Sanksiyalardan sonra Hindistana neft ixracını rekord həddə çatdıran Rusiya satdığı neftin pulunu ala bilmir.
Hafta.az-ın yazdığına görə, Hindistanda keçirilən G20 sammitindən sonra açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya neft ixracatçılarının Hindistandan böyük məbləğdə debitor borcunun olması ilə bağlı iddiaları təsdiqləyib.
“Reuters” Rusiyanın Hindistana satdığı neftin müqabilində alacağı məbləğin 40 milyard dollara yaxın olduğunu iddia edib.
Bu ölkədən neft ixracatçılarının debitor borcları ilə bağlı lazımi araşdırmaların aparıldığını bildirən Lavrov, “Hindistanlı həmkarlarımız bizə bu pulla investisiya qoya biləcəyimiz perspektivli sahələr təklif edəcəklərini söz verdilər” deyib.
Sergey Lavrov Rusiyanın Hindistandan nə qədər alacağı ilə bağlı heç bir məlumat verməyib. Ekspertlər bu vəziyyətin Rusiyanın ziyanına olduğunu şərh edirlər.
Rusiyanın Hindistana nefti güzəştli qiymətlə satdığını, lakin sanksiyalara görə neftin pulunu ölkədən çıxara bilmədiyini bildirən Rusiyanın aparıcı iqtisadiyyat professorlarından İqor Lipsits, Moskvanın bu pulu yenidən investisiya etməli olacağını bildirib.
Hindistanda keçirilən G20 sammitindən sonra verilən açıqlamalarda Rusiya ilə Hindistan arasında yerli valyuta ilə ticarətin həcminin artırılacağı bildirilib.