Rusiyada aparılan yeni bir araşdırma, hər 10 nəfərdən birinin dərin depressiyanın məngənəsində olduğunu ortaya qoyub. Bu göstərici 15 milyon insan deməkdir.
Hafta.az-ın yazdığına görə, Strateji Təşəbbüslər Agentliyinin (ASİ) 40 min nəfərin iştirakı ilə apardığı araşdırma zamanı bəlli olub ki, dərin depressiyanın əsas səbəbləri uzunmüddətli xəstəliklər, kredit borcu, məişət zorakılığı və digər sosial problemlərdir.
ASİ analitikləri ölkədə 700 min vətəndaşın məişət zorakılığından əziyyət çəkdiyinə də diqqət çəkib.
“Veçernya Moskva” qəzetinə danışan həkim Nadejda Çernışova xəbərdarlıq edir ki, payızın gəlişi ilə birlikdə stresslə yanaşı, ağciyər və ürək-damar xəstəliklərinin də şiddəti artacaq.
Çernışova payızda yaranan psixi xəstəliklər arasında manik-depressiv psixoz, şizofreniya və depressiyanı qeyd edib.