Ermənistanda Rusiya əleyhinə ictimai fikir formalaşdırılması istiqamətində yeni dalğa başlayıb. Artıq Paşinyan hökumətinə yaxın adamlar Rusiyanın İrəvan üçün "yararsız ölkə" olması tezisini qabardırlar.
"Rusiyanın Ermənistandakı hərbi mövcudluğu əbədi deyil, onsuz Ermənistan Türkiyə üçün heç bir təhlükə yaratmayan qonşuya çevriləcək".
Hafta.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Qurgen Arsenyan deyib.
O, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu “dövlətçiliyin yaradılmasının ilk illəri” ilə əlaqələndirib və bildirib ki, bu mövcudluq əbədi deyil, çünki Ermənistan qonşu dövlətlərlə "mehriban qonşuluq münasibətləri" üçün platforma yaratmağa çalışır.
Arsenyan hesab edir ki, rus ordusu qala bilər, lakin bu, əhəmiyyətsiz olacaq, rus qoşunları artıq "təhdidlərə qarşı bir nömrəli maneə olmayacaq".
Deputat bildirib ki, 1990-cı illərdə Ermənistan hakimiyyəti Türkiyəni ekzistensial təhlükə, rus qoşunlarını isə ondan müdafiə kimi görürdü. Deputat iddia edir ki, “Rusiya ordusunun Türkiyə sərhədində olmasının super məqsədi Ermənistanı qorumaq funksiyası deyil, Türkiyəyə qarşı yönəlmiş təhdiddir”. Arsenyan hesab edir ki, Türkiyə müstəqilliyini tanıyandan sonra Ermənistanı heç vaxt təhdid etməyib.
O, həmçinin bəyan edib ki, Rusiya qoşunları olmasa, Ermənistan Türkiyə də daxil olmaqla, heç bir təhlükə yaratmayan ölkəyə çevriləcək. Nəticədə, onun fikrincə, Ermənistan “bu ölkəyə, eləcə də Gürcüstan və ya İrana heç bir təhlükə törətməyən qonşuya çevriləcək və bu halda Rusiya paradiqmasının təzahürlərinə son qoyulacaq”.