Rusiya, Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Əbdülcəmil Krımoğlunun yarımadaya giriş yasağını 2034-cü ilədək uzadıb.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı vəkil Nikolay Polozov, Facebook səhifəsində paylaşıb. Onun sözlərinə görə, Krımın Armyansk şəhərində keçirilən məhkəmədə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) tatarların liderinin Krıma girişinin 5 mart 2019-cu ildə 15 il müddətinə yasaq olunması haqqında qərar verdiyi bilinib. Bu da son müddətin 2034-cü ilə təsadüf etdiyini göstərir.

Krımoğlu özü isə bildirib ki, qərarın real yaşam gücü yoxdur və onun üçün heç bir hüquqi əsas daşımır: "Çünki 2034-cü ildə nə mən mövcud olacağam, nə də işğal. Deyəsən onların fikri meyidimin belə Krıma girməsinin qarşısını almaqdır. Sovetlər zamanında da beləydi, bir məhkum həbsdə öldükdə, cəza müddəti başa çatınca cəsədini ailəsinə vermirdilər".
Rusiyanın qərarına Ukrayna Xarici işlər nazirinin müavini Əminə Ceppar sərt mövqe bildirib. Deyib ki, Krım tatar türk xalqının milli lideri olan Mustafa Əbdülcəmil Krımoğlunun yarımadaya giriş yasağının 2034-cü ilədək uzadılmasına dair qərar beynəlxalq qanunlara ziddir. O, Twitter səhifəsində yazıb ki, mövcud qərar Rusiyanın işğal siyasətinin hüdudsuz olduğunu göstərir.
"Krımdakı rus işğalçılar yarımadanın tatar-türk xalqının milli lideri Krımoğlundan o qədər qorxurlar ki, vətəninə girişini 2034-cü ilədək qadağan ediblər", - yazıb Ə.Ceppar.
Xatırladaq ki, Rusiya, Krımı 2014-cü ildə qanunsuz şəkildə işğal və ilhaq edib. Ruslar eyni zamanda, Krım tatarları arasında potansial təhlükə hesab etdikləri vətəndaşları həbsə atıb, milli liderləri, o cümlədən Krımoğlunun yarımadaya girişini yasaqlayıblar.
Qeyd edək ki, Mustafa Əbdülcəmil Krımoğlu ilə yanaşı, Krım Tatar Milli Məclisinin sədri Refat Çubarova da yarımadaya giriş qadağası qoyulub. Krım Tatar Milli Məclisinin fəaliyyəti isə, "aşırı millətçi təşkilat" adlandırılaraq dayandırılıb, Məclislə əlaqəsi olan 2500 tatar və yaxınları radikal təşkilatın üzvü kimi nəzarətdə saxlanılır.
Rusiyanın təqiblərindən qurtulmaq üçün minlərlə krımlı tatar vətəni tərk eləmək məcburiyyətində qalıb. Hazırda da Krım tatarlarının evlərinə, camelərə, məktəb və bağçalara edilən hücumlarla "terror təşkilatına üzv olma" ittihamları ilə həbslər davam edir.