Rusiyanın beynəlxalq ehtiyatları (IRR) may ayında 11,6 milyard dollar azalaraq 584,2 milyard dollar səviyyəsinə enib.
Hafta.az-ın yazdığına görə, Rusiya ən çox valyuta ehtiyyatlarına malik ölkələrin siyahısında dördüncü yeri Hindistana uduzub. Ən yüksək valyuta ehtiyatına malik ölkələr sıralamasında Çin 3,371 trilyon dollarla birinci, Yaponiya 1,254 trilyon dollarla ikinci, İsveçrə 886 milyard dollarla üçüncü, Hindistan isə 590,7 milyard dollarla dördüncü yerdədir. Rusiyanın isə, yuxarıda qeyd etdiyimiz kimi, 584,2 milyard dollar pul ehtiyatı var.
Bundan əlavə, Səudiyyə Ərəbistanı 442,2 milyard dollar, Honq-Konq 421 milyard dollar, Cənubi Koreya 420,98 milyard dollar, Braziliya 343,5 milyard dollar və Sinqapur 325,7 milyard dollar valyuta ehtiyatı ilə ilk onluğu tamamlayır.
Qərb, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqan sonra Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib və onun 320 milyard dollar ehtiyatı Avropa banklarında müsadirə edib.
Bundan əlavə, Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, Mərkəzi Bankın və ya onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, qurum və ya təşkilatla əməliyyatlar qadağanın əhatə dairəsinə daxildir.