Rusiya nefti üçün tavan qiyməti - Neft bazarını nə gözləyir?

11:00 08.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, “G-7” ölkələri, Avstriya və Avropa İttifaqı Rusiya neftinə qiymət tavanı barədə birgə qərar qəbul ediblər. Dekabrın 5-dən etibarən həm qiymət tavanı, həm də Avropa İttifaqının Rusiyadan neft alışının qadağan olunmasını nəzərdə tutan qərarı qüvvəyə minib.

Qeyd edək ki, Rusiya neftinə qiymət tavanı olaraq 1 barel üçün 60 dollar müəyyənləşdirilib. Qərara əsasən neft bazar qiymətindən azı 5 faiz ucuz alınmalıdır. Bazar qiyməti Beynəlxalq Enerji Agentliyinin məlumatları əsasında hesablanacaq. 2023-cü il yanvarın ortalarından başlayaraq Avropa İttifaqı bazardakı dəyişiklikləri nəzərə alaraq hər iki aydan bir qiymət məhdudiyyəti mexanizminə yenidən baxacaq.

Avropa İttifaqının 6-cı sanksiya paketinə əsasən üzv ölkələr Rusiyadan dəniz yolu ilə daşınan neft və neft məhsullarının alışını dayandırırlar. Bundan əlavə, tavandan yuxarı qiymətə alınan Rusiya neftinin daşınması, onun sığortalanması, broker və maliyyə xidmətlərinin təqdim olunması da qadağan edilir.

ABŞ Xəzinədarlığı da öz növbəsində Rusiya Federasiyasından neftin qiymətinin 60 dollar səviyyəsində məhdudlaşdırılmasını Rusiyanın dünya bazarlarına neft satmağa davam etməsi üçün kifayət hesab edib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin bu qərarına rəsmi Moskvanın cavabı gecikməyib. Belə ki, Aİ ölkələrinin Rusiyadan daşınan neftə 60 dollarlıq tavan qiymət tətbiq etməsi barədə razılaşmaya münasibət bildirərkən Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, neft hasilatımızı azaltmalı olsaq belə, yalnız bizimlə bazar şərtləri ilə işləyən ölkələrə neft və neft məhsullarını satacağıq.

O, ölkəsinin bazar şərtlərinə uyğun olaraq neft satmağa davam edəcəyini vurğulayıb: “Tavan qiyməti tətbiqi bazar qaydalarını pozur. Rusiya hökuməti bu qərarın bazara zidd, səmərəsiz və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarının əksinə olduğunu dəfələrlə vurğulayıb. Biz tavanı qiymət tətbiqinin qeyri-sabitliyə, enerji qıtlığına səbəb ola biləcəyini düşünürük”.

Bəs, görəsən, Avropa İttifaqı ölkələrinin Rusiyadan daşınan neftə 60 dollarlıq tavan qiymət tətbiq etməsi birjalara necə təsir göstərəcək? Neftin qiyməti dəyişəcəkmi? Ümumiyyətlə, dünyada Rusiya neftini əvəzləyəcək hansı mənbələr var? Bu qərardan sonra Azərbaycanı nə gözləyir?

Məsələni qəzetimizə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, Rusiya nefti üçün qiymət həddi tətbiqinin bazarlara təsiri olacaq: "Təbii ki, ilk təsir emosional faktorlardan qaynaqlanacaq. Çünki bu hadisəni alovlandıran hər iki tərəfin, yəni bu qərarı verən ölkələr və Rusiyanın bir birinə zidd səsləndirdikləri fikirlər olacaq. Qərar faktiki olaraq cümə günü dünya birjaları bağlandığı zamana təsadüf etdiyindən biz onun təzahürlərini elə də hiss etmədik. Amma elektron hərraclarda cümə günu neft qiymətlərinin nəzərə çapmayacaq dərəcədə aşağı enməsini müşahidə edirdik: "Brent" markalı neftinin fevral fyuçersləri 85,5 dollar ətrafında ticarət edilib. Digər tərəfdən, ABŞ Maliyyə nazirliyinin açıqlanan məlumatında bildirilib ki, Rusiya yuxarı hədd qiymətini keçməmək şərti ilə qlobal bazarlarda neft tədarükçüsü kimi iştirak edə bilər. Onu da qeyd edim ki, noyabr ayı üçün Urals markalı neftin orta satış qiyməti Rusiya Maliyyə nazirliyinin açıqlamasına görə, 66,47 dollar təşkil edib. Amma noyabrda Rusiya neftinin ən ucuz partiyası 52 dollara satılıb. Yəni bu statistikadan çıxış etsək, Qərbin Rusiya neftinə qarşı atdığı son qadağa bazarda bərqərar olmuş vəziyyətin hüquqi müstəviyə keçirilməsidir. Məqsəd isə həm də Rusiyanın neft hasilatını azaltmağa vadar etməkdir”.

Ekspert qeyd edib ki, hazırda qlobal bazarda Rusiyanı əvəzləyəcək kifayət qədər oyuncular var: “Təbii ki, qlobal bazarda xüsusi çəkisi azalacaq Rusiyanın yerini digər oyunçular tutmalıdır. Bir məsələ də var ki, qazdan fərqli olaraq neftdə buna nail olmaq daha az müddət tələb edir. Bu oyuncular ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Liviya və Venesueladır. Onların nefti Rusiya neftinin itirilmiş həcmlərini əvəz edə bilər".

Mövcud vəziyyətin Azərbaycana təsirlərinə gəlincə isə ekspert qeyd edib ki, bizim bazara çıxardığımız neftin qiyməti beynəlxalq birjalarda müəyyən edilmir: "Azərbaycan qlobal bazara təsir etmək iqtidarında deyil. Azərbaycan nefti "Brent"in gündəlik spot qiymətini rəhbər tutur. Amma Azərbaycan neftinin qiyməti "Brent" markalı neftinin qiymətlərini üstələyə bilər, çünki Avropada "Urals" markalı neftinin satış həcmi azaldıqda yüngül neft markalarına ilk dövrdə tələbat artmalıdır. Burada söhbət Türkiyə vasitəsilə dünya bazarına çıxardığımız "Ceyhan BTC Blend" markalı neftindən gedir. Digər tərəfdən, gələn həftə əvvəli neft qiymətlərinə təsir edəcək daha bir hadisəni müşahidə edəcəyik. Belə ki, OPEC+ çərçivəsində 2023-cü ilin yanvarından yeni kvotaların müəyyənləşdirilməsi. OPEC+ hasilatı azaltmaq haqda qərar verərsə, onda təbii ki, neft qiymətləri artıma doğru istiqamətlənəcək. Bazara əlavə neft çıxartmaq fikrində olacaqsa, biz cari ildə neftin hətta 80- dollardan aşağı qiymətə satılan partiyaları ilə də üzləşə bilərik".

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib ki, hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da, birjalarda qiymət dəyişib: "Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da, dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu, son 4 gündə neftin qiymətində 8.0 faizdən çox azalmanın olması anlamına gəlir”.

O bildirib ki, Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib: "Saudi Aramco yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, the Saudi isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir. Çin karantin qaydalarını yumşaltsa da, "Sıfır kovid” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

Oxunma sayı 1975