Rusiya müdafiə sənayesi böhranda – MAAŞLAR AZALDI

10:33 24.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın tammiqyaslı işğalından sonra Rusiya ilk dəfə olaraq hərbi sənaye kompleksi müəssisələrində maaşları azaltmağa başlayıb.

Hafta.az “Korrespondent” nəşrinə istinadla yazır ki, bu barədə çərşənbə axşamı, sentyabrın 23-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Qeyd olunur ki, Rusiya müdafiə zavodlarında əməkhaqqının artımı 2022-ci ildə pik həddə çatıb. Həmin vaxt Rusiya hökuməti silahlar üçün dövlət müdafiə satınalmalarını kəskin şəkildə artırıb və bu, yeni kadrların işə götürülməsini tələb edirdi.

"Lakin yeni adamların işə götürülməsi və iş vaxtından artıq işləmək hesabına silah istehsalını artırmaq imkanı artıq tükənib. Kremlin bütün səylərinə baxmayaraq, müdafiə sənayesi müəssisələri artıq istehsalı artıra bilmir", - Mərkəz qeyd edir.

Rusiya iqtisadiyyatındakı böhranın hərbi istehsala da təsir etdiyi vurğulanır. Rusiya dövlətinin artıq bütün müdafiə müəssisələrinə büdcə vəsaiti yeritmək imkanı yoxdur və istehsalın genişləndirilməsi üçün vacib olan kreditlərə çıxış yüksək faiz dərəcələrinə görə məhduddur. Strateji İnkişaf Mərkəzi qeyd edib ki, Rusiya təbliğatının Rusiya iqtisadiyyatının müharibə və sanksiyalar şəraitində uğurla inkişaf edə biləcəyini sübut etmək cəhdlərinə baxmayaraq, reallıqda hətta Kreml tərəfindən fəal dəstəklənən müdafiə sənayesi müəssisələri də artıq problemlər yaşayır.

Bir müddət əvvəl Rusiyanın Nepal, Banqladeş və Vyetnamdan miqrant işçiləri işə cəlb etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmağa çalışacağı haqda xəbərlər yayılmışdı.

Sultan Laçın