti yürüdülür. İndi də Modi Kəşmirdəki qeyri-müəyyən və gərgin vəziyyətdən istifadə edərək Pakistana qarşı hərbi əməliyyatlara başlayıb. Mövcud dünyada belə şeylər olur. Kəşmirdəki terror aktından da Modi udur və hələlik Pakistana gedən suları birdəfəlik kəsməklə hədələyir. Artıq hərbi qarşıdurma başlayıb, qarşılıqlı olaraq raketlər, təyyarələr işə düşüb, hər iki tərəfdə canlı itkilər və dağıntılar var. Tərəflərin müxtəlif təhdidlər dolu bəyanatları səslənir. Bununla belə, zənnimcə, hər iki ölkənin- həm Pakistanın, həm də Hindistanın atom silahının olduğunu və hər bir rəhbərin, hər bir xalqın ölmək istəmədiyini, canın şirin olduğunu nəzərə alsaq, az sonra tərəflər sakitləşəcək. Təsəvvür edin ki, Hindistanın 1 milyard yarıma yaxın, Pakistanın isə 250 milyona yaxın əhalisi var. Nüvə müharibəsinin başlanması nəinki hər iki ölkədə, eləcə də qonşu və yaxın ölkələrdə on milyonlarla insan itkiləri və xəstəlikləri ilə nəticələnə bilər. Baxın, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında sadəcə bir qəza Ukraynaya, Belarusa, Rusiyaya və s. nə qədər zərərlər vurdu, kütləvi insan itkiləri baş verdi, ömürlük xəstəliklər baş qaldırdı. İndiyədək qəzanın olduğu məkanın ətrafında yüz kvadrat kilometrlərlə ərazidə yalnız heyvanlar yaşayır, oralarda insan yaşayışı mümkün deyil. 1945-ci ildə yalnız iki şəhərə- Xirosima və Naqasakiyə atılmış kiçik 20 kilotonluq atom bombaları yüz minlərlə insan itkisinə səbəb oldu və onların fəsadlarını yaponlar bu günədək öz orqanizmlərində hiss edirlər. Təsəvvür edin ki, Hindistanla Pakistan hər ikisi öz arsenalındakı bütün nüvə rakelərini işlətsə, həmin ölkələrdə və regionda nələr baş verər?
Hindistan və Pakistan, demək olar ki, eyni xalqlardır-sadəcə imperiyalar tarixən onları dini əsasla iki hissəyə bölüblər. Hazırda planetdə közərən əksər münaqişələr məhz imperializm siyasətinin bəhrələridir...