Sanksiyaların tətbiqindən sonra ABŞ-la Rusiya arasında ticarət dövriyyəsi azalaraq tarixi minimuma enib.
Hafta.az-ın RBK-ya istinadən yazdığına görə, iki ölkə arasında ticarət dövriyyəsi sanksiyaların tətbiqindən bəri 11 dəfə azalaraq iyulda 277 milyon dollar olub. İki ölkə arasında yalnız üç ticarət kanalı qalıb: Nüvə yanacağı, gübrə və platin qrupu metalları.
Rusiyanın ABŞ-a ixracı ticarət dövriyyəsinin 90 faizini təşkil etdiyi halda, iyulda ABŞ-dan ixrac 36 milyon dollara qədər azalıb.
Bu ilin yeddi ayında ABŞ Rusiyadan 3 milyard dollar dəyərində mal idxal edib ki, bunun da 2,5 milyard dolları yuxarıda qeyd edilən üç qrupdan daxil olub. Nüvə yanacağı, mineral gübrələr və platin qrupu metalları Rusiya nefti və neft məhsulları, almaz və dəniz məhsullarından fərqli olaraq ABŞ sanksiyalarına məruz qalmayıb. Rusiyadan polad, bəzi alüminium məmulatları, rezin və taxta idxalına da 35 faiz gömrük rüsumu tətbiq edilib. Rusiyadan ABŞ-a qara metal idxalı demək olar ki, sıfıra düşüb.
Qeyd edək ki, ABŞ 2021-ci ildə Rusiyanın ən böyük ticarət tərəfdaşları arasında beşinci yeri tutub.