Rusiya rəsmi Bakının AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı tutarlı arqumentlərinə, “Rus evi”nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlara özünəməxsus şəkildə cavab verməyə başlayıb. Qarşı tərəf ənənəvi olaraq ölkəmizi oradakı diasporumuza qarşı təzyiqlərin olacağı ilə təhdid edir. Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və digər bu kimi iddialarla çıxış edib. Belə bir fonda Rusiya-Azərbaycan arasında yaranan gərginliyin iqtisadi təsirləri və əhəmiyyəti məsələsi önə çıxır. Müsahibimiz iqtisadçı Natiq Cəfərli danışır.
- Bugünkü məlum münasibətlər fonunda Rusiyanın Azərbaycana qarşı iqtisadi şantaj imkanlari nə qədərdir və hansı sahələrdə özünü göstərə bilər?
- Azərbaycanla Rusiya arasında Kremldən qaynaqlanan gərginliyin nə qədər davam etməsindən asılı olmayaraq, rəsmi Bakı iki önəmli məsələdə proqram hazırlayıb, bunu münasibətlərin gələcəyindən asılı olmadan həyata keçirməlidir.
Əvvəla, qeyd edək ki, Azərbaycan nədən çəkinirsə, Moskva o sahədə təzyiq yaratmağa çalışır və çalışacaq. Biz nə qədər miqrant və aqrar sektor məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələləri təhlükə kimi görəcəyiksə, Kreml məhz o məsələləri qabardacaq. Deməli, məntiqlə, bu iki məsələni birdəfəlik həll etməliyik ki, nə bu gün, nə də sabah bu sahədə təzyiqlə üzləşməyək.
- İndiki məlum səraitdə Rusiyanın Azərbaycanla iqtisadi munasibətləri gərginləsdirməsilə Azərbaycanın “gözünü qorxutmaq” mümkündürmü və bu, hansı effekti verə bilər?
- Əvvəl iqtisadi rəqəmlərə baxaq: 2024-cü ildə Azərbaycan Rusiyaya 1 milyard 178 milyon dollarlıq mal-məhsul ixrac edib ki, bu da bizim ümumi ixracımızın cəmi 4,4%-ni təşkil edir. Rusiya isə keçən il Azərbaycana 3 milyard 621 milyon dollarlıq mal satıb. Yəni, Rusiya bizdən 2 milyad 443 milyon dollar qazanıb. Deməli, Rusiya daha çox itirəcək. Bu o demək deyil ki, biz də 1,2 milyard dollara yaxın mal satdığımız bazardan asılı qalmalıyıq. Şərait olsa, bizim millət o pomidoru ərəblərə də satacaq.
İkinci məsələ miqrant məsələsidir. Hökumət də, bizim media da bu məsələni təhdid kimi görür, əslində isə bu fürsətdir. Sadəcə, hökumət işləməli, qayıtmaq istəyənlərə qapıları açıb onlara iş qurması, biznes yaratması üçün şəraiti yaxşılaşdırılmalıdır. Qarabağa və Şərqi Zəngəzura bir milyon insan köçürməliyik. Gedən azdır, Bakıya öyrəşənlər, əsasən də gənc nəsil getmək istəmir. Deməli, Rusiyadan qayıdıb orada yaşamaq istəyənlərə elə gözəl şərait yaradılmalıdır ki, gəlsinlər, qalsınlar, yaşasınlar və yaşatsınlar. Eləcə də Azərbaycan miqrant və bazar məsələsini təhdid kimi görüb davranmasa və buna uyğun planı-proqramı olsa, Rusiyanın təzyiq alətlərini neytrallaşdırmaq mümkündür.
- Rusiya deputatları orada azərbaycanlı milyarderlərin hədəfə gətirilməsi təkliflərini verib. Bu, nə dərəcədə realdır?
- Rusiya tərəfinin Azərbaycan milyarderləri ilə bağlı açıqlaması absurddur. Onların etnik mənsubiyyəti önəmli deyil. Onlar Rusiya vətəndaşlarıdır və bu ölkənin qanunlarına görə yaşayırlar. Yəni Rusiya deputatlarının azərbaycanlı milyarderlərlə bağlı açıqlaması narsist açıqlamadır. Biznesə milliyyətə görə təklifin irəli sürülməsi qəbuledilməzdir və Rusiya tərəfinin iç üzünü göstərir.
Rusiyalı deputatın azərbaycanlı iş adamlarına qaşı aqressiyası professional, ciddi qəbul edilə bilməz. Onların hədəfə aldığı azərbaycanlı iş adamları uzun illərdir, Rusiya vətəndaşı kimi Rusiyada çalışır və vergi ödəyirlər. Onların etnik mənsubiyyətinin iqtisadi münasibətlərə heç bir təsir olmamalıdır. Əgər bundan istifadə edəcəklərsə, bu, Rusiya üçün digər problemlər yarada bilər. Rus olmayan digər etnik mənsubiyyətli iş adamları özlərinə qarşı bunu bir təhdid kimi görəcəklər.